|
Sergey Markov Putinin sözünü deyir?
Tanınmış politoloq, Rusiya prezidenti yanında İctimai Palatanın üzvü, Vladimir Putinin etibarlı şəxslərindən biri kimi tanınan Sergey Markov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yenidən Azərbaycanın ədalətli mövqeyini müdafiə edən açıqlamalar verib.
 
Markov Azərbaycan rəhbərliyinin son bəyanatının sülh xarakteri daşıdığına xüsusi vurğu salaraq deyib: “İlham Əliyev hədələrlə deyil, konkret təkliflərlə çıxış etdiyi halda - söhbət işğaldakı ərazilər azad edildikdən sonra Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsi haqda təklifdən gedir - Ermənistan hər vəchlə dirəniş göstərir və nizamlama prosesini tormozlayır. Azərbaycan prezidenti həm də əmin edir ki, Azərbaycan sülhə can atır, müharibə istəmir, azərbaycanlılar və ermənilər eyni ərazidə birgə yaşaya bilərlər. Ermənistan isə xarici işlər naziri Edvard Nalbəndyanın dilindən bunu da qıcıqla qarşılayır”. Ardınca o, işğalçıya xəbərdarlıq da edib: “İrəvan gərək unutmasın ki, müxtəlif qəbildən diplomatik addımlar günün birində kəsilə bilər ki, onun ardınca da Ermənistana qarşı sanksiyalar işə düşəcək. Məlumdur ki, Rusiya, Avropa Birliyi, ABŞ Ermənistana böyük həcmdə iqtisadi yardım göstərir. İstisna deyil ki, onlar bu köməyi tədricən azaldaraq, Ermənistanın ciddi danışıqlar masası arxasında əyləşməsi üçün onun rəhbərliyinə təzyiq etsinlər. Əgər nə bu, nə də başqa təsirlər nəticəsiz qalsa, o zaman ”aprel" təkrarlana bilər".
 
Qeyd edək ki, S.Markov artıq neçənci dəfədir ki, ermənilərin əleyhinə bizim isə lehimizə mövqe sərgiləyir. Ancaq ortaya bəzi suallar da çıxır: Markov kimə oynayır, bu şəxsin tez-tez ümidverici bəyanatlarla çıxış etməsi Kremlin Azərbaycanı ümiddə saxlamaq planının tərkib hissəsidir, yoxsa?
 
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan mediası adətən Sergey Markovu Rusiya prezidenti Vladimir Putinə yaxın şəxs kimi təqdim edir: “Bu təqdimat istər-istəməz belə təəssürat yaradır ki, Markov tez-tez Putinlə görüşür və ona öz məsləhətlərini verir. Bunun belə olmadığını düşünürəm. Bəli, Markov vaxtilə hakim partiyanın Dövlət Dumasında deputatı olub, bundan əvvəl diplomat kimi çalışıb, tanınmış ali təhsil ocaqlarında dərs deyir. Bunlar hamısı var. Ancaq bu, o demək deyil ki, Markov Putinə çox yaxın ekspertdir. Doğrusu, Markovu son illər Rusiya televiziya kanallarındakı siyasi və dartışma proqramlarında da az görürəm, onun yerinə digərləri televiziya ekranlarına çıxarılır və onlar heç də Türkiyə və Azərbaycan haqqında müsbət fikirlər demirlər. Buna baxmayaraq, Markovun Azərbaycanla sıx əlaqələrini təqdir edirəm. Moskvada Ermənistanın mövqeyini müdafiə edən kifayət qədər ekspert və jurnalist var. Faktiki Rusiya mediası Ermənistanın maraqlarına işləyir. Bu baxımdan Markov, Kuznetsov və bir digər neçə rusiyalı tarixçi və ekspertin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən açıqlamalar verməsi təqdirəlayiqdir. Mümkündür ki, bu ekspertlər Rusiyanın hakimiyyət dairəsinin müəyyən cinahıyla hansısa əlaqələrə və intensiv dialoq imkanlarına malikdirlər. Və həmin qrup Markov vasitəsilə bizə müəyyən mesajlar ötürür. Ancaq bu mesajların doğru olub-olmadığını, reallığı əks etdirib-etdirmədiyini araşdırmaq məcburiyyətindəyik”.
 
