Azərbaycanın Dağlıq Qarabağa ən yüksək status vəd etməsinə İrəvandan savaş ritorikası ilə cavab verilməsinə ABŞ, Rusiya və Fransanın sükutu yalnız bu anlamı verir; ekspertlər danışıqların davamını mənasız sayırlar...
Azərbaycan səfərindən sonra Ermənistana gedən ATƏT-in Minsk Qrupunun həmsədrlərini işğalçı ölkədə yenə də aqressiv bəyanatlarla qarşıladılar. İrəvanda həmsədrlərə deyiblər ki, Ermənistanın yeni hökumətinin proqramına “bir qarış da olsun torpaq” prinsipi salınıb, ona görə də ərazi güzəşti mümkünsüzdür.
Bu, amerikalı həmsədr Ceyms Uorlikin Bakıda səsləndirdiyi “Azərbaycan əraziləri işğaldan azad olunmalıdır” bəyanatına aprel şokundan sonra himayədarlarının dəstəyi sayəsində kifayət qədər quduzlaşmış düşmənin operativ reaksiyası da sayıla bilər.
Hələ ki İrəvandan verilən cavaba ATƏT-in Minsk Qrupunun turist həmsədrlərinin hansı reaksiya verdiyi bəlli deyil. Əslində heç diplomatlardan sərt reaksiya gözləməyə də dəyməz. Çünki Ermənistanın azğınlığının səbəbkarı həm də həmsədrlərin özləridir. Çox uzağa getməyək, elə bu ilin əvvəlində AŞ PA-da Ermənistanın işğalçı siyasətinə qarşı hazırlanan qətnamənin qəbuluna məhz həmsədrlərin etirazı səbəb oldu. Əgər amerikalı həmsədr gerçəkdən də işğala son verilməsini istəyirdisə, o halda AŞ PA-ya ünvanlanmış etiraz müraciətinə qol qoymamalı idi. Sadəcə, diplomatlar “status-kvo”nun saxlanması şəraitində özlərinin fəaliyyətini davam etdirmək niyyətinə sadiqdirlər.

Əgər ayrı-ayrı vaxtlarda Ermənistan “təhlükəsizlik zolağı” adlandırdığı Dağlıq Qarabağın ətrafındakı əraziləri azad etməyi mümkün sayırdısa, artıq İrəvan bu mövqedən birdəfəlik imtina edib. Hətta Azərbaycan rəhbərliyi razılaşmanın əldə olunacağı təqdirdə Dağlıq Qarabağa muxtar respublika statusunun verilməsini mümkün sayandan sonra işğalçı ölkə sülh çağırışına savaş ritorikası ilə cavab verdi. Bu isə birmənalı şəkildə sülh prosesinə tüpürmək, vasitəçilərə qarşı saymazyana münasibətdir. Ancaq Azərbaycanın öz ərazilərində beynəlxalq hüquqla təsbit olunmuş haqlarını bərpa etməsinə hər cür əngəl yaradan həmsədr ölkələr Ermənistanın bu davranışlarına sükutla reaksiya verir.
****
Qəribəsi isə odur ki, belə bir şəraitdə də həmsədrlər danışıqlardan başqa yol görmədiklərini iddia edib prezidentlərin növbəti görüşünə hazırlıq işlərinin aparıldığını deyirlər. Oktyabrın 22-də amerikalı həmsədr “prezident İlham Əliyev erməni həmkarı cənab Sərkisyanla görüşməyə və bu istiqamətdəki məsələləri müzakirə etməyə hazır olduğunu deyib” söyləyib. Ancaq onu da vurğulayıb ki, hələlik prezidentlərin görüşünün nə vaxtı, nə də məkanı bəlli deyil. “Amma cənab Əliyev tez bir zamanda görüşə qatılmaq istəyini bildirib, biz bu istəyi alqışlayırıq. Bilirsiniz, prezidentlər arasındakı görüş asan təşkil olunan və asan keçirilən görüşlər deyil. Sadəcə, bu təmasların vacibliyi odur ki, iki prezident öz aralarında fikirlərini paylaşa bilirlər”. Ancaq Uorlik bir məsələnin üstündən keçib. Əgər dediyi kimi, Azərbaycan prezidenti görüşün tez keçirilməsində maraqlıdırsa, məsələnin dinc yolla həlli prinsipinə sadiqdirsə, deməli, problem Ermənistan tərəfindədir. Lakin həmsədr bu məqama toxunmayaraq yenə də tərəflər arasında bərabərlik işarəsi qoymağa üstünlük verir.

