|
"Amay Abdulla" hakimiyyətə meydan oxuyur

Bu gün "Xüdafərin" MMC-dən şikayətçi olan yüzə yaxın vətəndaş Prezident Administrasiyasının qarşısına toplanıb.

Şikayətçilər Cia.az-a bildirib ki, adıçəkilən MMC onlara qarşı dələduzluq əməli törədib. "AMAY" Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayevə məxsus MMC-ninAtatürk prospekti 3078"A" ünvanında inşa etdiyi binada bir mənzil bir neçə nəfərə satılıb. Zərərçəkənlər illərdir ki, pullarını geri tələb etsələr də, ala bilməyiblər. 100-dən çox zərərçəkənə toplam olaraq 1 neçə milyon manat ziyan dəyib. Bu məsələ bir müddət əvvəl azadlığa çıxan Abdulla Abdullayevin məhkəməsi zamanı da gündəmə gətirilib. Amma heç bir nəticəsi olmayıb.

Abdulla Abdullayev məhkəmə zamanı zərərçəkənlərin pulunun ödəniləcəyini vəd etsə də, azadlığa buraxılandan sonra vədinə xilaf çıxıb. Məsələn ötən il Abdulla Abdullayevin məhkəməsində zərərçəkən Taleh Məmmədov ifadəsində 11 ildir “Xudafərin” MMC dən ev aldığını, 63 min dollar ödədiyini və hazırda evini tələb etdiyini deyib: “Mən Korrupsiya İdarəsinə çağırılmamışam, dindirilməmişəm. Təqsirləndirilən şəxsə qarşı heç bir tələbim və şikayətim yoxdur. “Xudafərin” MMC ilə müqavilə bağlamışam, tez bir zamanda binanın tam komplekləşdirilməsini və evimə köçməyimi istəyirəm”. Digər zərərçəkmiş Əlican Ələkbərov da eyni məzmunlu ifadə verib. O, 14 ildir ev aldığını, amma bu günə kimi mənzilinə köçə bilmədiyini dedi: “Korrupsiya İdarəsində olmamışam. Amma “Xudafərin” MMC-yə getmişəm, evimi tələb etmişəm. Adamı nə qədər aldatmaq olar? O vaxtkı pulla mən 50 ev alardım, kirayəyə verərdim. Gör nə qədər pulum gedib”.

Abdulla Abdullayev zərərçəkmiş şəxsdən nə qədər pul ödədiyini, pulu kimə verdiyini və həmin pullarının hara getdiyini xəbər aldı: “Sənin orada mənzilin var. Sənə ödədiyin məbləğ qədər pul verirəm, 20 ildən sonra gətirib qaytararsan. O bina mənim günahıma görə yubanmayıb. Sizin şikayətlərinizə görə yubanıb”. Digər zərərçəkənlərə də oxşar təkliflər edilib. Amma Abdulla Abdullayev indiyə qədər təkliflərini reallaşdırmayıb. Şikayətçiləri qəzəbləndirən də elə budur. "Adam var ki, bu işdə 100-150 min manat ziyana düşüb. Camaat qəpik-qəpik pul yığıb ki, özünə ev alsın. İndi Abdulla Abdullayev və MMC-nin Anar adlı səlahiyyətli şəxsi bu pulları mənimsəyiblər. Biz dəfələrlə müvafiq qurumlara problem barədə müraciətlər etmişik. Abdulla Abdullayev müraciətlərin qarşısını almaq üçün hər dəfə bizə bir vəd verir. Artıq bezmişik. Pulumuzu tələb edirik və alana qədər mübarizə aparacağıq", - deyə şikayətçilər bildirib.

Onların sözlərinə görə, Prezident Administrasiyasından bildirilib ki, 15 günə məsələ ilə bağlı cavab veriləcək. "Cavab bizi qane etməsə, etirazları davam etdirəcəyik. Biz halalca pulumuzu istəyirik. Abdulla Abdulla pulumuzu verməcəyəksə onun qanun çərçivəsində cəzalandırılması üçün əlimizdən gələni edəcyik", - deyə şikayətçilər bildirib. Məlumat üçün deyək ki, Abdulla Abdullayev bir müddət əvvəl maliyyə cinayətlərinə görə həsb olunmuşdu. Bir neçə ild keçdikdən sonra şərti olaraq azadlıqa buraxılıb. Bəzi məlumatlara görə, onun azadlığa buraxılmasının bir səbəbi də vətəndaşlara dəyən zərəri ödəyəcəyi barədə öhdəliyi olub. Amma müşahidələr göstərir ki, o, zərəri ödəmək niyyətində deyil. Bu isə faktiki olaraq hakimiyyətə meydan oxumaqdır. Bu həm də indiki həssas dönəmdə, böhranın üzündən narazılığın artdığl bir vaxtda daha yüzlərlər vətəndaşı hökumətdən narazı salmaqdır. Ona görə də hökumət bu məsələno ciddi nəzarətə götürməli və çalışmalıdır ki, Abdulla Abdullayev öhdəliyini yerinə yetirsin. Abdulla Abdullayev də problemin ciddiliyini və yenidən həbs olunmaq təhlükəsilə üzləşdiyini nəzərə almalıdır.

Cia.az