|
“Azərbaycan” ABŞ-ı sərt “vurdu”
Amerikada noyabrın 8-də keçiriləcək prezident seçkiləri Azərbaycanda da maraqla izlənilir. Rəsmi dövlət qəzeti “Azərbaycan”da ABŞ rəhbərliyinin xarici siyasət kursunu, bu ölkənin seçki sistemini sərt tənqid edən geniş təhlilli yazı dərc olunub.  Virtualaz.org xəbər verir ki, “Ağ Evin ”qara demokratiya"sı adlı məqalədə qeyd olunub ki, ABŞ unutmamalıdır ki, bu gün dünyada demokratiyaya və ədalətli, şəffaf seçkilərə ən çox ehtiyacı olan məhz onun özüdür.

Geniş məqalənin ixtisarla əsas hissələrini təqdim edirik:“İndi əsas mövzu bu seçkilərin gedişində ABŞ seçki sisteminin nöqsanlarının, kobud pozuntuların, korrupsiya hallarının artmasının daha qabarıq görünməsidir. Trampa olan etimad əslində ABŞ-ın xarici və daxili siyasətinə amerikalıların duyduğu etimadsızlıqdır. Ağ Ev özünü ”demokratiyanın beşiyi" adlandırır və azadlıq, insan hüquqları kimi dəyərləri bütün dünyada yaymağı əsas vəzifələrindən biri kimi elan edir. 
 
Rəsmi Vaşinqtonun özünü necə adlandırmasından asılı olmayaraq müasir reallıq, ən əsası isə “azadlıq ixracı” pərdəsi altında Şərq-müsəlman dünyasına gətirdiyi savaş və iflas ABŞ-ın demokratiyanın təməl prinsiplərindən tam uzaqlaşdığını, həmçinin xalqların suverenlik və seçim hüququna qənim kəsildiyini göstərir. Misirdən Suriyaya, Liviyadan İraqadək partlayan hər bir bomba, qətlə yetirilən hər bir insan məhz ABŞ “demokratiyasının” nəticəsidir, məhsuludur... ABŞ-ın Avrasiya bölgəsinə bəxş etdiyi “demokratiya” nə qədər qanlı və faciəlidirsə, öz ölkəsində tətbiq etdiyi “demokratiya” rejimi bir o qədər nöqsanlı, problemlidir. Dünya xalqlarını öz müqəddəratını təyinetmə hüququndan zorakılıqla məhrum edən bu fövqəlgüc elə öz vətəndaşlarının da normal seçim etmə imkanını minimuma endirib. ABŞ-ın seçki sistemini ifşa edən, bu ölkədə demokratiya elementlərinin tam olaraq iflasa uğradığını təsdiqləyən şəxs bu fövqəldövlətin prezidentliyi uğrunda yarışan Donald Trampdır. 
 
Ağ Ev bu şəxsin qeyri-ciddi obrazını yaratmağa çalışsa da, D.Tramp özünün ciddi siyasi liderlik keyfiyyətlərini, birləşdiricilik xüsusiyyətlərini, Amerika üçün yeni ümid ola bilmək ehtimalını ötən bir il ərzində dönə-dönə sübut etdi. O, “mafiyalaşmış dövlət aparatı” dediyi siyasi sistemə qarşı mübarizə apardığını söylədiyindən elə özünün mənsub olduğu Respublikaçılar Partiyasının da arzuolunmayan namizədidir. Yəni siyasətdə cəmi bir il ərzində peyda olan, öz partiyasının nəinki dəstəyini, əksinə, maneəsini görən, heç bir siyasi təşkilatlanmaya, ənənəvi siyasi elektorata malik olmayan bu milyarder qısa müddət ərzində ali vəzifə uğrunda iki namizəddən birinə çevrilirsə və hazırda amerikalıların 41 faizinin etimadını qazanırsa, ona qeyri-ciddi adam deməyin özü qeyri-ciddi səslənir. Hər bir ölkədə keçirilən seçkiləri təftiş etməyi, onu qiymətləndirməyi özünə “müqəddəs borc” bilən Ağ Ev rəhbərliyi öz dövlətində baş verən seçki pozuntularını, nöqsanları gizlədir.
 