Çox qəribədir ki, hazırda “aprel müharibəsi”ndə ölənlərin ailələrinə və yaralananlara maddi yardımın verilməməsini müzakirə edən erməni cəmiyyəti yenə də ərazilərin qaytarılması zərurətini etiraf etmək istəmir. Görünür, “İsgəndər” raketləri ermənilərin beynini kifayət qədər dumanlandırıb. “Lragir” saytı isə yazıb ki, aprel döyüşləri ölkədə sözün əsil mənasında şok effekti yaradıb və Ermənistan hələ də bu şokdan ayılmayıb. Elementar yardımdan məhrum edilən ermənilər bundan sonra Qarabağda döyüşmək istəyəcəklərmi, bax, bu sualın cavabı Ermənistanda da açıq qalır. Amma yenə də düşmən müharibə ritorikasına köklənib. Son günlər Azərbaycanı əsassız olaraq cəbhə xəttində təxribatlar törətməkdə ittiham edən düşmənin ənənəvi metoddan istifadə edərək, ardınca qəfil hücuma keçə biləcəyi də ehtimallardan biridir.
*****
Qarabağ separatçılarının lideri Bako Saakyan Xankəndində Ermənistanın yeni müdafiə naziri Viqen Sarkisyan, Ermənistan SQ-nin Baş Qərargah rəisi Movses Akopyan və Ermənistan prezidentinin məsləhətçisi, hərbi inspektor, general-polkovnik Mikael Arutyunyanla görüş keçirib. Qarabağ separatçıları qoşunlarının komandanı Levon Mnatsakanyanın da iştirak etdiyi görüşdə müdafiə sahəsinə aid olan bir sıra məsələlər müzakirə edilib.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov deyerler.org-a deyib ki, Azərbaycan ordusu hər an erməni tərəfindən qəfil hücumun olmasına hazır olmalıdır. “Erməni tərəfi yeni ərazi iddiasındadır. Amma hələ ki yeni iddiaları ilə bağlı müəyyən qorxu hiss keçirdir. Çünki onlar aprel hadisələrində Azərbaycan ordusunun gücünü gördülər. Erməni tərəfi, sadəcə, fürsət gözləyir ki, öz təxribatlarını reallaşdırsınlar. Amma unudurlar ki, elə Azərbaycan tərəfi də məhz bu təxribat xarakterli əməliyyatları gözləyir”-polkovnik deyib. Bütün bunlar isə həmsədrlərin bölgəyə son səfəri ilə eyni vaxta təsadüf edir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Minsk Qrupu həmsədlərinin bölgəyə budəfəki səfəri də onların keçmiş səfərlərindən heç nə ilə fərqlənmədi: “Əksinə, həmsədrlərin verdikləri açıqlamalar nikbinlik üçün əsas vermir. Deyirlər ki, torpaqların boşaldılması vacibdir, ancaq bu status müzakirələrlə paralel aparılmalıdır. Bu isə münaqişənin ”paket həll" variantıdır ki, Azərbaycanın maraqlarına cavab vermir. Yəni torpaqların boşaldılmasını Dağlıq Qarabağın statusu ilə əlaqələndirirlər. Həmsədrlərin yeganə istəyi Azərbaycan və Ermənistan prezidentlərini ilin sonuna qədər görüşdürməkdir. Bununla həmsədrlər 2016-cı ildə fəaliyyətlərinə yekun vurmaq istəyirlər. Onlardan bizə nə? Yüksək maaş alan həmsədrlər öz müdirləri qarşısında hesabat verəcəklər deyə, Azərbaycan mövzusuz görüşə niyə razılaşmalıdır? Bu da alınmayacağı təqdirdə həmsədrlər iki ölkənin xarici işlər nazirlərini görüşdürəcəklər. Görünür, həmsədrlər bu görüşlər vasitəsilə hərbi toqquşma ehtimalını azaltmaq istəyirlər".

