|
Türkiyə hüquq-mühafizə sistemini möhkəmlədir
Hökumət etibarlı kadrları mərkəzi aparata toplayır, daha böyük miqyaslı həbslər gözlənilir, Ankara PKK və FETÖ-yə qarşı əməliyyatları aktivləşdirib
 
Türkiyədə 15 iyul qiyamından sonra dövlət orqanlarında başlayan islahatlar davam edir. Ötən gün yerli media hökumətin 61 vilayətin polis idarəsi rəisini yerdəyişmə etdiyini yazıb. Rəsmi qərara əsasən 34 vilayətin polis rəisi mərkəzi idarələrə gətirilib, 24 vilayət polisi rəisinin isə yerləri dəyişdirilib. 37 rəis ilk dəfə olaraq rəis vəzifəsinə təyin olunub.
Rəisləri dəyişdirilən vilayətlər arasında İzmir, Diyarbəkr, Adana, Antalya kimi böyük vilayətlər də var. Əsas maraq doğuran isə DİN Polis Baş İdarəsində çalışan aralarında kəşfiyyat, qaçaqmalçılıq və banditizmlə mübarizə, terrorla mübarizə, xüsusi təyinatlı,  kibercinayətkarlıqla mübarizə idarələrinin rəislərinin də olduğu 27 idarə rəhbərinin dəyişdirilməsi olub. Yerləri dəyişdirilənlər arasında polis kəşfiyyatının rərisi, adı Hrant Dink istintaqında keçən Engin Dinç olub. Dinç Eskişehir Polis İdarəsinin başına gətirilib.
 
Qeyd edək ki, Türkiyədə 15 iyul çevriliş cəhdi hadisələrindən sonra bir çox dövlət və ictimai qurumlarda təmizləmələr başlayıb. Xüsusən təhlükəsizlik və hüquq-mühafizə orqanları içərisində də ciddi təmizləmələr aparılıb. Eyni zamanda məhz bu “təmizləmələri” aparan qurum kimi DİN strukturları hökumətin əlində olan əsas güc orqanı olub. Polis orqanları içərisində FETÖ üzvlərinin çoxluğu və eyni zamanda qiyam zamanı polisin hökumətə sadiqliyi faktı bu təşkilat daxilində ciddi “təmizləmə”lərin xəbərçisi idi. Bu günə qədər DİN-in müxtəlif orqanlarından 8 min nəfərdən çox məmur işdən azad edilib və ya həbs olunub. Görünür ki, hökumət bu strukturu tamamilə yeniləmək və etibarlı kadrları mərkəzə, eləcə də əsas şəhərlərə gətirməyə çalışır. Bununla da həm də yaxın zamanlarda daha böyük “təmizlənmə”lərin olmasının işarəsi verilir. Artıq 100 gündür davam edən prosesin qarşıdakı mərhələdə daha ciddi siyasi postlarda olan nüfuzlu şəxslərə də gəlib çatması gözlənilir.
 
Yeri gəlmişkən, oktyabrın 26-da Türkiyə polisi İstanbul da daxil olmaqla, 12 vilayətdə həbslər həyata keçirib. Əməliyyat nəticəsində 81 polis əməkdaşı, o cümlədən İzmir Universitetində 55 müəllim və tələbə həbs olunub. Ümumilikdə isə 125 polis barəsində həbs qərarı çıxarılıb. Saxlanılanlar FETÖ üzvlərinin istifadə etdiyi mobil telefonlar üçün olan “ByLock” proqramından istifadə edirmiş. Terror təşkilatı istintaqı zamanı FETÖ üzvlərinin xüsusi proqramlar vasitəsilə bir-biriləri ilə əlaqə saxladığı üzə çıxıb. Hazırda bu proqramın istifadəçiləri şübhə altına alınıb və istintaq onların bağlılığını araşdırır.
 
Türkiyə hüquq-mühafizə orqanları Diyarbəkr şəhər bələdiyyəsinin həmsədrləri HDP üzvü Giltan Kışanak (keçmiş deputat) və Fırat Anlını həbs ediblər. Saxlanılan şəxslər PKK-ya dəstək vermək, bələdiyyə və dövlət əmlakının terror təşkilatı tərəfdarlarının xeyrinə istifadə etmək, o cümlədən ölkənin bölünməsinə çağırışlar, bölücü fəaliyyətləri dəstəkləməkdə ittiham olunur. G.Kışanak Ankarada parlament komissiyasına hərbi qiyamla bağlı ifadə verib geri qayıdarkən hava limanında həbs olunub.
 
Ancaq bu həbslər bölgədə ciddi gərginliyə səbəb olub. Kışanak PKK dəstəkçisi və HDP-nin əsas fiqurlarından biri hesab olunur. Onun həbsi HDP tərəfindən sərt şəkildə tənqid olunub, eyni zamanda aksiya çağırışları edilib. Etirazlar səbəbilə hökumət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib, bələdiyyə binası qarşısına polis qüvvələri yeridilib. Toqquşmaların baş verməsi gözlənilir. Diyarbəkr valiliyi isə bəyan edib ki, fövqəladə vəziyyət rejimi ilə əlaqədar olaraq şəhərdə aksiya keçirmək, şüar səsləndirmək qadağandır.
 
Ankarada isə parlament hərbi çevrilişi araşdıran deputat komissiyasının istintaqında gərginlik yaranıb. HDP-dən deputat Mithat Sancar Diyarbəkr bələdiyyə sədrlərinin həbsi ilə bağlı çıxış etmək istəsə də, AKP-dən olan komissiya sədri buna icazə verməyib. Nəticədə komissiyanın iclasında gərginlik yaranıb. HDP-li deputatlar hakimiyyət deputatlarını Kışanakın həbsinə göstəriş verməkdə ittiham ediblər. Daha sonra söz ala bilməyən HDP deputatları zalı tərk ediblər.
 
Avropa Birliyi xarici siyasət komissarı Federika Moqerini yaydığı yazılı açıqlamada PKK-çı bələdiyyə sədrlərinin həbsini “narahatlıq verici” hadisə adlandırıblar.  Eyni zamanda AB ali komissarı Ankaranı kürd separatçıları ilə dialoqu yenidən başlatmağa çağırıb.
YM