Dünyanın ən güclü dövləti ABŞ-da prezident seçkilərinə 10 gündən də az vaxt qalıb. Amerikalılar növbəti 4 ildə ABŞ və bütövlükdə planetimizdə baş verəcək ən mühüm qərarların qəbuluna birbaşa təsir imkanı olacaq birinci şəxsi seçəcəklər. Bu səbəbdən də Amerika seçkiləri kampaniyanın ilk günündən dünyanın diqqətindədir.
Amerikada prezident uzun illərdir davam edən dəyişməz qaydaya əsasən Respublikaçı və Demokrat partiyaları arasında rəqabət nəticəsində müəyyən olunur. Noyabrın 8-də keçiriləcək seçimlərdə Demokratlar Partiyasından namizəd senator, keçmiş dövlət katibi Hillari Klinton, Respublikaçılar Partiyasından isə daşınmaz əmlak sahibkarı, milyarder Donald Trampdır.
Dünyanın ən güclü ölkəsi, “demokratiya beşiyi” adlandırılan ABŞ-da prezident seçkiləri bir qayda olaraq qaynar debatlar, seçki mitinqləri, görüşlərlə zəngin olur. Budəfəki seçkilər də fərqlənmir, hətta bəzi fikirlərə görə, daha dinamik olması ilə seçilir. Maraqlıdır ki, ilk dəfə son illərdə Amerikada seçkilərdə saxtakarlıq iddiaları ortaya atılıb. D.Tramp bəyan edib ki, əksər seçki məntəqələrində seçkilər saxtalaşdırılır. Prezidentliyə namizəd deyib ki, əksər məntəqələrdə seçki saxtalaşdırılır, qərəzli media seçki qanunlarını pozaraq H.Klintonu dəstəkləyir.
Amerikada seçkilərin saxtalaşdırılması iddiası dünyada ciddi rezonans doğurub. Bu ölkədə seçkilərin saxtalaşdırılması iddiasını çoxları qəbul etməsə də, prezidentliyə namizədin bu ittihamı geniş əks-səda doğurub. Doğrudanmı ABŞ-da seçkilərin saxtalaşdırılması mümkündür.
Ondan başlayaq ki, Amerikada seçki sistemi Azərbaycan kimi ölkələrdən ciddi şəkildə fərqlənir. Dünyanın əksər ölkələrində geniş yayılmış seçki sistemi namizədlərin birbaşa seçicilər tərəfindən seçilməsidir. Ancaq ABŞ kimi bir neçə ölkədə seçki sistemi xeyli fərqlənir. ABŞ-da prezidenti xalq birbaşa seçmir. Amerika seçki qanunlarına əsasən, xalq arasında keçirilən birbaşa səsvermədə seçilmiş nümayəndələr seçir.
Bu qaydaya əsasən, ABŞ vətəndaşları əvvəlcə hər ştatda əhali sayına görə Konqresin Nümayəndələr Palatasının üzvü, yəni konqresmen sayına bərabər nümayəndə seçir. ABŞ qanunlarına əsasən, Konqresin yuxarı palatasında hər ştatı iki senator təmsil edir. Ancaq aşağı - Nümayəndələr Palatasında isə hər ştatda əhali sayına görə təmsilçilər seçilir.
Beləliklə, seçki gününə qədər ştatlar Konqres üzvü sayı qədər nümayəndə seçir. Ən çox nümayəndə seçən ştat ABŞ-ın ən çox əhali yaşayan Kaliforniya ştatıdır. Kaliforniyadan 55 nümayəndə seçilir. Ötən seçkilərdə ABŞ-da bütövlükdə 538 nəfər nümayəndə seçilmişdi.
ABŞ Konqresinin Nümayəndələr Palatasının 435 yeri və Senatın 100 üzvü var. Seçilmiş nümayəndələr sonradan, yəni seçki günü - noyabrın 8-də Klinton və Tramp arasında seçim edəcəklər. Ancaq nümayəndələrin sayından, yəni hansı namizədə yaxın şəxslərin seçilməsindən ilkin olaraq seçkilərin nəticələri bəlli olur. Yəni məsələn, ştatlarda nümayəndə seçimi zamanı Trampı dəstəkləyən şəxslər nümayəndə olaraq xalq tərəfindən seçilirsə, bu, artıq Trampın qələbəsinə işarədir və ya əksinə, Hillari Klintonu dəstəkləyən şəxslərin daha çox nümayəndə olaraq seçilməsi onun prezident seçilməsi anlamına gəlir. Çünki hər ştatda xalq faktiki olaraq Klintonu və ya Trampı deyil, ümumi seçkilərdə bu namizədlərin nümayəndələrini seçir.
Amerika qanunlarına görə, seçkilərdə qalib gəlməsi üçün namizədlərdən biri seçilmiş nümayəndələrin yarısından çoxunun (538 nümayəndənin 270-nin) səsini almalıdır. Əgər bu olmasa, yəni namizədlərdən biri 50+1 nümayəndə səsini qazana bilməsə, o zaman yeni prezidenti Konqres seçir.
Beləliklə, Amerikada prezident seçkilərinin taleyini faktiki olaraq seçilmiş nümayəndələr və ya başqa adla Seçici Kollegiyası müəyyən edir. Amerikada bu mürəkkəb seçki sistemi sayəsində digər partiyaların siyasi proseslərə daxil olması mümkün olmur. Ölkədə seçki yarışı iki partiya - Respublikaçılar və Demokratlar arasında gedir. Bu mövcud sistem digər siyasi partiyaların faktiki olaraq seçki prosesinə daxil olub, uğur qazanmasına mane olur.
Bu səbəbdən də zaman-zaman Amerika seçki sistemini tənqid edənlər olur. Ancaq ölkənin böyük olması, üstəlik, təmsilçilərin seçimi Amerikada seçkilərin obyektiv olmasının təminatıdır. Təbii ki, Amerikada azad və ədalətli seçkinin əsas təminatçısı mükəmməl məhkəmə sistemidir. Digər tərəfdən, bir neçə seçim prosesindən (əvvəlcə partiyalardaxili “praymeriz”, daha sonra nümayəndə seçkiləri və nəhayət, prezident seçkisi - K.R.) keçən prezident seçkiləri zamanı qanun pozuntularının və mübahisələrin məhkəməyə çıxarılması mümkündür.
YM
