|
Qrunt sularının Bakının əsas probleminə çevrilməsinin səbəbi...
Son bir ayda yağan yağışlar nəticəsində paytaxtın bir sıra ərazilərini su basdı və bəzi yerlərdə hələ də su çəkilməyib. Misal olaraq, Binəqədi rayonundakı son durumu göstərmək olar. Burada həyətlərə yığılan su son çarə kimi xüsusi avadanlıqlarla çəkilərək yola axıdılıb. Bunun səbəb kimi isə yağıntı miqdarının normadan artıq olması ilə yanaşı, həm də qrunt sularının səviyyəsinin artması göstərilir. 
 
Bəs, qrunt sularının üzə çıxmasının səbəbi nədir və bununla hansı üsulla mübarizə aparmaq olar? 
 
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov musavat.com-a bildirdi ki, qrunt suları hər yerdə var, lakin üzə çıxmasının əsas səbəbi çoxmərtəbəli binalardır: “Yer üzərində olan suların iki faizi içməli sudursa, 90 faizi buzlaqlardır, 2 faizi yerin altındadır, 1 faizi də yerin üzərindəki çaylar və qrunt sularıdır. Ona görə də hər yerdə qrunt suları var. Yağan yağıntıların miqdarı yeraltı lay sularının səviyyəsini yuxarı qaldırır. İkincisi, çoxmərtəbəli binaların tikintisi zamanı onların bünövrəsi 30-40 metr dərinliyə qədər gedir və orada qrunt sularının qarşısını kəsir. Qrunt suları bir istiqamətə yönəlir və ona görə də hər yerdən su üzə çıxır, evlərin zirzəmilərini su ilə doldurur. Qrunt suları hər yerdə müxtəlif dərinlikdə olur. Məsələn, Aran zonasında qrunt suları təxminən 40-50 santimetr dərinlikdə əmələ gələ bilər. O səbəbdən Saatlı, Sabirabad və digər yerlərdə quraqlıq dövründə də əkin əkəndə yaxşı məhsul əldə etmək olur. Orada yağış yağanda çox yerlərdə qrunt sularının səviyyəsi gəlib üzə çıxır. Aran bölgəsində quraqlıq çox olduğu üçün hələ Sovet dövründən drenaj şəbəkələri qurulub, əgər orada qrunt suları artsa, bu, şoran torpağı yuyub drenaj şəbəkələri vasitəsilə dənizə tökəcək və o torpaqlardan yayda istifadə etmək olacaq”. 
 
Binəqədidə evlərin həyətindən qrunt sularının çıxmasına münasibət bildirən Telman Zeynalov bu problemin həlli yollarından da danışdı: “Bu problemin yeganə həlli yolu odur ki, dərinliyi bir-iki metr olan bir kanal qazıb, içində deşikləri olan dəmir borularla xətt çəksələr, qrunt suları o deşiklərdən boruya dolaraq kanalizasiya sisteminə ötürüləcək. Və ya rayon yeridirsə, bir anbar yaratsınlar, qrunt sularını o anbara doldursunlar, yay vaxtı quraqlıq olanda əraziləri suvarmaq üçün həmin sulardan istifadə etsinlər”. 
 
Ekoloq onu da tövsiyə etdi ki, insanlar hər hansı bir ərazidə ev alarkən onun yerləşdiyi əraziyə diqqət etməlidir: “Baxmaq lazımdır ki, həmin ərazi təpəlik yerdədir, yoxsa arandadır. Bakıda bir metr dərinlikdən sonra ağır gilli torpaqlar həddindən artıq çoxdur. Su gil buraxmadığı üçün yağan yağıntı sızır və qrunt sularının səviyyəsini qaldırır. İnsan fikirləşməlidir ki, orada ev tikmək olar, yoxsa yox. Həmçinin dövlət qurumlarının, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin özlərinin də ekspertləri var. Problem ondadır ki, hər hansı bir şəxs ev tikərkən ödədiyi məbləğ həmin ekspertə çatmır ki, ekspert gəlib ərazidə monitorinq keçirsin və baxsın ki, tikintiyə yararlıdır, ya yox. Dövlət qurumları da bunu etmir, çünki onlara bu, lazım deyil. Onlar torpaqları qurudub öz obyektlərini tikirlər və onları qoruyurlar. Bundan sonra kimin evinə su doldu, zirzəmisi dağıldı, buna görə məsuliyyət daşımırlar”. 
 
Ekspertin sözlərinə görə, qrunt suları Bakı üçün böyük problemdir: “Bunun aradan qaldırılması üçün müvafiq addımlar atılmalıdır. Yay vaxtı hava quraqlı keçəndə suya ehtiyac olur. Bunun üçün mənim dediyim üsulla, yerin altına deşikləri olan dəmir borular basdırmaqla o suları yığıb, yay vaxtı o sulardan istifadə etmək olar.  O zaman şoran torpaqlarımız da təmizlənər və daha münbit olar. İnsanlar özləri də iş görməlidirlər. Hər şeyi dövlətin üstünə atmaq olmaz”. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov mətbuata açıqlama verərkən bildirib ki, qrunt sularının səviyyəsi kritik həddədir: “Əsasən Binəqədi rayonunda, kənd Binəqədi ərazisində qrunt sularının qalxması nəticəsində yolları və həyətləri su basıb. Bundan başqa Sabunçu rayonu Savalan qəsəbəsində, Daş karxanası deyilən ərazidə və Şuşa şəhərciyində də düşən yağıntılar və qrunt sularının səviyyəsinin qalxması nəticəsində yolları və həyətləri su basıb. Həmin ərazilərdə mənfi istiqamətdə böyük dəyişiklik hiss olunur. Yağan yağışlar nəticəsində torpaq sudan doyub və qrunt sularının səviyyəsi kritik həddədir.  Problemin aradan qaldırılmasının yeganə yolu drenaj şəbəkəsinin yaradılmasıdır. Bu şəbəkə vasitəsilə qrunt sularının səviyyəsinin aşağı salınması və ərazidən uzaqlaşdırılması mümkündür. Bunu qısa zamanda həyata keçirmək mümkün deyil. Həmin ərazilər plana salınmalı və müvafiq vəsait ayrılmalıdır. Drenaj sisteminin yaradılmasından başqa problemin həlli yolu yoxdur”
 
Nazirlik rəsmisinin sözlərinə görə, uzun müddət eyni ərazidə qrunt sularının qalması nəticəsində bu, ərazidə süxurların litoloji tərkibindən asılı olaraq onların çökməsinə gətirib çıxara bilər: “Hələ ki, belə hal müşahidə edilməyib. Lakin qövsvarı süxurlar iri məsaməlidir, onların həcminin kiçilməsi çökməyə səbəb ola bilər. Paytaxtın ən aktiv sürüşmə sahələri Masazır və Zığda hələ ki, aktivlik müşahidə edilmir. Lakin ola bilər ki, növbəti günlərdə sürüşmə sahələrində vəziyyət yenidən aktivləşsin. Çünki proqnozlar sürüşmə sahələrində aktivliyin müşahidə ediləcəyini deməyə əsas verir”.
Cia.az