|
Rəis müavini generalı necə rüsvay elədi?

Pentensiar Xidmətin rəhbərliyi hər zaman son illərdə bu sahədə aparılan islahatlardan danışıb, görülən işləri birbaşa xidmətin rəhbəri general Mədət Quliyevlə əlaqələndirirlər. Amma görünən odur ki, general artıq ya türmələrə nəzarət edə bilmir, ya da "ənənəvi metod"dan yararlanmağa başlayıb. Yəni o da sələflərindən fərlənmir.

Elə "Təzadlar” qəzetində dərc olunmuş və ədliyyə naziri Fikrət Məmmədova, Penitensiar Xidmətin rəisi, general Mədət Quliyevə ünvanlı şikayət məktubu da belə deməyə əsas verir.

Qısaca olaraq xatırladırıq ki, ərizəçi, Ucar rayonu, Azərbaycan küçəsi, ev-6-da yaşayan Aslanovlar ailəsi - Aslanov Ağanur Əmir oğlu, Aslanova Rəqimə Məhəmmədəli qızı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, 2 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi İlqar Sadıqov tərəfindən aldadıldığını yazırdı.

Bildirirdi ki, "... Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi İlqar Sadıqov və onun müavini Seymur Əliyev bizi aldadıb 1500 manat pulumuzu alıblar. Ona görə ki, oğlumuz orada qalsın... Amma onlar əksinə, məhkum oğlumuz Aslanov Elnurun yenidən Cəzaçəkmə Müəssisəsinə qaytarılması barədə Qaradağ rayon Məhkəməsinə təqdimat vermişdilər. Qaradağ rayon Məhkəməsi isə təqdimatın təmin olunmasına dair qərar çıxartmışdır. Hazırda isə oğlumuz Bakı İstintaq Təcridxanasına köçürülmüşdür. Biz 2 saylı MTCÇM-nin rəisi İlqar Sadıqov və Seymur adlı əməkdaşına oğlumuz Elnurun evə buraxılması üçün ilk dəfə 600 manat və evdə qalıb müəssisəyə getməməsi üçün isə hər ay 120 manat pul vermişik. İmkanımız olmadı deyə "təyin edilmiş” aylığı ödəyə bilmədik, buna görə də oğlumuz Elnurun cəzasını Cəzaçəkmə Müəssisəsində çəkməsi üçün Məhkəməyə təqdimat göndərdilər. İndi də onlara verdiyimiz pulu geri qaytarmalarını istəyirik. Biz pensiyaçı qoca və xəstə adamlarıq. Bir ay pul olmayanda belə edirlər, bu haqsızlıqdır. Qoy nazirlik gedib yoxlasın, Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən 2 saylı MTCÇM-də heç bir nəfər də olsun məhkum saxlanılmır. Hamısı aylıq verib evində qalır. Ancaq orada 1000-ə yaxın məhkumun saxlanılması sənəddə qeyd edilir. Bir dəfə kimsə aylığı verə bilməyəndə tez təqdimat yazıb gəldiyi Cəzaçəkmə Müəssisəsinə qaytarırlar. Kiminsə buna şübhəsi varsa gedib araşdıra bilər. Zəng edib 2-saylı MTCÇM-nin rəis müavini Seymur Əliyevdən pulumuzu qaytarmasını istəmişik. Ancaq hələ də pulumuzu qaytarmayıb. Bildiririk ki, oğlumuz Elnur 2006-cı il tarixdə Məhkəmənin hökmü ilə 9 il azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdir. Artıq azadlığa çıxmasına həmin müddət bitmək üzrədir...

Cəzasını 6 saylı CÇM-də çəkib. 2014-cü ilin may ayında cəzasının çox hissəsini çəkdiyi üçün 2 saylı MTCÇM-nə keçirilmişdir”.

Şikayətçi sonda nazir Fikrət Məmmədovdan və Penitensiar Xidmətin rəisi Mədət Quliyevdən xahiş edirdi:

"Cənab nazir!
Hörmətli Mədət müəllim!
Hörmətli redaksiya!
Xahiş edirik, biz pensiyaçıların pulunu 2-saylı MTCÇM-nin rəisi İlqar Sadıqovdan alıb bizə qaytarmağa köməklik edəsiniz”.

***

Şikayətdə adı çəkilən 2 saylı MTCÇM-nin rəisi İlqar Sadıqovla danışmaq üçün dəfələrlə bizə təqdim olunan telefonlara zəng etsək də cavab verilməyib...

Sonra çox çətinliklə 2 saylı MTCÇM-nin rəis müavini kimi təqdim olunan və alınan pul məsələsinin "baş qəhrəmanı” Seymur Əliyevin mobil telefonunu əldə etdik. Əvvəlcə problemin mövcud olduğunu etiraf edən S.Əliyev bu barədə rəisə məruzə edib mövqeyini bildirəcəyinə söz verdi... Amma sonradan nə baş verdisə, bundan imtina etdi, zənglərimizə cavab vermədi. Halbuki biz onun özünə də bildirmişdik ki, general Mədət Quliyevin adına və tutduğu prinsipial mövqeyə kölgə salan bu məsələnin şişirdilməsinə imkan verməsinlər və redaksiya rəhbərliyi də tərəflərin barışmasına, sülhə gəlməsinə kömək etməyə hazırdır. Təki şikayətçini qəbul etsinlər. Çünki bizə deyildiyi kimi, pulun alınıb verilməsini sübut edən audio səs yazısı da mövcuddur. Əslində isə, Seymur Əliyev dolayısı ilə bunu etiraf da etdi əməkdaşımıza:

- Biz o şikayətçi Aslanov Ağanur Əmir oğluna nə pislik elədik, oğlu nə qədər evə buraxıldı, kef çəkdi... Sonra günah özündə oldu, "doqovor”u pozdu...

- Seymur müəllim, xahişimizi rəisə çatdırın, A.Aslanovu qəbul etsin, şikayətçi belə başa düşməsin ki, biz sizin tərəfi tuturuq...

- Yox, siz Penitensiar Xidmətin mətbuata baxan şöbə rəisi var, Mehman Mehmanov, ondan sualınıza cavab alın...

- Ay Seymur müəllim, "KİV haqqında” Qanunda elə şey yoxdur... Biz Mehman müəllimdən soruşaq ki, rəis İlqar Sadıqov vətəndaşdan 1500 manat rüşvət alıb, indi pulu qaytarmır, buna nə cavab verə bilərsiniz? Bu suala rəis özü aydınlıq gətirməlidir...

- Onda generalın köməkçisi var, Yaşar İsaakov, ona zəng edin...

- Ona niyə?

- Çünki hər şeyi o yaxşı bilir... Biz bütün "işi” onunla birgə edirik... Siz ondan soruşun...

(Təzadlar).