Bu gün Bakıda "15 iyul Xalqın səsi, Ədalətin Zəfəri! Azərbaycan - Türkiyə" adlı tədbir keçirilib.
Musavat.сom xəbər verir ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən tədbir Bakı Yunus Əmrə İnstitutu və TÜRKPA-nın birgə təşkilatçılığı, Türkiyənin Azərbaycandakı səfirliyi və Bakı Avrasiya Universitetinin dəstəyi ilə həyata keçirilib.
Tədbirdə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral, TÜRKPA-nın baş katibi Jandos Asanov, Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım, Xoca Əhməd Yəsəvi Universiteti İdarə Heyətinin sədri Musa Yıldız, Bakı Avrasiya Universitetinin əməkdaşları, millət vəkilləri və digər rəsmilər iştirak ediblər.
İlk öncə 15 iyul olaylarında şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan və Türkiyə dövlətlərinin himnləri səsləndirilib. Ardından isə, Türkiyənin prezidenti Rəcəb Tayib Ərdoğanın məşhur şair Bəxtiyar Vahabzadənin "Azərbaycan - Türkiyə" şerini səsləndirməsini əks etdirən video-çarx tədbir iştirakçılarına təqdim olunub.
Təqdimatdan sonra çıxış üçün söz Bakı Avrasiya Universitetinin əməkdaşı Gülzar İbrahimovaya verilib. Məruzəçi 15 iyul hadisələrini xatırladardaq qeyd edib ki, həmin vaxtda Türkiyənin Ankara və İstanbul şəhərlərində eyni vaxtda FETÖ terror qruplaşması tərəfindən çeviriliş cəhdi həyata keçirilməyə çalışılmışdı. Lakin xalq və milli iradənin gücü, həmin gecədə şanlı qələbə qazanaraq Türkiyənin adını tarixə yazdıra bilmişdi:
"Hər bir tarixi anlardan düzgün istifadə etmək lazımdır və Türkiyə bunu layiqincə yerinə yetirdi. Türkiyə xalqı öz konstitusiyasını, azadlığını qorudu, bütövlükdə dövlətinin yanında oldu. Eyni zamanda Azərbaycan xalqı da Türkiyənin yanında oldu və bir millət, iki dövlət olduğunu bir daha sübut etdi".
TÜRKPA-nın baş katibi Jandos Asanov qeyd etdi ki, bu il türk dünyası üçün xüsusi bir ildir:
"Çünki bu il biz Azərbaycan, Qazaxıstan və Qırğızıstan müstəqilliyinin 25-ci ildönümünü qeyd edirik. Üzv ölkələrimizi bu möhtəşəm gün münasibətilə təbrik edirəm.
25 illik müstəqillik dövrü ərzində üzv ölkələrimiz böyük nailiyyətlər əldə edib. Azərbaycan bu illər ərzində çox böyük tarixi inkişaf yolu keçib. Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq bu illər ərzində Azərbaycan böyük uğurlar qazanıb.
TÜRKPA ölkələrin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin pozulmazlığı prinsipləri kimi BMT Nizamnaməsində təsbit olunmuş norma və müddəalarına sadiq olduğunu hər zaman qeyd edib. TÜRKPA hər zaman çevrilişə, terrora qarşı çıxıb və terroruzmin bütün fəaliyyətləri, metodları və təcrübələrini birmənalı şəkildə qınayır. Xalqlarımız hər zaman sülh içində, dinc və yanaşı yaşasın. Xalqlarımıza uğurlar, can sağlığı, firavanlıq və inkişaf arzulayıram".
Xoca Əhməd Yəsəvi Universiteti İdarə Heyəti sədri Musa Yıldız isə çıxış edərək 15 iyul tarixinin bir millətin yenidən doğduğu tarix olduğunu vurğulayıb:
"Daxildən bəziləri çox böyük surətlə irəliləyən Türkiyəni dayandırmaq üçün planlar qurdu. Lakin xalq prezident Erdoğanın arxasınca gedərək, ölkəsində demokratiyasına sahib çıxdı. Bir millət bunu bacardı. Bu, sadəcə Türkiyənin deyil, bütün türk dünyasının qələbəsidir. Bütün dünya Türkiyənin arxasında 300 milyonluq türk dünyasının olduğunu gördü".
Çıxışın ardınca mərhum prezident Heydər Əliyevlə bağlı video-çarx təqdim olunub.
Daha sonra millət vəkili Qənirə Paşayeva çıxış edib. Millət vəkili 15 iyulda baş verən olaylarda şəhid olanları sayqı ilə andığını qeyd edərək bildirdi ki, Türkiyə həm İslam aləminin, həm də türk dünyasının ən böyük gücüdür:
"Həmin olaylarda Azərbaycan Türkiyə üçün dua etdi. Ondan əvvəl prezident İlham Əliyev Türkiyəyə gedəndə bu sözləri demişdi: "Türkiyənin gücü bizim gücümüz, bizim gücümüz, Türkiyənin gücüdür. Onun zəifləməsi bizim zəifləməyimizdir". Biz bir-birimizə hər zaman dəstək verəcəyik".
Tədbirdə Türkiyə Cumhuriyyətinin Bakıdakı səfiri Erkan Özoral çıxış edərək, bu il müstəqilliyinin 25 ilini qeyd edən Qazaxıstan, Qırğızıstan və Azərbaycanı təbrik edib. Daha sonra qeyd edərək bildirib ki, Türkiyə son illərdə görünməmiş ilginc olaylar yaşayır:
"Bir tərəfdən həm daxildə, həm də xaricində haqqında yalan məlumatlar yayılır, yalan siyasi proseslər aparılır. Biz bunları 15 iyulda açıq-aşkar gördük. Lakin türk xalqı 15 iyulda bütün dünyaya öz şücaətini göstərdi. Qanını, canını fəda edərək qəhrəmanlıq göstərdi. Bu həmişə belə olub və olacaq da.
Türkiyə 93 il əvvəl cumhuriyyətini qazandıqdan sonrakı illərdə dəfələrlə çevrilişlərlə qarşılaşdı. Silahlı qüvvələrimizi sarsıdaraq bir-birimizi qırmağa çalışdılar. Türkiyə əsla belə xainliyə izn verməz.
Və 25 il əvvəl müstəqilliyini qazanmış Azərbaycanla daha da güclü olduq. Azərbaycan həmin ərəfədə bizə əlini uzadan ilk ölkə oldu. Buna görə Azərbaycan xalqına, başda prezident İlham Əliyevə öz təşəkkürümüzü bildiririk".
Tədbirin sonunda Bakı Yunus Emre İnstitutunun rəhbəri İbrahim Yıldırım çıxış edərək tədbirin həyata keçirilməsində dəstək olanlara təşəkkür edib.
Qeyd edək ki, tədbirdə Azərbaycan-Türkiyə birliyini əks etdirən şeirlər səsləndirilib, video-çarxlar göstərilib.


cia.az
