ABŞ-da 8 noyabrda keçiriləcək prezident seçkilərinə qalan vaxt azaldıqca demokratların namizədi Hillari Klintonun qələbə çalacağı ehtimalı ciddiləşir. Klintonun prezident olma ehtimalının artması fonunda isə Rusiya mediasında və Azərbaycanın bəzi KİV-lərində, əhali arasında belə bir təbliğat aparılır ki, Klinton müsəlmanlara, Azərbaycana düşmən kimi yanaşır, Klinton ermənipərəstdir.
Lakin politoloq Qabil Hüseynli bu cür iddiaları uydurma hesab edir: “O, seçkilərin favoritidir. Ölkə prezidenti Barak Obama da onu dəstəkləyir, seçki kampaniyasında iştirak edir. Klintonun müsəlmanları sevməməsi, onun prezident olmasının Türkiyə və Azərbaycan üçün qətiyyən sərfəli olmayacağı, Azərbaycana mənfi münasibət bəsləməsi barədə deyilənlər başdan, ayağa uydurmadır. Əvvəla, ABŞ-da prezident ölkənin bütün xarici siyasət xəttini, bütün qəbul etdiyi qərarları təkbaşına həyata keçirmir. ABŞ-ın siyasətinin müəyyən edilməsində Senat yaxından iştirak edir, Dövlət Departamenti, dərin dövlət deyilən və daha çox Mərkəzi Kəşfiyyat İdarəsinin və Pentaqonun simasında özünü büruzə verən güc mərkəzləri var və onlar ümumi Amerika siyasətinin formalaşmasında yaxından iştirak edirlər. Əgər Hillari Klintonun həyat yoldaşı Bill Klintonun prezidentliyi dövründə müsəlmanafobiya özünü büruzə verməyibsə və demokratlar dünyada demokratiyanın yayılması, insan haqlarına riayət edilməsi məsələsində daha fəal mövqe tutublarsa, Hillari Klintonun prezidentliyi dövründə də belə olacağını proqnozlaşdırmaq mümkündür. Dövlət katibi olduğu müddətdə də xanım Klinton kifayət qədər bir məsələdə barışmaz mövqe nümayiş etdirirdisə, o da Rusiya məsələsi idi. Bu gün Klintonla bağlı mənfi istiqamətli söz-söhbətlərin çoxu Rusiya təbliğatı tərəfindən düşünülüb müxtəlif postsovet respublikalarına göndərilib. Rusiya Klintonun simasında özünün bir nömrəli düşmənini görür”.

Politoloqa görə, Donald Trampın təbliği ilə bağlı atılan addımlar, Klintonun seçki kampaniyasına kiber hücumlar, Klintonu gözdən salan digər variantlara əl atılması və digər addımlar onu göstərir ki, Rusiya Obama dövründə başladılan və Ukraynaya hücumdan sonra aktiv forma alan anti-Rusiya siyasətini Klinton daha güclü bir formada davam etdirəcəyini bilir: “Hətta belə söyləyirlər ki, Klintonun dövlət katibi vəzifəsindən istefa verməsinin əsas səbəblərindən biri onun Barak Obamanı Rusiyaya qarşı daha aktiv mövqe tutmağa çağırması və bu məsələdə onların arasında yaranan fikir ayrılığı ilə bağlı idi. Ona görə də Rusiya Klintonun prezident seçilməsindən son dərəcə ehtiyatlanır. Tramp kimi siyasətdə diletant olan bir şəxsin seçilməsini isə Rusiya çox istəyir. Azərbaycan əhalisinin çox təəssüflər olsun ki, siyasi mədəniyyət və siyasi müdriklik səviyyəsi ABŞ-da gedən seçki proseslərini dəqiq təhlil etməyə və uyğun nəticələr çıxarmağa imkan vermir. Məsələn, qəzet oxumayan, sosial şəbəkələrlə əlaqəsi olmayan insanların real həqiqətin harada olduğunu tapa biləcəyini düşünmək sadəlövhlük olardı. Ona görə də, məncə, bu məsələdə kütləvi informasiya vasitələri fəal mövqe tutmalı və Azərbaycanın maraqlarının harada olduğunu və kimin Azərbaycan üçün daha sərfəli ola biləcəyini Azərbaycan əhalisinə çatdırmaq gərəkdir. Trampın seçilmək şansı yoxdur və Klinton seçiləcək. Bu vəziyyəti görə-görə xanım Klintonun əleyhinə təbliğat aparmaq nə dərəcədə məqsədəuyğundur? Klinton haqqında ”müsəlman düşməni", “Azərbaycan düşməni” təbliğatını aparmaq ölkənin maraqlarına uyğun deyil. Bəxtiyar Hacıyev kimi bir tələbəni, gənc aktivi əgər Hillari Klinton dövlət katibi kimi Azərbaycana gələrkən onun seçki kampaniyasında iştirak etdiyinə görə ayrıca qəbul edib problemləri ilə maraqlanırsa, bu, Azərbaycan xalqına olan diqqətin bir ifadəsi deyilmi?"
Q.Hüseynli dedi ki, Hillari Klintonun ermənipərəstliyi barədə deyilənlər də əsassızdır: “Rusiyanın quyruğunda sürünən hansı ölkə varsa, o ölkə Klinton üçün hədəf mövqeyində qavranılacaq. Ermənistanın isə Rusiyanın quyruğunda süründüyü, Rusiyanın forpostu olduğu hər kəsə aydındır. Rusiyanın qulbeçəsi olan Ermənistanın Klinton tərəfindən müdafiə ediləcəyini əsla təsəvvür etmirəm. Klintonun seçildikdən sonra əsas missiyası Rusiyanın indiki dünya hadisələrinə kobud müdaxiləsini neytrallaşdırmaq, onu öz qabığına oturtmaq və dünya proseslərində araqarışdıran rolunu oynamaqdan məhrum etməkdən ibarət olacaq. Rusiyanın iqtisadi cəhətdən taqətdən salınması Rusiyanın siyasi elitasında dəyişikliklər edilməsi, Rusiyanın Ukraynadan, Gürcüstandan, Suriyadan çıxarılması, Avropaya müdaxiləsinin qarşısının alınmasına cəhdlər ediləcək. Bu kontekstdə də zərbənin bir ucu Rusiyanın quyruğunda sürünən Ermənistan kimi ölkələrə dəyəcək. Odur ki, Klintonun prezident seçilməsindən qorxuya düşməməli, əksinə, Klintonun prezidentliyinin Azərbaycanın maraqlarına uyğun olduğuna inanmalıyıq”.
cia.az
