Ölkə banklarının durumu yaxşı olmadığından müntəzəm olaraq birləşdirilmə məsələsi də gündəmə gəlir. Dəfələrlə edilən təkliflərə baxmayaraq, banklar bu məsələdə maraqlı görünmürlər. Son olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, bankların məcburi təmərküzləşdirilməsi siyasət elementi kimi qəbul edilmir:
“Biz tənzimləyici olaraq 2-3 bankın, sığorta şirkətinin, qurumun birləşdirilməsini uğursuz cəhd sayırıq. Bu məsələlər əvvəllər sınaqdan keçirilib. Məcburi qaydada iki qrupun birləşməsi idarəetmədə fəsadlar yaradır. İki problem üst-üstə gəlir. Mahiyyət və məsuliyyət dəyişmir. Bank sektorunun sağlamlaşdırılmasında dünya təcrübəsini əsas götürmüşük”.
Onun sözlərinə görə, bank sektorundakı problemlər bəlli olub: “Bu, mövcud qeyri-işlək aktivlər, bank sektorunun xarici valyuta balansının kəsiri, ikiqat devalvasiyanın müəyyən kapital itkiləri formasında təzahür etməsidir. Bu da müəyyən gərginlik yaratmışdır. Palata olaraq bank sektorunun dərin diaqnostikasını aparmışıq, sağlamladırılması üzrə müvafiq siyasət hazırlamışıq”.
Ekspertlər musavat.com-a bankların birləşməsinin nə dərəcədə mümkünlüyündən, o cümlədən bağlanma təhlükəsindən danışıb. Ekspert Natiq Cəfərli qeyd edib ki, birləşmənin mümkün olmamasının səbəbi müxtəlif bankların vəziyyətinin müxtəlif olmasıdır: “Azərbaycanda bu günə kimi bunun ənənəsi də yoxdur. Bu, əsas səbəblərdən biridir. İkinci səbəb odur ki, bankların sahiblərindən başqa, qeyri-rəsmi banklara nəzarət edən şəxslər də var. Hökumətin müxtəlif pillələrində təmsil olunmuş şəxslərdir. Onların öz aralarında münasibətlərindən tutmuş, bankların vəziyyətinə qədər obyektiv və subyektiv məsələlər bankların konsolidasiya məsələsinə maneçilik törədir. Hər bir bank öz problemlərinin ən azı, bir hissəsini həll etmədən birləşmə mümkün olmayacaq. Çünki o, ancaq problemlərin toplanmasına, böyüməsinə gətirib çıxaracaq. Düşünürəm ki, bu yolun da başqa alternativi yoxdur. Ölkədə yaxın gələcəkdə problemli banklar ya birləşdirilməlidir, ya da bağlanmalıdır. Buna məcburən gediləcək, çox banklar bazardan çıxacaq. Çünki bir çox bankların tədiyyə balansında, kredit portfelində də ciddi problemlər var”.
Ekspert Elşad Məmmədov məsələ ilə bağlı musavat.com-a bildirib ki, ölkənin bank sektoru üçün zəruri olan optimallaşma siyasətinin əslində bankların ləğvi yolu ilə deyil, onların birləşdirilməsi, imkanlarının konsolidasiyası vasitəsilə həyata keçirilməsi nəzəri cəhətdən daha məqsədəuyğun görünə bilər: “Çünki bankların ləğvi zamanı hər bir halda bank xidmətlərinin istehlakçılarının bir hissəsi zərərlə üzləşir. Digər tərəfdən, bankların ləğvi dövlət üçün də əlavə xərclər deməkdir. Qeyd etmək lazımdır ki, aidiyyəti dövlət qurumları da bank sektorunda mövcud olan problemlərin əvvəlki mərhələlərində kəmiyyət nöqteyi-nəzərdən optimallaşma siyasətinə əsasən məhz konsolidasiya prizmasından yanaşırdılar. Lakin müvafiq qurumların rəhbərlərinin son bəyanatlarından məlum olur ki, artıq dövlət qurumları bankların konsolidasiya prosesi ilə bağlı ümidlərini itiriblər. Halbuki əslində beynəlxalq təcrübəyə görə, bank sektorunda böhran dövründə konsolidasiya ən optimal variantlardan biri kimi qəbul olunur. Ancaq unutmaq olmaz ki, bu variant bankların təşkilinin iqtisadi prinsiplərə söykənməsi və banklar tərəfindən funksional baxımdan adekvat bankinq fəaliyyətinin həyata keçirilməsi, onların real sektorla əlaqəsinin mövcud olduğu, lakin rəqabət qabiliyyətinin artırılması zərurəti ilə üzləşdiyi hallara şamil olunur. Lakin ölkənin bank sektorunun spesifikasını nəzərə alaraq, bu sektorda konsolidasiya siyasətinin reallaşması ehtimalının aşağı olmasını əminliklə bildirmək olar.
