|
Hacıbala Abutalıbovun “əvəzedilməzliyinin” sirri
Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin vəzifədən kənarlaşdırılacağı barədə indiyə qədər dəfələrlə məlumatlar yayılsa da heç biri doğrulmayıb. Artıq 16 ildir ölkənin paytaxtına rəhbərlik edən 72 yaşlı Hacıbala Abutalıbovun “vurulması”na hakimiyyətin daxilində çalışan qüvvələr həmişə olub. 

Həmin qüvvələr istəklərinə nail olmaq üçün çabalar da göstəriblər. Lakin Abutalıbovu postundan uzaqlaşdırmaq hələ ki, onlara nəsib olmayıb. Bakı meri kürsüsü hakimiyyət üçün strateji bir postdur. Bu postda isə 16 ildir əyləşən şəxsin fəaliyyətindən artıq razı qalan çox az sayda insan tapmaq mümkündür. Bununla belə, rəqibləri Hacıbala müəllimi hətta bu durumda da “yıxa” bilmirlər.

Bəs adamı hakimiyyət üçün vazkeçilməz edən nədir, onu niyə dəyişmirlər?

Image result for Mehman Əliyev
 
“Turan” Agentliyinin baş direktoru Mehman Əliyev hesab edir ki, indiki məqamda H.Abutalıbovun vəzifədən azad edilib-edilməməsi nəyisə həll etmir: “Söhbət ondan gedir ki, hakimiyyətin özündə ciddi dəyişikliklər olmalıdır. Azərbaycanda böhran getdikcə dərinləşir. Bu böhran getdikcə güclənəcək. Bunun qarşısını haradasa ala biləcək antikrizis hökuməti lazımdır. Bizə belə hökumət dünən də lazım idi. Amma bu olmayıb, böhran daha da dərinləşib. Ona görə də heç olmasa bundan sonra sosial-iqtisadi gərginliklərin azaldılması, insanların sosial müdafiəsinin gücləndirilməsini tələb edən və bunu həyata keçirməyi bacaran hökumət formalaşdırılmalıdır. Ciddi islahatlar olmadan Bakı Şəhər İcra Hakimiyyətinin başçısının dəyişdirilib-dəyişdirilməməsinin mənası qalmır. Hacıbala Abutalıbov sistemin elementlərindən biridir və görünür sədaqəti, siyasi iddiasının olmaması kimi keyfiyyətləri onun vəzifədə saxlanmasında rol oynayır”.
 
Image result for Taliyət Əliyev
 
ADP sədrinin müavini Taliyət Əliyev bildirdi ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postu təsərrüfat, inzibati post olmaqla yanaşı, həm də siyasi postdur. Hakimiyyət isə ölkənin paytaxtının rəhbəri postunda siyasi iddiası olmayan, iddiasız, siyasi iradəsi olmayan adamın əyləşməsini özü üçün daha məqsədəuyğun bilir. Hacıbala Abutalıbov isə bu meyarlara cavab verən “unikal” kadrdır: “Bakı şəhərinin keçmiş meri mərhum Rəfael Allahverdiyevin Hacıbala Abutalıbovun mer təyin olunması barədə mətbuata verdiyi açıqlamanı xatırlayırsız hər halda. Rəfael Allahverdiyev deyirdi ki, “gəldim mərhum Heydər Əliyevin yanına, dedim ki, Bakı meri gərək bakılı olardı. O da dedi ki, Hacıbala Abutalıbov gəlib yalvarıb ki, məni heç olmasa 6 aylıq Bakı meri qoyun”. Yəni siyasi iradəsi, iddiası olmayan, yalvarmağa meylli şəxsin olması məqsədəuyğun bilinib. Hacıbala Abutalıbov bu hakimiyyətin ən yarıtmaz kadrlarından biridir, özünün şəxsi iradəsi olmayan “dişsiz” məmurlardan biridir, amma komandasına sədaqətlidir. Bu hakimiyyətə də əsas sədaqət lazımdır, peşəkarlıq, işini bilmək ikinci, üçüncü dərəcəlidir. Ona görə də onu postunda saxlayırlar. Fikir verirsinizsə, baş nazir Artur Rasi-zadə haqqında da bu günə qədər o qədər xəbərlər yayılıb ki, bu gün çıxarırlar, sabah çıxarırlar. Amma o hələ də yerindədir. Çünki, hakimiyyətə məhz Artur Rasi-zadə kimi siyasi iradəsi zəif olan baş nazir lazımdır, o cümlədən siyasi və şəxsi iradəsi zəif olan Hacıbala Abutalıbov kimi Bakı meri. Belələrini tapmaq görünür, hər zaman mümkün olmur”.
cia.az