Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək.
Bu, Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikdə əksini tapıb. Bu müəssisələr “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra publik hüquqi şəxs statusunu əldə edəcək.
Müəssisə dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla, mülki vəzifələr daşıyacaq və onun hüquq qabiliyyətinə isə onun ləğvinin başa çatdığı an xitam veriləcək. Müəssisə publik hüquqi şəxsdir və müstəqil balansa, dövlət və ya bələdiyyə əmlakına, xəzinə və bank hesablarına, üzərində öz adı həkk edilmiş möhürə, müvafiq ştamplara və blanklara malik olacaq.
Qeyd edək ki, indiyə qədər dövlət adından yaradılan tibb müəssisələri qeyri-kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərib.
Azərbaycanda publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək dövlət xəstəxanaları qismən, bələdiyyə xəstəxanaları isə əsasən pullu xidmət göstərəcək.
Nizamnaməyə əsasən indiyə qədər dövlət xəstəxanalarının vəzifəsi pulsuz tibbi xidmət göstərmək olub. Bu müəssisələrin yalnız növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım göstərmək hüququ var idi. Dəyişikliyə əsasən isə bundan sonra dövlət xəstəxanaları yalnız “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət göstərəcək. Eyni zamanda, dövlət adından yaradılan müəssisələrdə əvvəlki qaydada növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım xidməti olacaq.
Bu xəbər cəmiyyətdə təşviş yaradıb və mətbuatda ciddi müzakirələrə səbəb olub. Bundan sonra əhalinin dövlət xəstəxanalarında aldığı hansı xidmətlərin pullu olacağı və həmin məbləğin necə müəyyənləşdiləcəyi məsələsi sual doğurub.
Səhiyyə Nazirliyi dövlət xəstəxanalarının statusunun dəyişməsi ilə bağlı məsələyə münasibət bildirib.
Nazirlikdən verilən məlumata görə, əgər dövlət tibb müəssisələri əvvəllər Əsasnamə əsasında fəaliyyət göstərirdisə, bundan sonra Nizamnamə əsasında fəaliyyət göstərəcək. Məlumatda qeyd olunub ki, dövlət xəstəxanaları pullu olmayacaq və bu məsələ gündəmdə deyil: “Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. Dəyişikliklərə əsasən, bələdiyyə xəstəxanaları əsasən pullu fəaliyyət göstərəcək. Bələdiyyələr yerli idarəetmə orqanı olduğuna görə Səhiyyə Nazirliyinin onların fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur”.
Millət vəkili Musa Quliyev isə Publika.az-a açıqlamasında bildirib ki, bu qərar dövlət xəstəxanalarının hamısına aid ola bilməz: “Bu qərar əsasən universitet klinikaları, müəyyən nazirliklərin nəzdində olan klinikalara aid ola bilər: Çünki həmin klinikaların status müəyyən deyil. Onları dövlət yaradıb, özəl də hesab oluna bilməzlər. Həmin müəssisələr publik hüquqi şəxs yaratmaqla səhmin bir hissəsi dövlətdə, digəri vətəndaş və ya hüquqi şəxsdə olmaqla fəaliyyət göstərə bilərlər. Onların göstərdiyi xidmətlərin bir hissəsi ödənişli və ya ödənişsiz ola bilər. Amma dövlətin poliklinikaları, təcili yardım, Səhiyyə Nazirliyi tabeliyindəki klinikalarda pulsuz xidmət olduğu kimi qalacaq. Nazirlər Kabineti qərarı ilə müəyyən edilmiş qaydalar maliyyələşmə şərtlərini dəyişmir. Sadəcə bəzi klinikaların hüquqi statusunu dəyişmək üçün əsas verir. Bu səhiyyə müəssisələrinin pullu olması normaldır: “Onlar hüquqi şəxs yaradıb xidməti pullu edə bilərlər. Lakin Səhiyyə Nazirliyinin tabeliyində olan klinika, xəstəxana müalicələr hansı qaydada aparıldısa, bundan sonra da o formada həyata keçiriləcək. Müalicənin aparılmasının ödənişsiz və ya ödənişli olması şərtləri heç nəyi dəyişməyəcək. Bu vaxta qədər onsuz da həmin müəssisələrdə xidmət pullu idi, lakin onun normativ əsası yox idi. Onlar publik şəxs yaratmaqla bunun normativ əsaslarını təmin edəcəklər. İcbari sığorta işə düşəndən sonra sığorta müqaviləsi əsasında həmin xidməti göstərə biləcəklər”.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, hələ ki, bu dəyişikliklə bağlı bəzi məqamlar qeyri-müəyyəndir: “Əvvəllər də bizim təsərrüfat əsaslı səhiyyə xidməti göstərən müəssisələrimiz olub. Xüsusən Əli İnsanovun dövründə. Belə bir təcrübə var idi, ancaq o sistem özünü doğrultmadı. İndi dövlət xəstəxanalarında təsərrüfat hesablı xidmətin, sadə dillə desək pullu xidmətin tətbiqi inanmıram ki, durumun yaxşılaşmasına gətirib çıxaracaq. Əhalinin maddi durumunun ağır olduğu bir vəziyyətdə bu sosial müdafiəyə vurulan bir zərbə olardı. Bu baxımdan yaxşı olardı ki, icbari tibbi sığorta paketini təcili hazırlayıb tətbiq etsinlər. Ən yaxşı halda bütün əhalinin, bu mümkün olmadıqda isə aztəminatlı təbəqənin, əhalinin sosial müdafiəyə ehtiyacı olan hissəsinin icbari tibbi sığortası təmin edilsin”.
Adil Qeybulla vurğuladı ki, xəstəxanaların publik hüquqi şəxsə çevrilməsi pullu xidmətə keçilməsi anlamına gəlir: “Böyük Britaniya kimi dövlətdə xəstəxanaların 95 faizi dövlət nəzarətindədirsə, Azərbaycan da bu yolu tuta bilər və dövlət xəstəxanalarını mümkün qədər qoruyub saxlaya bilər. Səhiyyə müəssisəsinin statusunu yüksəltmək, texniki bazasını gücləndirmək, burada çalışan tibb personalının rifahını yüksəltmək istiqamətində tədbirlər görülməsi daha məqsədəuyğun olardı. Bu qərar verilsə də, hələ ki, heç nə məlum deyil, konkret bir məsələ yoxdur. Məlum deyil ki, hansı müayinələr pullu olacaq. Məlumatlar var ki, MRT, kompüter tomoqrafiyası, planlı əməliyyatlar və sair pullu ola bilər. Müxtəlif söhbətlər gəzir. Konkret bir açıqlama yoxdur. Bu sadəcə səhiyyə müəssisələrinin statusunun dəyişdirilməsi ilə bağlı atılan ilk addımdır. Mən hesab edirəm bu doğru yol deyil, dünyada bunun analogiyası yoxdur. Bunun üçün ya əhalinin gəlirləri yüksək olmalı idi, ya da icbari tibbi sığorta olmalı idi. Bunların heç birinin olmadığı halda səhiyyə xidmətinin pullu olması nə deməkdir? Hər halda gözləyək, görək nə olacaq”.
musavat
