Ötən həftə, oktyabrın 28-də Milli Məclisin növbəti iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Bizimyol.info-nun məlumatına görə, layihə barədə danışan elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qeyd edib ki, layihənin hazırlanmasında İsveç, Finlandiya, Ukraynanın və digər bir neçə ölkənin təcrübəsindən istifadə olunub.
5 fəsil 24 maddədən ibarət olan layihədə məktəbəqədər yaşda uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyənləşib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumi təhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kompleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meyilli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir.
Lakin layihə elə birinci oxunuşda ciddi tənqidlərə məruz qalıb. İlk irad birinci vitse-spiker Ziyafət Əsgərovdan gəlib. O bildirib ki, layihə haqqında məlumat verilsə də, məktəbəqədər təhsil anlayışı açıqlanmır. Ziyafət Əsgərov həmçinin qeyd edib ki, layihədə terminlər olsa da, ən lazım olan anlayışın mənası yoxdur: “O zaman biz bu qanunu neyləyirik? İkinci sualım odur ki, məktəbəqədər təhsil ilə uşaq bağçasının fərqi nədir? Uşaq əlifbanı məktəbə qədər öyrənəcəksə, o zaman birinci sinifdə nə öyrənəcək? Qanunda bunların heç biri göstərilməyib və qaranlıqdır”.
Müzakirəyə çıxarılan qanun layihəsində çatışmayan məqamlarla bağlı digər deputatlar, o cümlədən Qüdrət Həsənquluyev, Vahid Əhmədov, Elmira Axundova, Fazil Mustafa da öz iradlarını bildirib. Sonda Ziyafət Əsgər İ.Həbibbəyliyə çatışmazlıqların ikinci oxunuşda nəzərə alınmasını tövsiyə edib və sonda qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul olunub.
Qeyd edək ki, məktəbəqədər hazırlıq tədrisi ilə bağlı cəmiyyətdə də fikirlər birmənalı deyil. Bəzi valideynlər məktəbəqədər təhsilin ilk pilləsi olmaqla, uşaqların intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini təmin etdiyini təqdir edir. Lakin bir çoxları azyaşlı uşaqlarının vaxtından əvvəl zehninin məktəb proqramı ilə yüklənməsindən, psixoloji durumuna mənfi təsir göstərəcəyindən narahatdır. Xüsusən də əlifba, riyazi hesablamaların tədris edilməsi ilə bağlı çoxsaylı iradlar bildirilir.
“Azad Müəllimlər Birliyi”nin sədri, təhsil eksperti Məlahət Mürşüdlü məsələ ilə bağlı qeyd etdi ki, adıçəkilən layihədə müasir tələblərə uyğunlaşmayan, kiçikyaşlı uşaqların təlim-tərbiyəsi ilə səsləşməyən məqamlar var. Məlahət Mürşüdlü bildirdi ki, iradlara məruz qaldığı üçün layihə artıq geri qaytarılıb: “Təhsil Nazirliyi artıq həmin qanun layihəsini öz saytına yerləşdirərək, ictimai müzakirəyə çıxardıb. Biz də bir təşkilat olaraq öhdəmizə düşəni etdik. Həmin layihəni aidiyyəti strukturlara, qabaqcıl müəllimlərə, bağça müdirlərinə göndərdik, ayın 10-na qədər vaxt qoymuşuq. Verilən təklifləri müzakirə edib öz tövsiyələrimizi nazirliyə göndərmək fikrindəyik. Layihə ilə mən də tanış olmuşam. Bəli, orada elə məqamlar, müasir tələblərə uyğunlaşmayan, kiçikyaşlı uşaqların təlim-tərbiyəsi ilə səsləşməyən vacib məsələlər var ki, həmin qanunda öz əksini tapmayıb. Dəfələrlə vurğulamışıq ki, təqdim olunan hər bir qanun layihəsi ictimai müzakirələrə çıxarılmalıdır”.
Ekspert məktəbəqədər hazırlıq müəssisələrində əlifbanın tədrisi və digər məktəb proqramlarının keçirilməsi məsələsinə də toxunub: “Bununla bağlı nazirliyin qarşısında məsələ qaldırılıb. Məktəbəqədər hazırlıq müəssisələrində keçirilən proqrama yenidən baxılmalıdır. Burda heç bir vəcdlə əlifbanın, riyazi hesablamaların öyrənilməsindən söhbət gedə bilməz. Əgər uşaq məktəbəqədər hazırlıq qrupunda birinci sinfin proqramını yerinə yetirirsə, sonradan onun məktəbə olan marağı artıq itir. Bu hazırlıq müəssisələri ona görə lazımdır ki, uşaqların müəyyən formada dünya görüşləri inkişaf etsin, birinci sinfə hazır vəziyyətə gələ bilsin”.