Bunları açıqlayanlar isə dərhal “qara siyahı”ya salınır. Ağ Ev unutmamalıdır ki, bu gün dünyada demokratiyaya və ədalətli, şəffaf seçkilərə ən çox ehtiyacı olan məhz onun özüdür - Amerika Birləşmiş Ştatlarıdır..."
 
Məqalədə Barak Obama və Corc Buşun saxtakarlıqla prezident seçildikləri barədə müdhiş iddialar da var.
 
Amerikanı kəskin şəkildə tənqid edənlər sırasında hakimiyyətyönlü mətbuat orqanı olan “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyevdə var. Baş redaktor “Yeni Müsavat”a açıqlamasında mövqeyinə bu cür aydınlıq gətirdi: “ABŞ-da söhbət, faktiki olaraq, demokratlar və respublikaçıların hakimiyyəti bir-birilərinə ötürmələrindən söhbət gedir. Demokratik təsisatların demokratik fəaliyyətindən, çoxpartiyalı sistemdən söhbət gedirsə, digər partiyalar da bu seçkilərdə iştirak etməlidirlər. Orada bəzi hallar var ki, seçicilərin hüquqları faktiki pozulur. 6 milyona yaxın həbsdə olan və 3 milyondan çox ittiham olunan şəxs səsvermə hüququndan məhrumdur. Amerika heç də özünün dediyi kimi demokratik ölkə deyil. Bütün dünyaya demokratiya ixrac edən ölkə kimi özünü təqdim edirsə, o zaman bu kimi hallara yol verməməlidir. 
 
Seçki öncəsi seçicilərin hüquqları pozulur, antidemokratik siyasət aparılır. Hətta Klinton və Tramp bir-birilərini əxlaqsızlıqda günahlandırırlar. Bütün bunlar onu göstərir ki, Amerikada qeyri-demokratik mühit var. Onların dünyaya ixrac etdikləri nədirsə özləri də bilmirlər, amma dəqiq demokratiya deyil. Bu, demokratiya sözünə, ümumiyyətlə, uyğun gəlmir. Bunları deməkdə məqsədim var idi. Bununla bağlı geniş danışmaq olar. Hətta geniş müsahibə də mümkündür. Seçkiqabağı baş verənlər onların demokratik amillərə söykənmədiklərinin bariz nümunəsidir. Mən belə qənaətdəyəm. Tam əminliklə demək mümkündür ki, onlardan demokratik seçki gözləmək absurddur. Öz fikirlərimdə daim qalacam. Şahidi olduğumuz bu hadisələrdən sonra inanmıram ki, Amerikada demokratik seçki keçirilsin. Təəssüf edirəm ki, nüfuzlu beynəlxalq təşkilatların baş ofislərinin yerləşdiyi ABŞ bu cür seçki kampaniyası aparır. 
 
Amerikadan demokratiyaya və dünyaya nümunə ola biləcək kampaniya gözləyirdim. Bütün dünyanın gözü bu ölkəyə dikilib ki, ABŞ demokratiya nümunəsi göstərəcək seçki keçirəcək. Amma təəssüflər olsun ki, indidən orada keçiriləcək seçkilərin saxtakarlıq şəraitdə baş tutacağı ilə bağlı fikirlər formalaşıb. Artıq məlumdur ki, ölən şəxslərin adı ilə Amerikada işlər aparılır. Bütün bunlar onu göstərir ki, Amerikanın dünyaya dərs keçdiyi demokratiya bu ölkənin daxilində yoxdur. Əgər demokratiyanın beşiyi sayılırsa, bu nümunəni göstərməyə borcludur. Amma nə nümunə, nə də demokratiyanın elementlərini belə görmürük. Bəlkə də gələcəkdə qanunlarında hansısa demokratik meyllər nəzərə çarpacaq. Amma bugünkü ABŞ-ın durumunda, ümumiyyətlə, bundan söhbət gedə bilməz. Deyərdim ki, orada demokratiya ilə bağlı çox böyük problemlər var. Bu da birbaşa seçkinin mənzərəsini ortaya qoyan amillərdən biridir”.
Cia.az