Neft və onun qiyməti ilə bağlı müxtəlif gözləntilər olsa da, bunların əksəriyyəti real görünmür. Həmçinin ölkədə qeyri-neft sektorunun inkişafı yönündə addımlar atılması da yetərincə deyil. Ekspertlər mövcud durumu dəyərləndirərək, hökumətin etməli olduğu addımlara diqqət çəkirlər.
Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında bildirib ki, neft qiymətinin kəskin azalması Azərbaycanın gəlirlərini azaldıb. Dövlət başçısı bildirib ki, Azərbaycanın builki dövlət büdcəsində neftin qiyməti 25 dollar təsbit olunub: “Bu gün neftin qiyməti artıq 2 dəfə bahadır. Düşünürəm ki, biz bu vəziyyətdən minimal zərərlə çıxacağıq. Azərbaycan iqtisadiyyatı şaxələndirmə siyasəti həyata keçirir. Uzun illərdir ki, bunu həyata keçiririk. Bunun sayəsində neft Azərbaycanın ümumdaxili məhsulunun 33 faizini təşkil edir. Biz ümumdaxili məhsulumuzu şaxələndirməyə nail olmuşuq və neftin qiymətlərindən asılılığımızı azaltmışıq. Bu gün ixracımızın şaxələndirilməsi ilə məşğuluq. İstərdik ki, Avropa bazarlarına rəqabət qabiliyyətli qeyri-neft məhsulları ilə daxil olaq”.
Prezidentin sözlərinə görə, Azərbaycanda çox münbit sərmayə atmosferi var: “Azərbaycan postsovet məkanında adambaşına düşən ümumdaxili məhsulun həcminə görə birinci yerdədir. Bu günə qədər Azərbaycana 200 milyard dollar yatırılıb, bunun yarısı xarici sərmayə olub. Bu gün Avropada və dünyanın digər bölgələrində böhrana baxmayaraq, biz hələ də neft-qaz və digər sahələrə sərmayə cəlb etmək iqtidarındayıq. Biz işsizliyin səviyyəsini kəskin şəkildə azalda bilmişik, bu gün işsizliyin səviyyəsi 5 faizdir. Regional infrastruktur proqramları həyata keçirilir. Bunun sayəsində yoxsulluq da 5 faizə endirilib. Biz böyük həcmdə valyuta və qızıl ehtiyatları toplamağa nail olmuşuq. Bunun sayəsində neft qiymətləri kəskin düşəndə böyük manevr imkanları əldə etmişik”.

Ekspert Natiq Cəfərli musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanın neftdən asılılığının azaldılması çətin məsələdir: “İqtisadi sistemə baxdıqda və büdcə parametrlərinə, xarici ticarət balansına baxdıqda, gedən prosesləri gördükdə, təəssüf ki, ən azı yaxın on ildə Azərbaycanın neftdən asılılığının ciddi şəkildə qalacağını görmək mümkündür. Çünki nefti əvəz edə biləcək və neft qədər ölkəyə valyuta gətirə biləcək hər hansı sahənin yaxın illərdə inkişaf etdirilməsi, o sahə üzrə ciddi nailiyyətlərin əldə olunması mümkün görünmür. İqtisadi problemlərdən başqa, idarəetmədə də ciddi problemlər var. Məhz bu idarəetmədə olan problemlər hər hansı bir sahənin ciddi şəkildə inkişaf etməsinin qarşısını alır. Hökumətin yanaşması da burada öz rolunu oynayır. Hələ də hökumət və dövlət hər şeyin öz nəzarəti altında və birbaşa dövlətin iştirakı ilə inkişaf etdirilməsini düşünür. İstər kənd təsərrüfatı olsun, istər turizm olsun, hansıların ki, Azərbaycanda ciddi potensialı var, həmin sahələrdə dominant rolu dövlət oynamağa çalışır. Dövlət öz əlində cəmləməyə çalışır. Bu yol isə effektiv yol deyil. Dünyanın keçdiyi yol sübut edir ki, hər hansı bir nailiyyətləri əldə etməkdən ötrü dövlətin və hökumətin iqtisadi sferada bu qədər hegemon rol oynaması ciddi maneçilikdən və problemlərdən başqa bir işə yaramır. Sözümün canı odur ki, neftdən asılılığın azaldılması yolunun biri də iqtisadiyyatın dövlətdən asılılığının azaldılmasıdır. Təəssüf ki, Azərbaycanda bu, baş vermir. İqtisadiyyat, hökumətdən, dövlətdən, büdcədən nə qədər çox asılıdırsa, neftdən asılılığımız da bir o qədər davam edəcək”.