Ancaq politoloq hesab edir ki, görüşlərdən nəticə yoxdursa, üstəlik də Ermənistan işğalçı siyasətini davam etdirirsə, hərbi toqquşma ehtimalı tarixini yalnız bir müddət uzatmaq olar, tam qarşısının alınması mümkün deyil: “Bundan başqa, Ermənistan hakimiyyəti yenə açıqlama verib ki, torpaqları boşaltmaq fikirləri yoxdur. Bu açıqlama rəsmi İrəvanın mövqeyində zərrə qədər dəyişikliiyin olmadığını göstərir. Üstəgəl, Ermənistan müdafiə sisteminə rəhbərlik edən şəxslər Dağlıq Qarabağa gəliblər. Bu səfərlərdən sonra adətən cəbhə bölgəsində təxribatların sayı artır”.
E.Şahinoğluna görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərlərinin yeganə məqsədi var:Azərbaycan və Ermənistan prezidentlərini ilin sonuna qədər görüşdürmək: “Belə bir görüş ilk növbədə həmsədrlərə və Ermənistan hakimiyyətinə lazımdır. Həmsədrlərə ona görə lazımdır ki, ATƏT rəhbərliyi və öz nazirləri qarşısında hesabat versinlər ki, vəziyyət nəzarət altındadır. Yüksək maaş alan həmsədrlər ilin sonuna qədər hazırlayacaqları hesabatı prezidentlərin görüşü ilə tamamlamaq istəyirlər”.
E.Şahinoğlunun fikrincə, əslində görüş Ermənistan hakimiyyətinə də lazımdır: “Ona görə lazımdır ki, status-kvonu uzada bilsinlər”. Bu mənada politoloq qeyd etdi ki, ilin sonunadək prezidentlər səviyyəsində növbəti görüşün olub-olmayacağı sual altındadır: “Məncə, imitasiya xarakterli belə görüş bizim maraqlara cavab vermir”. Ekspert xatırlatdı ki, Azərbaycan prezidenti İlham Əliyev imitasiya xarakterli görüşlərə ehtiyac olmadığını bir neçə dəfə vurğulayıb: “Bu isə o deməkdir ki, ilin sonuna qədər prezidentlərin görüşü sual altındadır. Danışıqlarda irəriləyiş yoxdursa, cəbhə bölgəsində atəşkəs intensiv pozulursa, işğal edilmiş ərazilərdə yenə hərbi təlimlər keçirilirsə, üstəgəl Ermənistan hakimiyyəti həmsədrlərin Bakıda müzakirə apardığı dəqiqələrdə ”torpaqların boşaldılmasından söhbət belə gedə bilməz" deyirlərsə, bu prosesə “yox” deməyin yolu işğalçıya təzyiqin artırılmasından keçir".
“ATƏT-n Minsk Qrupunun həmsədrlərinin verdiyi bəyanatlar təəssüf ki, ancaq və ancaq öz dövlətlərinin, daha doğrusu, ən yaxşı halda xarici işlər nazirliklərinin mövqeyini əks etdirir. Yəni dövləti təmsil edən həmsədrlər bəyanatlar verməklə işlərini bitmiş hesab edirlər”. Bu fikirlər isə politoloq Arzu Nağıyevə məxsusdur.