Çünki ölkə banklarının əksəriyyətinin formalaşması və işləmə mexanizmləri prosesində prioritet kimi iqtisadi prinsiplər deyil, Beynəlxalq Bankın misalında gördüyümüz kimi, müəyyən maliyyə qruplarının rəhbərlərinin öz vəzifə səlahiyyətlərindən istifadə edərək, yalnız öz maliyyə maraqlarının təmin edilməsi olub. Bu maliyyə qrupları arasında olan ziddiyyətlər, eyni zamanda yarıtmaz menecment nəticəsində bank aktivlərinin tərkibində zərərli aktivlərin xüsusi çəkisinin çox böyük rəqəmlərlə ifadə olunması bu bankların konsolidasiya ehtimalını minimuma endirir.
Bundan əlavə, əslində bu bankların konsolidasiyasının müəyyən dərəcədə mənfi iqtisadi fəsadların yumşaldılması baxımından faydası olsa da, onların fəaliyyətində və idarə edilməsində funksional baxımdan uzun müddət ərzində mövcud olmuş problemlər klassik bank konsolidasiyasının müsbət nəticələrinin əksər hissəsini mümkünsüz edir. Belə ki, ekspert hesablamalarına görə, ölkə banklarının ən azından böyük hissəsinin əsas iş prinsipi və mənfəət bazası uzun müddət ərzində xarici maliyyə mənbələrindən əsasən 6-10 faiz dərəcələri ilə xarici valyutada kreditləri cəlb edərək, digər tərəfdən isə əhalidən 9-12 faizlə depozitlərin cəlb olunması vasitəsilə və 28-30 faiz dərəcələri ilə ölkədaxili kreditləşmənin həyata keçirilməsindən ibarət olub.
Ölkədaxili kreditləşməyə gəldikdə, bu kreditlərin tam əksəriyyəti ölkənin real sektoruna, əlavə dəyər formalaşan sahələrə deyil, istehlak kreditləri kimi dolayısı yolla idxal sektorunun maliyyələşdirilməsi kimi ölkə iqtisadiyyatı üçün perspektivsiz və zərərli sahələrə yönəlib. İşgüzar aktivliyin azalması, devalvasiya və milli iqtisadiyyatda son zamanlar trend təşkil edən hadisələr isə ölkədə istehlakın azalmasına, problemli kreditlərin və ümumilikdə bankların zərərli aktivlərinin artmasına səbəb olub. İqtisadi qanunlara əsasən, əlavə dəyər formalaşdıran real sektorla bağlılığı olmayan hər bir kredit təşkilatı bu və ya digər formada maliyyə piramidasıdır. Belə strukturlar isə dayanıqlı ola bilməz.
Nəticədə ölkədə fəaliyyət göstərən bankların böyük hissəsi perspektivsiz, zərərli aktivlərlə dolu, bir-biri ilə prinsipial ziddiyyətlər təşkil edən və ölkə iqtisadiyyatının inkişafına mane olan qurumlara çevrilib ki, onların birləşdirilməsinin uzunmüddətli perspektivdə hər hansı dayanıqlı effektinin olacağını söyləməyə əsas yoxdur. Bu şəraitdə, aidiyyəti dövlət qurumları tərəfindən ölkənin bank sektorunun mümkün qədər tez bu banklardan təmizlənməsi zəruridir ki, əks halda, həm bank xidmətləri istehlakçılarının, həm də dövlətin zərərinin artacağını proqnozlaşdırmaq olar”.
Ekspert Əkrəm Həsənov isə bildirib ki, bankların yenə də bağlanması məsələsi gündəmə gələcək: “Bu yaxınlarda 33 bankadan maliyyə hesabatını yalnız 8-i açıqladı. Ötən rüb üzrə hesabatı 15 bank gizlətdi. Hər şey yaxşıdırsa, niyə hesabatlarını gizlədirlər? Belə rəqəm heç Mərkəzi Bankın nəzarət dövründə olmayıb. Təkcə bu kifayətdir ki, görək vəziyyət pisləşir. Bir tərəfdən də bankların açıqladığı ötən il üzrə maliyyə hesabatları göstərir ki, xeyli bankın kapitalı kifayət qədər yoxdur. Çoxunun əlli milyonluq kapitalları yoxdur, kapital tələblərinə cavab vermirlər. Bəziləri əmanətləri də qaytarmırlar. Amma təbii ki, lap dərinə gedib, yoxlama aparsaq, ortaya başqa şeylər də çıxacaq. Yəni buna görə də rəsmilər hərdən sadəcə sakitləşdirici fikirlər bildirirlər. Əhali banklara etibar etmir ki, banklarda pul saxlasın. Adi obyektiv göstəricilər göstərir ki, bank sistemində vəziyyət pisdir. Növbəti banklar da bağlanacaq”.
musavat
