Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə səfərdədir. Bu barədə AZƏRTAC-ın yaydığı məlumata əsasən, səfər çərçivəsində o, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Türkiyə XİN başçısı ilə görüşdə Azərbaycanla Türkiyə arasında bir sıra məsələlər, o cümlədən ictimai-siyasi sahədə əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb. İki ölkə diasporlarının mütəşəkkil və birgə fəaliyyətinin təmin edilməsi yönündə yeni strategiyanın müəyyənləşdirilməsi ilə əlaqədar məsələlərə diqqət yetirilib. Söhbət zamanı Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin yeni müstəviyə qaldırılması, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
Virtualaz.org xatırladıb ki, Azərbaycan FETÖ-yə qarşı mübarizədə Türkiyəyə dəstək verir, öz ərazisində Fətullah Gülən şəbəkəsi ilə bağlı əməliyyat-istintaq tədbirləri həyata keçirir. Ehtimal ki, Əli Həsənovun Türkiyəyə ezam edilməsi həm də bu sahədə birgə fəaliyyətə dair müzakirələr aparmaqdır. Prezident köməkçisinin Türkiyədə başqa görüşlərinin də gözlənildiyi bildirilir.

AVP sədri, deputat Fəzail Ağamalı dövlət rəsmisinin səfərinə önəm verdiyini vurğuladı: “Əli Həsənov, məncə, ölkə prezidentinin xüsusi tapşırığı ilə əhəmiyyətli bir missiya üçün Türkiyədədir. Nəzərə almalıyıq ki, xüsusilə son vaxtlar Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər daha yüksək səviyyədə inkişaf etməkdədir. Həmçinin işğal altındakı torpaqlarımızın azad olunması ilə bağlı Türkiyənin son vaxtlar fəallaşması, Minsk Qrupunun həmsədri kimi Rusiyadan bu problemin həllində Ankaranın önə çıxmasının vacibliyi haqqında Lavrov səviyyəsində açıqlamanın verilməsi, məncə, təsadüfi deyil. Həm də nəzərə alsaq ki, Türkiyə Minsk Qrupunun üzvüdür, beləliklə, ola bilsin ki, işğal altındakı torpaqların azad edilməsi ilə bağlı Türkiyənin rəsmi dairələri ilə müəyyən danışıqlar aparılır. Hesab edirəm ki, bütün bunlar Azərbaycan və Türkiyənin prezidentləri səviyyəsində razılaşdırılmış ümumi planın tərkib hissəsidir və konturları bizə bəlli olmasa da, hər halda, buna ciddi əhəmiyyət veriləcəyinə qətiyyən şübhəm yoxdur”.
F.Ağamalı səfər çərçivəsində FETO ilə bağlı müzakirələrin aparılacağını da istisna etmədi: “Bugünlərdə qəzetlərin verdiyi məlumata görə, gülənçilərlə bağlı bir neçə nəfərin də saxlanılması artıq sübut edir ki, Azərbaycanın rəsmi qurumlarının Gülən və onun ölkəmizdəki bu ya digər tərəfdarları ilə əlaqədar mövqeyi çox ciddidir”.
Politoloq Elxan Şahinoğlu də səfərin pərdəarxası məqamlarına toxundu: “Prezident İlham Əliyevin tapşırığı ilə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Türkiyəyə qəfil səfər etməsi ondan xəbər verir ki, administrasiya rəsmisi Ankaraya xüsusi missiya ilə gedib. Əks halda, Ankaraya Əli Həsənov yox, xarici işlər naziri Elmar Məmmədyarov göndərilməli idi. Əli Həsənovun ilk olaraq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü ondan xəbər verir ki, İlham Əliyev Ankara ilə həssas mövzuları müzakirə etməyi məhz Əli Həsənova həvalə edib. Bunun bir neçə səbəbi var: Birincisi, Əli Həsənov məsafə və inam baxımından prezidentə ən yaxın fiqurlardan sayılır. Prezident Məmmədyarovdan fərqli olaraq, düyməni basıb istədiyi an Əli Həsənovu otağına dəvət edib onunla ən həssas mövzuları müzakirə etmək imkanına malikdir.
