|
Bakıda Türkiyə Cümhuriyyətinin 93 illiyi ilə bağlı tədbir keçirildi
Türkiyənin Azərbaycandakı səfirliyi Cümhuriyyətin elan edilməsinin 93-cü ildönümü münasibətilə oktyabrın 27-də rəsmi qəbul təşkil edib. Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, xarici ölkələrin səfirləri, media təmsilçiləri,  ictimai-siyasi təşkilatların rəhbərləri və digər qonaqlar iştirak edib.
 Hər iki ölkənin dövlət himnləri canlı ifa olunduqdan sonra, qardaş ölkənin yeni təyin olunan səfiri Erkan Özoral Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub.
Prezident məktubunda bildirib ki, 93 ildən sonra Türkiyə regionun ən güclü dövlətlərdən birinə çevrilib. Türkiyənin istiqlal mübarizəsindən və keçdiyi inkişaf yolundan bəhs olunan təbrikdə vurğulanıb ki, Türkiyə öz dinamik inkişaf yolunda siyasi, hərbi, iqtisadi, demokratiya və insan haqları sahələrində böyük addımlar ataraq regionda və dünyada öz mövqeyini möhkəmləndirib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişafından danışan diplomat deyib ki, qarşılıqlı səfərlər, imzalanmış çoxsaylı sənədlər dostluq və qardaşlıq münasibətlərini ən yüksək səviyyədə davam etdirməyə imkan yaradır.
 
 R.T.Ərdoğan təbrik mesajında iyulun 15-də baş verən uğursuz dövlət çevrilişi cəhdinə də toxunub: “Türkiyənin dövlətçiliyinə, demokratiyasına edilən istənilən cəhd uğursuz olacaq”. Yekunda Türkiyəyə dəstək verən bütün dostlara təşəkkür də əksini tapıb.
 
 Baş nazirin müavini Əli Əhmədov Azərbaycan hökuməti və şəxsən öz adından səfiri, diplomatın timsalında bütün Türkiyə dövlətini və xalqını əlamətdar bayram münasibətilə təbrik edib: “Düşünürəm ki, 93 il bundan əvvəl, 20-ci əsrin əvvəllərində bəşəriyyətin tarixində çox möhtəşəm siyasi möcüzə baş verib. Parçalanmış, tikə-tikə olmuş bir ölkənin hissələri bir yerə  yığılaraq yenidən möhtəşəm, əzəmətli bir məmləkət, bir dövlət, bir ölkə yaradıb. Mən Cümhuriyyət tarixini, Türkiyə Cümhuriyyətinin yaranmasını Türk xalqının əzəmətinin, möhtəşəmliyinin, vətənsevərliyinin, eyni zamanda düzlük və ədalət yolunda daim mücadilə aparmaq bacarıq və qabiliyyətinin nəticəsi hesab edirəm. Bununla Türk xalqı öz tarixinə, böyük keçmişinə sevgisini, məhəbbətini ifadə etdi. Böyük gələcəyini təmin etmək üçün hər bir qəhrəmanlığa və fədakarlığa hazır olmaq istəyini və qətiyyətini ortaya qoydu. Mən bu Cümhuriyyətin yaranmasının Türk millətinin qəhrəmanlığının, Türkiyənin böyük, yüz illər boyu davam edən dövlətçilik ənənəsinin və Qazi Mustafa Kamal Atatürkün müdrikliyinin sintezi hesab edirəm”. 
 
Ə.Əhmədov bildirib ki, bu gün Türkiyə dünya tarixinin çox böyük, möhtəşəm reallığıdır: “Əgər bəşəriyyətin tarixini türk tarixindən, türk dövlətçilik tarixindən kənarda təsəvvür etmək mümkün deyilsə, eynilə də bugünki dünyanı möhtəşəm Türkiyədən kənar təsəvvür etmək mümkün deyil”. 
 
Əli Əhmədov bildirib ki, Türkiyə zaman-zaman böyük sınaqlarla üz-üzə gəlib və biz sevinirik ki, həmişə bu sınaqlarda üzüağ çıxıb: “Belə sınaqlardan birini türk xalqı bu yaxınlarda yenidən yaşamalı oldu. Yenə  də sevinirik ki, bu sınaqdan da türk xalqı üzüağ çıxdı. Hesab edirəm ki, iyunayının 15-dən 16-na keçən gecə baş verən çevriliş cəhdindən sonra Türkiyə bu sınaqdan daha güclü, daha möhkəm, daha qətiyyətli, milli birliyini daha da saflaşdıraraq çıxdı". 
Əli Əhmədov qardaş ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu deyib və beynəlxalq tədbirlərin birində prezident İlham Əliyevin “burada Türkiyə prezidenti yoxdursa, mən varam” deyib Türkiyə əleyhinə çıxışlara sərt reaksiya verməsini xatırladıb. O, ölkələrimiz arasında strateji xarakter kəsb edən sarsılmaz dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini bildirib
 “YM”