ABŞ-la Şimali Koreya arasında beynəlxalq böhrana və kiber savaşlara səbəb olan “Reportaj” (“İnterwiev”) filmi “Oskar” mükafatlarından əvvəl ən pis filmlərə verilən “Qızıl Ahududu Mükafatları”na 4 nominasiya üzrə namizəd göstərilib.
Axar.az xəbər verir ki, qalmaqallar üzündən olduqca məşhur olan film “ən pis film” nominasiyasına namizəd olmaqla bərabər, filmin baş rol aktyorları Sez Roqen və Ceyms Franko da “ən pis kişi aktyor” nominasiyalarında namizəddirlər.
Ceyms Franko Şimali Koreya lideri Kim Yonq-Unu canlandıran Randal Parkla birlikdə hətta “ən pis ekran cütlüyü” nominasiyasına da namizəd göstərilib.
Xatırladaq ki, “Reportaj” Şimali Koreya lideri Kim Yonq-Una sui-qəsd planlaşdırılmasından bəhs edən komediya janrında çəkilmiş filmdir.
“Ən pis film” nominasiya üzrə namizəd göstərilən filmlər arasında Conni Depin “Təkamül”, “Herkül: Əfsanə başlayır”, “Frankşteyn: Ölümsüzlərin döyüşü” filmləri də var.
Qeyd edək ki, “Qızıl Ahududu Mükafatları” fevralın 22-də baş tutacaq 87-ci “Oskar” mərasimindən bir gün əvvəl, fevralın 21-də sahiblərinə təqdim ediləcək.
