“Bu hadisə təkcə sivilizasiyalararası münasibətlərə deyil, eyni zamanda, demokratiya və söz azadlığına da ağır bir zərbədir”.
Bu sözləri Axar.az-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib.
Politoloq Fransada baş verənlərin dinlərarası münasibətlərə və xüsusilə də son vaxtlar Avropada güclənən islamafobiya tendensiyalarına öz neqativ təsirini göstərəcəyini bildirib:
“Baxmayaraq ki, əksər mədəni, sivil və savadlı insanlar çox gözəl anlayırlar ki, bu hadisənin dinə və inanca heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq, baş verən bu olay siyasi mənafe və maraqlar uğrunda törədilmiş bir cinayətdir. Sıradan bir cinayət və siyasi terror aktıdır. Təbii ki, bu hadisədən yararlanmaq istəyən radikallar və ultra radikallar, sağçılar, millətçilər, digər kateqoriyadan olan siyasi hərəkat və partiyalar olacaq - xüsusilə də Fransada. İsalamafobiya artacaq. Qeyd edək ki, Avropa parlamentinə son seçkilərdə Milli Cəbhə sağçı partiyasından olan xanım Marin Le Pen 17-18 faiz səs toplayıb. Bu, o deməkdir ki, radikal sağçıların çəkisi və onlara ictimai dəstək artacaq. Çünki hazırda cəmiyyətdəki məsələlərə müxtəlif cür yanaşanlar var, xüsusilə də demokratik cəmiyyətdə. Bu, ümumilikdə Avropadakı tendensiyalara təsirsiz ötüşməyəcək. O ki qaldı hadisənin kim tərəfindən törədilməsinə, tələsməyək, yaxın zamanlarda bu cinayətin üstü açılacaq və hamımız biləcəyik”.
