|
Məmurlar 77 yaşlı kişini didərgin saldı

Son vaxtlarda Lənkəranın müvafiq icra strukturları, sanki iflic olublar. Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun müntəzəm işə çıxa bilməməsi isə Lənkəran kimi iri iqtisadi rayonunun idarəetməsində boşluqlar yaradıb.

Belə ki, Lənkəran Rayon İcra Hakimiyyəti Torpaq və Xəritəçəkmə Şöbəsinin müdiri Rəfail Tahirov, Lənkəran Bələdiyyəsinin sədri Eldar Hüseynov, Azərbaycan Respublikası Dövlət Torpaq Və Xəritəçəkmə Komitəsinin yanında Lənkəran Rayonlararası Kadastr İdarəsinin müdiri Əlövsət Rufiyev, həmin idarənin əməkdaşı Xalid Rəhimov, Lənkəran Ərazi Dövlət Reyestr Xidmətinin rəisi Nazim Məmmədov və digər məmurlar sözün əsl mənasında rayonda "at oynadırlar".

Elə Lənkəran şəhəri, Koroğlu küçəsi, 3 saylı evdə yaşayan Qasımov Adil İbad oğlunu başına gətirilənlər də belə deməyə əsas verir. Adil kişi başına gətirilənləri ürək ağrısı ilə nəql edərək deyir:

"Mənim 77 yaşım var. Hazırda təqaüddəyəm. İki oğlum və bir qızım var. Onlar ailəlilidirlər.

Mən ata – babalarımın tikdikləri köhnə evdə yaşayıram. Vaxtilə ata – babama məxsus olan bu evdə indi beş ailə yaşayır. Evin bir otağında mən həyat yoldaşımla, sonrakı otaqda oğlum həyat yoldaşı və iki uşağı ilə, daha sonrakı otaqda isə bacım nəvəsi ailəsi ilə, anası, həyat yoldaşı və iki uşağı ilə birgə yaşayırıq. Həmin həyətdə böyük qardaşımın da balaca bir koması var. Qardaşım rəhmətə gedib. Oğlanları və qızları yaşayır. Oğlanları Rusiyadadır.

Baxın, vaxtilə atama məxsus olan bu həyətdə bir ailə yaşayırdı. İndi isə maddi imkansızlığa görə, ev inşa edə bilmədiyimizdən hamımız bura sığınmışıq. Lakin bunu da bizə çox bilirlər. İndi Səxavət adlı qonşumuz gözünü həyətimizə dikib. Özünün ikimərtəbəli evi və 10 sot həyəti ola – ola xəbərimiz olmadan şəhər Bələdiyyəsindən kağız alıb ki, həyət bunundur: "Almışam, vəssalam!”- deyir. Bu adam mənim setka çəpərimi söküb və orada tikinti işi aparır. Həyət qapımı da söküb və çölə çıxışımı isə bağlayıb. Bu şəxs adını çəkdiyim adamlara pul verib həyəti aldığını bildirir.

Bildirirəm ki, yaxşı maddi imkanları olan bu şəxs və qardaşı ata həyətlərində və onun kənarında özlərinə yaşayış evləri salıblar. Ancaq düşünmürlər ki, qonşuları (beş ailə) nə səbəbə bir həyətə niyə sığınıblar?

Mən vəziyyətlə əlaqədar Rəfail Tahirova, Eldar Hüseynova, Xalid Rəhimova, Mahir Axundova və digərlərinə dəfələrlə şifahi və yazılı müraciət etsəm də, nəticəsi olmamışdır”.

İndi həmin həyətdə yaşayan beş ailə çarəsiz qalıb. Artıq rayonda onların ölkə Konstitusiyasının verdiyi və Allahın bəxş etdiyi yaşamaq hüququnu təmin edən dövlət orqanı yoxdur. Bu insanlar həyatın ümidinə buraxılıblar. //MİA.Az