İkincisi, Əli Həsənov Prezident Administrasiyasında ən çevik fiqurlardandır. O güclü və nizamlı icraçıdır, prezidentin istənilən tapşığırını ən yüksək səviyyədə həyat keçirən kadrdır. Məhz Əli Həsənovun fəaliyyəti nəticəsində Azərbaycanda siyasi və ictimai sektor tədricən nəzarət altına alındı, hazırda hakimiyyətə təhlükə yaradacaq heç bir ciddi cərəyan yoxdur. Əli Həsənovun Mövlud Çavuşoğlu ilə görüşündən sonra informasiya bu şəkildə yayıldı ki, görüşdə Azərbaycanla Türkiyə arasında bir sıra məsələlər, o cümlədən ictimai-siyasi sahədə əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

Bundan başqa, Türkiyə və Azərbaycan diasporlarının mütəşəkkil və birgə fəaliyyətinin təmin olunması istiqamətində yeni strategiyanın müəyyənləşdirilməsi ilə əlaqədar məsələlərə diqqət yetirilib. Söhbət zamanı Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin yeni müstəviyə qaldırılması, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Bu sadalanan məsələlər iki ölkə arasındakı münasibətləri strateji səviyyəyə çatdırmaq üçün çox vacibdir. Maraqlıdır ki, Əli Həsənovun Ankaraya səfəri Türkiyənin Azərbaycandakı yeni səfiri Erkan Özoralın ölkəmizdə rəsmən fəaliyyətə başladığı günlərə təsadüf etdi. Səfirin özü də ilk müsahibəsində qeyd edib ki, iki ölkə arasındakı strateji tərəfdaşlığı genişləndirmək üçün tərəflər daha fəal olmalıdırlar.
Bu açıqlamanın özü də Əli Həsənovun Ankaraya səfərinə müəyyən qədər ipuçu verir. Başqa sözlə, iki ölkənin ortaq hədəflərini müəyyənləşdirən ”yol xəritəsinin" hazırlanmasına ehtiyac var. Türkiyə və Azərbaycan diasporalarının birgə fəaliyyətinə dair qərar bir neçə il öncə yüksək səviyyədə verilmişdi. Ancaq bu iqtiqamətdə böyük uğurların qazanıldığını söyləmək çətindir.
Hətta deyərdim ki, bəzi məsələlərdə xaricdəki Azərbaycan diasporu Türkiyə diasporundan daha fəaldır. Ancaq diasporalar əlaqəli şəkildə fəaliyyət göstərsələr, daha effektli olar. Sadəcə, bunu hələ müşahidə etmirik. Misal üçün, ən güclü türk diasporu Almaniyadadır, bu ölkədə 3 milyondan çox türk yaşayır. Buna rəğmən, Almaniya parlamenti “erməni soyqırımı"nı tanıyan qətnaməni rahatlıqla qəbul etdi. Halbuki Almaniyada ermənilərin sayı heç 10-15 mini keçmir. Doğrudur, bunu erməni lobbisinin “qələbəsi” adlandırmaq da doğru olmazdı. Almaniya parlamentinin özü Türkiyəyə zərər vurmaq fikrinə düşmüşdü. Ancaq əgər 3 milyon türkün cəmi 10 faizi Almaniya küçələrində etiraz aksiyaları keçirsəydi, Bundestaq “erməni soyqrımı"nı tanımadan öncə yüz dəfə fikirləşmək məcburiyyətində qalardı. Azərbaycan və Türkiyə diasporalarının birgə fəaliyyətini həm də 15 iyulda çevrilişə cəhd mürəkkəbləşdirir.
Məsələ burasındadır ki, xaricdəki türk diasporaları arasında Fətullah Gülən şəbəkəsinə bağlı insanlar, qruplar və dərnəklər də az deyil. Aydındır ki, belələri ilə birgə fəaliyyət mümkün deyil. Əli Həsənovun Türkiyəyə səfərinin arxasında FETÖ ilə birgə mübarizə mövzusunun olduğu da ehtimal olunur. Əli Həsənov Azərbaycanda bu şəbəkəyə qarşı illərdir mübarizə aparır. Keçmiş illərdə Əli Həsənovun bu mübarizədə böyük uğur qazandığını söyləmək çətindir.
Çünki Gülən şəbəkəsinin Azərbaycan hakimiyyəti içində də güclü dayaqları var idi. Ancaq Türkiyə prezident Rəcəb Tayyub Ərdoğan 5 il öncə Gülənə qarşı mübarizəyə başladıqdan sonra rəsmi Bakı da bu prosesə qoşulmaq məcburiyyətində qaldı. Buna baxmayaraq, şəbəkənin Azərbaycandakı gücünün xeyli zəiflədiyini vurğulamaq da çətin idi. 15 iyulda çevrilişə cəhddən sonra durum büsbütün dəyişib. Türkiyədə Gülən şəbəkəsinə qarşı əsl savaş gedir, Ankara FETÖ ilə xaricdə də mübarizə aparır. Artıq Azərbaycana yeni siyahılar göndərilib. Düşünürəm ki, Əli Həsənov həm bu siyahını müzakirə etmək, həm də şəbəkənin Azərbaycandakı fəaliyyətini tam sıfıra endirmək üçün də Ankarada danışıqlar aparır".
musavt