E.Şahinoğlu bu mənada Markovun bir sıra açıqlamalarının yanlış olduğunu düşünür: “O, bir müddət idi bizim başımızın altına yastıq qoyaraq deyirdi ki, guya Ermənistan ilin sonuna qədər Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacaq və azərbaycanlı qaçqınlar doğma yurdlarına qayıdacaqlar. Mən bu sözlər deyilən zaman da bunun reallığı əks etdirmədiyini, Rusiya hakimiyyətinin Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məqsədilə İrəvana təsir və təzyiq etməyəcəyini deyirdim. Sonda nə baş verdi? Markov oktyabr ayında Bakıda keçirilən konfransların birində etiraf etmək məcburiyyətində qaldı ki, münaqişə bu ilin sonuna qədər həll olunmayacaq. Ona görə də bundan sonra Markovun münaqişənin həlli ilə bağlı tarix göstərməsinə ehtiyatla yanaşmalıyıq. Istənilən halda, Rusiyada Markov və onun kimi ekspert, tarixçi və jurnalistlərlə əməkdaşlığımızı gücləndirməliyik. Qoy Rusiyada Azərbaycanın da haqlı mövqeyinə dəstək verən qruplar olsun”.

Politoloq Natiq Miri isə bildirdi ki, Markov səviyyəsində rus siyasi ekspertlərin belə açıqlamalar verməsi Azərbaycanın maraqları baxımdan müsbət hadisədir: “O mənada ki, bir müddət öncəyə qədər Qarabağ probleminin həlli ilə bağlı prosesdə Rusiya siyasi ekspertlərinin demək olar hamısı Ermənistanın xeyrinə danışırdılar. Ancaq son zamanlar Segey Markov, Aleksandr Kuznetsov kimi bir sıra politoloqlar ədalətli mövqelər ifadə etməkdədirlər. Təbii ki, burada Azərbaycan hakimiyyətinin bu insanlarla iş aparması, Kremllə münasibətləri də öz rolunu oynayır. Düzdür, Sergey Markov rəsmi şəxs deyil və onun açıqlamalarından uzağagedən nəticələr çıxarmaq istəməzdim. Markovun dediklərini birbaşa Kremlin fikri kimi qəbul etmək doğru olmaz. Amma hər bir halda Rusiyada Markovların sayının çoxalmasına Azərbaycan diplomatiyası çalışmalıdır. Markovun açıqlamalarını sadəcə, Azərbaycanla münasibətləri kontekstində verilmiş açıqlamalar olaraq qəbul etmək daha düzgün olardı. Şübhəsiz ki, Azərbaycanın ədalətli mövqeyinə yaxın olan bu cür çağırışları edən rus politoloqların sayı nə qədər çox olsa bu, Rusiya ictimai rəyinə, Rusiya hakimiyyətinə təsir edə bilər. Ona görə də Markovun məlum mövqeyini çox əhəmiyyətli məsələ hesab edirəm”.
 
Politoloq Şahin Cəfərli bildirdi k, Sergey Markovun tərcümeyi-halına nəzər saldıqda onun təsadüfi şəxs olmadığı görünür: “2005-ci ildə prezident yanında İctimai Palatanın üzvü təyin edilməsi, 2 il sonra Putinin liderlik etdiyi ”Yedinaya Rossiya" Partiyasından Dövlət Dumasının deputatı seçilməsi, Rusiyanı AŞ PA-da təmsil etməsi, 2012-ci ildə prezident seçkilərində Putinin səlahiyyətli nümayəndəsi olması onun Rusiyanın hakim dairələrinə, Kremlə yaxın fiqur olduğunu göstərir. Lakin Markovun bəzi çıxışları və açıqlamaları göstərir ki, onu ciddiyə alıb-almamaq barədə ən azı, düşünmək lazımdır. Onun Jirinovskiyə bənzər yönləri var. Konspirologiyaya meyllidir. Dünyanın gizli bir güc mərkəzi tərəfindən idarə olunduğuna, bütün proseslərin bu mərkəz tərəfindən ssenariləşdirilib həyata keçirildiyinə inanır. Markovun Dağlıq Qarabağ münaqişəsi haqında vaxtaşırı verdiyi açıqlamalara da mən şəxsən etibar etmirəm. Düzdür, o, Azərbaycanın maraqlarına yaxın mövqe nümayiş etdirir və bu baxımdan onun açıqlamaları bizim üçün xoşdur. Lakin bu, nə qədər səmimi mövqedir və reallıqla əlaqəsi varmı? Məncə, Markov Azərbaycan ictimai rəyinin Rusiya-Ermənistan müttəfiqliyi səbəbiylə Moskva əleyhinə yönəldiyini anlayır. Onun bəyanatlarının bu neqativ ictimai rəyi dəyişməyə yönəldiyini düşünürəm. Markov başa düşür ki, bu siyasətlə Rusiya Azərbaycanı itirir və onun yerini NATO üzvü Türkiyə və Qərb tuta bilər. Ona görə də Azərbaycanın könlünü oxşamağı, Bakıya pozitiv siqnallar göndərməyi zəruri sayırlar. Ola bilsin ki, Markov sülh danışıqlarının gedişi haqda müəyyən məlumatlara malikdir, Kremlə yaxın olduğu üçün bunu istisna etmək olmaz. Lakin ötən müddətdə müşahidə etmişik ki, onun məlumatları və nikbin açıqlamaları heç də özünü doğrultmayıb".