Bağlanan bankların əmanətçilərinə kompensasiya verilməsi davam edir. Artıq 10 bankın əmanətçilərinə 624 milyon manatadək kompensasiya ödənilib. Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.
Bunlar ancaq qorunan əmanətlərlə bağlı rəqəmlərdir. Sığortalanmayan əmanətlərin qaytarılmasından ümumiyyətlə söhbət getmir, onlar faktiki olaraq batıb. Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Azad Cavadov isə bildirib ki, qorunan əmanətlərin faiz dərəcəsinə yenidən baxıla bilər: “Söhbət banklara manatla qoyulan depozitlərdən gedir”. Onun sözlərinə görə, hər rübün sonunda əsas faktorlar nəzərə alınaraq fondun Himayəçilər Şurası bununla bağlı müzakirə aparır. Daha sonra qorunan əmanətlər üzrə faiz dərəcəsi ilə bağlı qərar qəbul edilir. O bildirib ki, əmanətlərin faiz dərəcəsi ilə bağlı növbəti müzakirə 3-cü rübün nəticələri açıqlanandan sonra aparılacaq.
Hazırda qorunan manat əmanətləri üzrə faiz dərəcəsi 15, dollar əmanətləri üzrə 3 faiz təşkil edir. Qeyd edək ki, bəzi mütəxəssislər manat üzrə faiz dərəcəsini 18 faizə qaldırmağı təklif edirlər. Onların fikrincə, bu faiz dəhlizi əhalini maraqlandıracaq və onlar əllərinə düşən manatı dəyişmək üçün dollar axtarmayacaq, əksinə, elə manatda saxlayaraq gəlirliyini artıra biləcəklər.
Ekspertlər isə vurğulayır ki, əmanətlərin qaytarılması əslində problemdir. Çünki Əmanətlərin Sığortalanması Fondunun artıq vəsaiti qalmayıb. Fond Mərkəzi Bankdan kredit alır. Ekspertlər həmçinin ölkədə bağlanmalı kifayət qədər böyük bankların olduğunu da vurğulayırlar. Onların fikrincə, borclarını, yəni əmanətləri qaytara bilməyən bankları vətəndaşlar məhkəməyə verib pullarını tələb etməlidirlər.
Həmçinin əmanətləri banklardan geri çəkmək də çıxış yolu kimi göstərilir. Bildirilir ki, bankların əmanətləri qaytara bilməməsi onlara olan inamı daha da azaldır və digər, hələ fəaliyyət göstərən banklarda əmanətçilərin pullarını geri çəkməsi ilə nəticələnir. Bu halda da böyük ehtimalla, bank sistemi çökəcək.
Qeyd edək ki, əhalinin banklardakı əmanətləri azalmaqdadır. Ekspertlər hesab edir ki, bank sistemi ağır vəziyyətdədir və əhali də ona etibar etmir. Ekspert Əkrəm Həsənovun sözlərinə görə, “Bank Standard”ın əmanətçilərinin pullarını geri ala biləcəyi dəqiq deyil. Onun sözlərinə görə, müflis olmuş banklarda sığortasız əmanətçilər, ümumiyyətlə, heç nə ala bilməyəcəklər.
Ekspertin sözlərinə görə, sonuncu bağlanan “Bank Standard”ın sağlamlaşdırılmamasının səbəbi Maliyyə Nazirliyinin daha banka vəsait xərcləmək istəməməsidir: “Bank ləğv olunanda dövlət bütün pulları yox, yalnız sığortalanmış əmanətləri verir. Əmanətlərin Sığortalanması Fondunun da pulu olmadığından, Mərkəzi Bankdan kredit götürməlidir. Yəni pullar dövlət büdcəsindən deyil, Mərkəzi Bankdan xərclənəcək”.
cia.az
