İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı davam edir. Şənbə günü İraq könüllü silahlı dəstələri (Həşdi Şabi) türkmən qəsəbəsi Telaferin azad edilməsi əməliyyatını başladıb. “BBC”nin məlumatına görə, Hizbullah briqadaları digər silahlı dəstələrlə birlikdə Telafer qəsəbəsinə doğru irəliləyib.
Qeyd edək ki, bu qruplar “Həşdi-Şabi” könüllü ordusunun tərkibində yer alır. “Həşdi-Şabi” sözçüsü Əhməd əl-Əsədi bildirib ki, əməliyyat Mosul və Raqqa (Suriya) arasındakı dəstək xəttini qapatmaq, bununla da Mosul mühasirəsini daha da gücləndirmək və Telafer qəsəbəsini təmizləmək məqsədi güdür.
Qeyd edək ki, İraqın şimalında yerləşən Telafer qəsəbəsinin 150 minlik əhalisinin demək olar ki, hamısı türkmənlərdir. 2014-cü ildə İŞİD Mosulu işğal edərkən Telaferi də ələ keçirib, qəsəbə əhalisinin, böyük bir qismi İraqın mərkəz əyalətlərinə və xaricə köç edib. Şəhərin sakinlərinin bir qismi silahlı dəstələr yaradaraq İŞİD-ə müqavimət göstərməyə çalışıb, böyük itkilər verib. Daha sonra türkmən silahlı birlikləri “Həşdi Şabi” könüllü ordusuna qoşulub.

Türkiyə hakimiyyəti Mosul əməliyyatına İraq könüllü ordusunun qoşulmasına qarşıdır. Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, könüllü dəstələrin əməliyyata qoşulması Ankaranın müdaxiləsinə səbəb ola bilər. Sitat: “Mosul və Telaferdə etnik və məzhəb balansı diqqətə alınmalıdır. Əgər proseslər bizim təhlükəsizliyimizi təhdid edəcək duruma gələrsə, biz koalisiya tərkibindəki dəstəyimizlə yanaşı, təhlükəsizliyimizi təmin etmək üçün hər cür tədbirimizi görərik. Bu bizim beynəlxalq hüquqdan qaynaqlanan haqqımızdır”.
Hələlik Ankaranın reaksiyası bəlli deyil. Bu arada Mosul əməliyyatları davam edir. İraq ordusunun Mosula 35 km məsafədə olduğu bildirilir. Ancaq gələn bilgilərə görə, ŞİD son əməliyyatlarda əhalidən canlı qalxan olaraq istifadə edir. Bu səbəbdən də aktiv əməliyyatlar Mosulda müvəqqəti olaraq dayandırılıb.
Ancaq Telaferdə əməliyyatların davam etməsi onu göstərir ki, əsas plan İŞİD-in Suriya və İraq qrupları arasında bağın qırılmasına çalışırlar. Bununla qruplaşma nəzarət altına alınar və mühasirəyə alınıb, təslim edilməsi daha asan olar. Şənbə günü ABŞ koalisiyasının hava əməliyyatlarını durdurduğu deyilsə də, İraq ordusu və könüllü güclər mühasirə əməliyyatlarını davam etdirir. Əgər Suriya və İraq arasında İŞİD-in bağlayıcı yolları nəzarət altına alınsa, o zaman qruplaşmanı İraqda boğmaq daha asan olacaq.

Bu, terrorçuların qaçmasını da sürətləndirə bilər. Çünki Mosulda küçə döyüşlərinin başlaması daha ciddi itkilərə səbəb ola bilər. Çünki İŞİD dinc əhalidən qalxan olaraq istifadə edir, hərbi hissələri mülki əhalinin yaşayış yerlərində yerləşdirməklə hədəf yayındırır.
Ancaq proseslərin gedişi əməliyyatların hələ bir müddət davam edəcəyini göstərir.
Doğrudur, indi ABŞ və müttəfiqlərinin İŞİD-in İraqdan təmizlənməsi məsələsində anlaşdığı görünür. Üstəlik İraqda da səfərbərlik var və İraq ordusu, polis, kürd peşmərgələri, sünni tayfa silahlıları ilə yanaşı “Həşdi Şabi”nin 130 min nəfərdən artıq silahlı qüvvələri var. Bu isə böyük bir silahlı gücdür, hətta kənardan dəstək olmasa belə, bu qüvvələrin indi daxili anlaşma ilə Mosulu azad etməsi mümkündür. Ancaq belə görünür ki, Yaxın Şərqin digər məsələsində olduğu kimi, burda da döyüş cəbhəsində deyil, siyasi müzakirələrdə hər şey həll olunacaq.

İraq siyasətçiləri ilə yanaşı regional və beynəlxalq oyunçular da razılaşmalıdır. Qərb hər nə qədər İŞİD-in məhv edilməsində maraqlı olduğunu göstərsə də. Regional vəziyyətin də öz xeyrinə dəyişməsinə çalışır. Bu isə 2014-cü ildə olduğu qədər olmasa da, hələ də problemin uzanmasına səbəb olacaq şərtlərin davamına xidmət edir.
cia.az
