Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin Milli Məclisin son iclasında səsləndirdiyi təklif ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Partiya sədri Azərbaycanın Türkiyə və İranla olan viza rejimini aradan qaldırmasını təklif edib.
BAXCP sədrinin təklifinə dəstək gəlib. Politoloq Elxan Şahinoğlu deputatın təklifini birmənalı dəstəklədiyini qeyd etdi: “Dəfələrlə bu barədə fikirlərim olub. Öncəliklə Türkiyə ilə bu məsələni həll etmək lazımdır. Bunu daha neçə il uzatmaq olar? Adını da qoyurlar ki, texniki məsələ həll olunmalıdır. 10 il ərzində eyni sözləri demək, sadəcə, bəhanədir. Türkiyə Azərbaycan vətəndaşlarına viza tətbiq etmir. Azərbaycan da eyni addımı atmalıdır. Doğrudur, indi viza məsələsində xeyli yumşalma var. Bəzi ölkələr üçün belə məsələlərdə istisnalar olmalıdır. Gürcüstan və Rusiya vətəndaşları viza almadan ölkəmizə gələ bilirlərsə, eyni hüquq Türkiyə və İran vətəndaşlarına da verilməlidir. Deyə bilərlər ki, Rusiya və Gürcüstan keçmiş SSRİ ölkələridir. Türkiyə ilə bu məsələnin uzanmasını bəzi rəsmilərimiz qeyri-rəsmi söhbətlərdə İranla əlaqələndirirlər. Guya biz Türkiyə ilə viza rejimini aradan qaldırsaq, İran da eyni tələbi edə bilər. Amma mənə elə gəlir ki, hər iki dövlətə qarşı viza aradan qaldırılmalıdır. İran siyasətini ən çox tənqid edən siyasi ekspertlərdən biriyəm. İranın siyasəti ilə bağlı xeyli suallar var.
İran-Ermənistan əməkdaşlığı bizi narahat edir. Rəsmi Tehranın regional siyasəti ilə bağlı da suallarımız az deyil. Amma bir məsələ var ki, İranla münasibətlərdə normallaşma gedir. Ortaq layihələr var. Üstəlik, orada 30 milyon azərbaycanlı yaşayır. Əgər istəyiriksə, İran Azərbaycan mövqeyinə yaxınlaşsın, Dağlıq Qarabağ məsələsində bizi dəstəkləsin, üstəlik, Arazın o tayında yaşayan azərbaycanlılarla sıx münasibətlər quraq, o zaman viza ortadan qaldırılmalıdır. Viza rejiminin aradan qaldırılması Azərbaycanın turizm potensialına da müsbət təsir edəcək. Dövlət başçısı deyir ki, neft erası başa çatır, başqa gəlir vasitələri barədə düşünməli, daha çox turizmə diqqət ayırmalıyıq. Türkiyə və İrandan ölkəmizə gələnlərin sayı artacaqsa, bu, əlavə gəlir deməkdir. Rəsmilərimiz onu da deyirlər ki, hər iki ölkədə ermənilər yaşayırlar, əgər Azərbaycana rahat gəlsələr, təhlükəsizlik məsələsi ortaya çıxa bilər. Ona qalsa, Rusiya və Gürcüstanda da kifayət qədər erməni var. Yəni qısa müddətdə bu problemi həll etmək lazımdır. Paralel olaraq, hətta bir təklif də verə bilərəm. Yaxın aylarda İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana gələcək. Hamı bilir ki, Azərbaycanın İsraillə sıx əlaqələri var. Oradan silah alırıq, onlar da bizim neftimizi alırlar. Amma indiyə qədər İsraildə səfirliyimiz belə yoxdur. Düşünürəm ki, bu addımları kompleks atmaq olar. İranın bizdən əsas istəyi viza rejiminin aradan qaldırılmasıdır. İsraildə səfirliyimizi aça bilməməyimizlə bağlı deyilirdi ki, İran buna etiraz edir. Türkiyə və İranla viza rejimi aradan qaldırılsa, rəsmi Tehran İsraildə səfirliyimizin açılmasına etiraz etməyəcək”.
Politoloq onu da qeyd etdi ki, düşmən ölkə olan Ermənistan İranla viza rejimini aradan qaldırıb: “Biz nə istəyirik? İran azərbaycanlılarının Ermənistana rahat getməsini, yoxsa Azərbaycana rahat gəlməsini? Bir neçə dəfə İrəvanda beynəlxalq konfranslarda olmuşam. Özüm də təəccüb qalmışam ki, İrəvanda nə qədər İran azərbaycanlıları var. Bunlar bizi narahat etməyə bilməz. Hətta söhbət əsnasında onlara sərt şəkildə deyirdim ki, siz burada nə gəzirsiniz? Bütün bunlara görə hesab edirəm ki, Türkiyə və İranla eyni gündə vizaların aradan qaldırılması Azərbaycan üçün çox vacibdir”.
E.Şahinoğlu Türkiyə mətbuatında Azərbaycan əleyhinə gedən yazılara da toxundu: “Türkiyə mətbuatı rəngarəngdir. Biri belə, digəri elə yazır. Azərbaycan mətbuatı necədirsə, ora da elədir. Bir neçə media orqanına görə bütövlükdə Türkiyə mətbuatını qaralaya bilmərik. Etiraf edək ki, haqlı sual qoyurlar. Biz necə qardaş ölkəyik ki, Türkiyə viza rejimini aradan qaldırır, amma Azərbaycan yox? Bu məsələ Türkiyədə daim gündəmdədir. Təsəvvür edin ki, Azərbaycan prezidenti türkiyəli həmkarı ilə görüşəndə türk jurnalistlərinin verdikləri iki sualdan biri viza ilə bağlıdır. Bu, o deməkdir ki, bu məsələ Türkiyədə ciddi müzakirə olunur. Türkiyə diplomatları ilə görüşlərimdə də bu məsələ daim gündəmə gətirilir. Düşmənlərimiz var, onlar bizə baxıb gülməməlidirlər ki, bunlar necə qardaş ölkədirlər, bir viza məsələsini də həll edə bilmirlər. Azərbaycanın son illərdə qardaş ölkədə böyük yatırımları var. Bu yatırımlar ölkə başçısının dediyi kimi, 20 milyard dollara çatacaq. Biz istəyirik ki, Türkiyənin Azərbaycanda yatırımları artsın. Üç aydan bir keçirilən birgə hərbi təlimlərin və digər məsələlərin fonunda bu viza məsələsi qara ləkə kimi üzərimizdə qalıb. Bu ləkədən mütləq tezliklə azad olmalıyıq”
