Pakistanda növbəti terror aktı törədilib. Xarici xəbər agentliklərinin məlumatına görə, Bəlucistan əyalətində Bəlucistan Polis Kollecinə edilən silahlı hücum nəticəsində 59 nəfər öldürülüb, 117 nəfər isə yaralanıb. Əməliyyat 5 saat davam edib, avtomat silahlarla silahlanmış 3 nəfər gecə, polis kursantları yatdığı zaman mərkəzə hücum edib.
Xəbərdə iki terrorçunun üzərlərində olan partlayıcının partlaması nəticəsində öldüyü bildirilir.
“Əl-Cəzirə” kanalının məlumatına görə, terror hücumunun məsuliyyətini “Ləşkəri Cengvi” adlı qruplaşma öz üzərinə götürüb. Bəlucistan əyalətində fəaliyyət göstərən qruplaşmanın daha əvvəl də terror hücumları həyata keçirdiyi, əsasən şiə xəzərlərə hücum etdiyi bildirilir. Qruplaşmanın İŞİD-lə bağlantısı olduğu təxmin edilir.
Ən böyük müsəlman ölkələrindən olan Pakistan uzun illərdir terrordan əziyyət çəkir. Əfqan müharibəsi zamanı Pakistan “arxa cəbhə” rolunu oynayıb. Bu ölkədə yetişdirilən cihadçılar daha sonra Əfqanıstana göndərilib. Ancaq sonradan Pakistanın özündə də radikal islamçı qruplaşmalar meydana gəlib. 90-cı illərdə, xüsusən də 11 sentyabr olaylarından sonra Əfqanıstandakı xaos və terror Pakistana da yayılıb. Ölkənin Cənubi Vəziristan və eləcə də Bəlucistan bölgəsinin Əfqanıstanla sərhəd ərazilərində demək olaraq dövlət nəzarəti mövcud deyil.
Yerli silahlı qəbilə başçıları və son illərdə isə “Taliban”la yanaşı yeni silahlı terror təşkilatları bu bölgələrdə rahat fəaliyyət göstərir.
Pakistan ordusu bir neçə dəfə dəhşətli terror aktlarından sonra Cənubi Vəziristan, Bəlucistan bölgələrində genişmiqyaslı antiterror əməliyyatları keçirib, bu zaman terror təşkilatlarına ağır zərbə vurulub. Ancaq bu əməliyyat əsasən qısa müddətlik olur və qisas xarakteri daşıyır, ölkənin bir sıra bölgələrində hələ də dövlət suverenliyi tam olaraq bərpa olunmuş deyil.
Xüsusən də son illərdə radikal islamçı qruplaşmalar Pakistanda dinc insanları, o cümlədən şiələri və hökumət məmurlarını hədəfə alan hücumlar təşkil edirlər. 70 ilə yaxındır Hindistanla müharibə vəziyyətində yaşayan, son günlərdə də yeni hərbi hərəkətliliyin, toqquşmaların baş verdiyi Pakistanda daxili sabitlik çox aşağıdır. Əfqanıstanla geniş sərhədi olan Pakistanın Vəziristan və Bəlucistan bölgələrində Taliban, İŞİD və digər radikal islamçı qruplaşmalar at oynadır.
2011-ci ilin mayında ABŞ ordusu xüsusi əməliyyat keçirərək Pakistanın Abbotabad şəhərində neçə ildir gizlənən “əl-Qaidə” lideri Üsamə bin Ladeni öldürdü. Bu əməliyyatdan sonra Pakistanla Qərb, ABŞ arasında münasibətlər soyuqlaşdı. Çünki bin Laden əməliyyatı “baş terrorçunun” uzun illər Pakistanda yaşadığını üzə çıxarmışdı. Xüsusən də Pakistan kəşfiyyatının (İCİ) terror təşkilatları ilə əməkdaşlığı haqqında şübhələr ortaya atılmağa başladı. Bundan sonra isə Vaşinqton Pakistana yardımları azaldacağını bəyan etdi. Eyni zamanda paralel olaraq ABŞ pilotsuz təyyarələrinin Pakistan üzərində reydləri - terrorçu ovu - artdı.
Pakistanda son illərdə antiterror əməliyyatlarının sayı sürətlə artsa da, terrorun sayı azalmır. Yalnız bu ilin son 3 ayı ərzində avqustun 8-də baş verən terror zamanı 72, sentyabrın 17-də baş verən terror aktı nəticəsində 36 nəfər həlak olub. Bu terror aktları bir qayda olaraq hökumət orqanlarını və şiə qruplarını hədəfə alır. Bu isə ölkədə dövlət hakimiyyətinin gücünü və sabitliyi ciddi təhdid edir.
Üstəlik, Hindistanla müharibə şəraiti və son aylarda artan toqquşmalar Pakistanda sabitliyi təhdid edən əsas ünsürlərdəndir.
Son illərdə müsəlman aləmində dərinləşən böhran Pakistana da təsir edib. Hazırda əsasən Yaxın Şərq münaqişələrində ciddi maliyyə yardımı aldığı Səudiyyə Ərəbistanının yanında dayanan İslamabad eyni zamanda həmsərhəd ölkə olan İranla da əməkdaşlığı zədələmək istəmir.
Bu səbəbdən də müsəlman hərbi koalisiyasına qatılsa da, Pakistan birbaşa hərbi iştirakdan qaçır. Çoxmillətli və çoxdinli ölkə olan Pakistanda vəziyyətin nəzarətdən çıxması ehtimalı hələ də güclüdür. İŞİD-in bu ölkədə tərəfdar toplaması və son illərdə fəallaşması Pakistan üçün təhlükə siqnalı deməkdir. Ancaq böyük ölkə və radikal qrupların və tayfa münasibətlərinin hələ güclü olduğu Pakistanda yeni terror təhlükəsinin qarşısını almaq çətin olacaq.
musavat