Ekspert Vüqar Bayramov isə qeyd edib ki, neftin dünya bazar qiymətinin necə dəyişəcəyi qlobal gündəmi zəbt etməkdədir: “Qlobal tələb-təkliflə bağlı statistika tarazlıqdan xəbər versə də, bazarda dayanıqlılığın formalaşdığından danışmaq hələlik tezdir. Neftə olan gündəlik tələb bu ilin üçüncü rübündə 96,99 milyon barelə çatıb. Bu rəqəm ikinci rübdə 95,62, birinci rübdə isə 95,36 milyon barel olub. Göründüyü kimi, neftə olan qlobal tələb artmaqdadır. Beynəlxalq Enerji Akademiyası dördüncü rüb üçün 97.03 milyon barel gündəlik tələb proqnozlaşdırır. Bu, son illərin ən yüksək tələb proqnozudur. Dünya bazarında neft təklifi isə azalmaqdadır. Belə ki, 2015-ci ilin sonuncu rübündə bazara gündəlik 97.37 milyon barel neft çıxaran enerji ölkələri ixracı bu ilin birinci rübündə 96.61, ikinci rübdə isə 95.93 milyon barelədək azalıblar. Əgər 2016-cı ilin birinci yarım ilinin nəticələrini müqayisə etsək, o zaman tələb və təklif təxminən bərabərləşib. Əslində neftin dünya bazar qiymətindəki mövsümi stabillik də məhz bazardakı mövcud tarazlıqla bağlıdır”.
Onun sözlərinə görə, OPEC-in gələn ayın sonuna nəzərdə tutulan toplantısının qiymətlərə təsiri olacaq: “Əvvəlla, qiymətin yaxın zamanlarda kəskin artacağına inanmaq və ya proqnozlaşdırmaq sadəlövhlük olardı. Hələlik dünya bazarında neftin qiymətini kəskin artıra biləcək iqtisadi faktorlar yoxdur. İkincisi, nə OPEC daxilində, nə də bu qurumdan kənarda neftin hasilatının azaldılması ilə bağlı konsesus yoxdur. Qlobal istehsalın təxminən 40 faizini təmin edən OPEC ən yaxşı halda hasilatı gündəlik 33 milyon barel səviyyəsində dondura bilər ki, bu da hasilatın azaldılması deyil, məhdudlaşdırılmasıdır. Deməli, ən yaxşı halda gündəlik hasilatda 500 min- 1 milyon barel azalma demək olacaq. Üçüncüsü, OPEC-də ikinci ən böyük istehsala malik ola İraq da daxil olmaqla, bazarda bir sıra digər oyunçular hasilatı azaltmaqla neft gəlirlərini minimumlaşdırmaq niyyətində deyillər. Gündəlik 4.8 milyon barel hasilata malik olan İraq istehsalı azaltmayacağını rəsmi bəyan edib. Bu arada, neftin qiymətindəki son azalmaların əsas səbəbi də bu bəyanatdır. İraq əsas dövlət gəlirini azaldacaq addımlar atmaqda maraqlı deyil. Əksinə, İraqda İŞİD-ə qarşı mübarizə güclənərsə, rəsmi Bağdad dünya bazarına daha çox neft göndərə biləcək. İran sanksiyalardan əvvəlki gündəlik 4 milyon barel hasilat səviyyəsinə qayıtmaqda israrlıdır. Bu isə cənub qonşumuzun gündəlik hasilatı daha 500 min barel artıracağı anlamına gəlir.
Deməli, yüksək qiymətlərə ümid etməyən bir sıra OPEC ölkələri hasilatı azaltmaqla mövcud gəlirlik səviyyələrini aşağı salmaqda maraqlı deyillər. Nəhayət, OPEC-in ən çox ehtiyatlandığı şist neft faktoru gündəmdədir. Neftin barelinin 60 dollara çatması şist neft hasilatını daha da rentabelli edə bilər ki, bu halda ABŞ və Kanada yenidən bazara daha çox ”qara qızıl" göndərəcəklər. Bu isə qiymətlərin daha kəskin azalmasına səbəb ola bilər".
V.Bayramov deyib ki, əslində bir barel nefti 5 dollara hasil edib 50 dollara satan OPEC ölkələri mövcud qiymətdən razı olmalıdırlar: “Çünki dünya bazarında xərcindən 10 dəfə baha qiymətə satılan əmtəələrin sayı heç də çox deyil. Bütövlükdə, orta hesabla xərci 20 dollara olan və bundan 2,5 dəfə baha qiymətə nefti satan digər enerji dövlətlərini də mövcud qiymət praktik olaraq razı salmalıdır. Sadəcə, əksər neft ölkələrinin iqtisadiyyatları yüksək neft qiymətlərinə, yumşaq desək, öyrəşdikləri üçün mövcud qiymətlər onlar üçün cəlbedici və sərfəli görsənmir. Gələn ay OPEC-in hansı qərar qəbul etməsindən asılı olmayaraq, enerji ölkələrinin neft gəlirlərinə baxış strategiyasının dəyişdirilməsi vacibdir. Artıq sözün real mənasında postneft dövrü başlayır. Postneft isə neftdən sonrakı dövr deməkdir”.
musavat