Ekspert xatırlatdı ki, ATƏT-in Minsk Qrupu təkcə bu üç dövlətdən ibarət deyil: “Azərbaycan, Ermənistan, Rusiya, Amerika, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveç qrupun üzvləridir. Bu dövlətlərin münaqişənin həlli ilə bağlı hərəsinin öz mövqeyi var. Ayrı-ayrılıqda hər biri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Təəssüf ki, ortaya dəqiq və yetkin bir fikir qoyulmur. Baxmayaraq ki, BMT-nin patronajı altında fəaliyyət göstərirlər, verilən bəyanatlar deklorativ xarakter daşıyır və heç bir icra mexanizmi yoxdur”.
A.Nağıyevin sözlərinə görə, ABŞ təmsilçisi, həmsədr Ceyms Uorlik başqa cür bəyanat verə də bilməz:“Çünki onun təmsil etdiyi dövlət Azərbaycanın ərazi bütövlüyünü qəbul edir və öz sərhədləri çərçivəsində tanıyır. Məlumdur ki, iki həftədən sonra ABŞ-da seçkilər keçiriləcək və Obama komandası fevralda istefaya getməlidir. Uorlik də bu prizmadan çıxış edərək ABŞ iqtidarının özlərindən miras kimi qoyub getdiyi ən uzun ömürlü münaqişə ocağının söndürülməməsinin günahlarını üzərilərinə götürməməyə çalışır. Təbii ki, ermənilər həmişə olduğu kimi, öz siyasətlərini yeridirlər. Buna nə Rusiya, nə də Fransa reaksiya verir. Çünki həmin dövlətlər də dolayı olaraq ermənilərə dəstək göstərir. Belə bir vəziyyətdə təbii ki, Azərbaycan rəhbərliyinin ermənilərlə görüşünün mənası olmayacaq, çünki biz artıq yetərincə öz sözümüzü deyirik və hətta cənab İlham Əliyev son müsahibəsində də bunu bir daha qeyd etdi. Diktə edən, şərt irəli sürən, bütün beynəlxalq hüquq və normalara riayət edən tərəf olaraq Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumağa və bərpa eləməyə qadirdir. Sadəcə olaraq, bunun sülh yoluna daha çox üstünlük verir və bunun da öz səbəbləri var. Lakin münaqişənin həllinin hərbi yolu da istisna deyil. Bunu da istər ATƏT, istərsə də digər beynəlxalq qurumlar dərk etməlidir. Çünki bu yol seçilsə, artıq həmin qurumlar heç nə edə bilməyəcəklər”.
****
Qarabağ tənzimlənməsinin bu yolla mümkünsüzlüyünü Vaşinqtondakı “Qulf Steyt Analitiks”in məsləhətçisi, siyasi şərhçi Teodor Karasikin son açıqlamaları da təsdiqləyir. Ekspert axar.az-a deyib ki, “Rusiyanın Ermənistana sonuncu dəfə milyardlıq silahlar verməsini Azərbaycan-Rusiya mövcud münasibətlərinə adekvat hesab edirsinizmi” sualına cavabında ekspert bunları deyib: “Rusiya Azərbaycan və Ermənistanı qarşı-qarşıya qoymaqla Qafqazdakı ənənəvi oyununu oynayır. Kreml Ermənistana milyard dollarlıq silahlar və digər dəstəklər verməklə dərin əlaqələr qurub və ondan Rusiyanın peyk ölkəsi kimi istifadə edir”.
Ancaq təəccüblüsü odur ki, az qala bütün dünyada maraqları toqquşan ABŞ və Rusiya Qarabağ məsələsində faktiki olaraq eyni mövqedən çıxış edir. Ən azı, hər iki ölkənin Ermənistanı işğalçı statusunda görməməsi bunun sübutudur. Bu isə onu deməyə əsas verir ki, həmsədr ölkələr və onların təmsilçiləri münaqişənin həllindənsə, onun uzadılması üçün çalışırlar.
Cia.az
