Ölkədə kənd təsərrüfatının, aqrar sektorun inkişaf etdirilməsi yenidən müzakirə mövzusudur. Neftin qiymətinin düşməsindən, həmçinin hasilatın azlığı səbəbindən qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsi diqqətə gətirilsə də, nəticə olacağı hələ ki, şübhəlidir.
Bir neçə gün əvvəl prezident İlhamı Əliyev bildirib ki, hazırda dünyada böhran yaşanmasına baxmayaraq, Azərbaycanda kənd təsərrüfatı bu il 2 faizdən çox artıb. Dövlət başçısı bildirib ki, biz ilk növbədə öz tələbatımızı təmin etməli, emal müəssisələri yaratmalıyıq: “Kənd təsərrüfatı, emal və sənaye müəssisələri bir kompleks təşkil edir. Beləliklə, bir neçə ildən sonra Azərbaycan iqtisadiyyatının neft-qaz amilindən asılılığı tamamilə azalacaq. Bizim məqsədimiz məhz bundan ibarətdir. Həm də ki, kənd təsərrüfatı minlərlə, on minlərlə insanı işə cəlb edir. İndi Azərbaycanın müxtəlif yerlərində çox böyük ruh yüksəkliyi var, insanlar torpağa qayıdırlar, görürlər ki, dövlət dəstəyi göstərilir, dövlət siyasəti aparılır. İnsanlar görürlər ki, bu, onların maddi vəziyyətini yaxşılaşdırır. Bizdə əhali artır. Hər il əhalinin sayı təqribən 100 min artır. Ona görə biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq. Kənd təsərrüfatı bu məsələdə xüsusi yer tutur. Nəzərə almalıyıq ki, bir çox torpaqlarımızda hələ suvarma işləri təşkil edilməyib. Növbəti illərdə əsas diqqət bu sahəyə göstəriləcək ki, bu gün suvarılmayan, yəni, heç bir iş aparılmayan torpaq sahələrində müasir kənd təsərrüfatı müəssisələri yaradılsın. Biz buna nail olacağıq. Gələcəkdə soyuducu anbarın da tikintisi nəzərdə tutulur. Bu da çox lazımdır ki, burada yetişdirilən məhsul xarab olmasın, daxili bazara göndərilsin. Eyni zamanda, burada məhsul artımı böyük ixrac potensialı yaradacaq”.
Ekspertlər musavat.com-a aqrar ölkəyə çevrilməyimizin nə dərəcədə mümkün olmasından danışıblar. Ekspert Fikrət Yusifov bildirib ki, əslində, biz tarixən aqrar ölkə statusunda olan bir məmləkət olmuşuq:“Bu gün sadəcə olaraq, bu sahənin keçmiş ənənələrini bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq yenidən qurmaq istəyirik. Qarşıdakı ən mühüm hədəf ilk növbədə ölkə əhalisinin bütün ərzaq məhsullarına olan tələbatını ödəməkdən ibarətdir. Bu bir tərəfdən vətəndaşlarımızı keyfiyyətli yerli məhsullarla təmin etməyə imkan verəcək, digər tərəfdən idxalın əvəzlənməsi ilə ölkədən valyuta axını azalacaq”.
Onun sözlərinə görə, daha yaxşı nəticələrə isə o vaxt gəlib çatmaq mümkün olacaq ki, biz artıq tək özümüzü təmin etməklə kifayətlənməyib, həmin məhsulların ixracını həyata keçirərək ölkəyə möhkəm valyuta daxil olmasını təmin edə biləcəyik: “Bunun üçün Azərbaycanda zəruri olan hər bir şərait və imkan mövcuddur”.
Ekspert Qubad İbadoğlu bildirib ki, 2004-cü ildən 2014-cü ilədək regionlarının sosial-iqtisadi inkişafına dair iki dövlət proqramı həyata keçirilib. Hazırda 2014-2018-ci ili əhatə edə 3-cü proqram icradadır. Rəsmi məlumatlara görə, birinci proqramın icrasına 16 milyard manat, ikinci proqramın icrasına isə 14,5 milyard manat, ümumilikdə bu məqsədlər üçün 2004-cü ildən 2014-cü ilədək 30,5 milyard manat və ya həmin dövrün məzənnəsi ilə 39,1 milyard dollardan çox vəsait xərclənib. Bundan əlavə, 3-cü proqram çərçivəsində 2014-cü ildə 4,5 milyard manat və ya 5,76 milyard dollar, 2015-ci ildə 3,5 milyard manat və 3,33 milyard dollar, beləliklə də 3-cü proqramın ilk iki ilində bütövlükdə regionların inkişafına bütün mənbələrdən manatla 8 milyard, dollarla 9,1 milyard vəsait yönəldilib. “Yekun olaraq qeyd etmək istərdim ki, rəsmi məlumatlar əasında aparılmış hesablamalar göstərir ki, 2004-2015-ci illərdə regionlarının sosial-iqtisadi inkişafına 38,5 milyard manat və ya 48,2 milyard dollar vəsait xərclənib”, - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, son 11 ildə on milyardlarla sərmayə yatırılmasına baxmayaraq, hazırda əksər rayonlar üçün ən xarakterik hallar kütləvi işsizlik, sürətlə artan yoxsulluq və gündən-günə çoxalan borc vəsaitlərindən asılılıqdır: “Külli miqdarda investisiyaların müqabilində indiyə qədər yalnız Bakı, Sumqayıt, Mingəçevir, Naftalan, Şirvan şəhərləri, Abşeron və İmişli rayonları öz gəlirləri ilə xərclərini ödəmək iqtidarındadır. 2016-cı ilin büdcəsindən yerli xərclərini tənzimləmək üçün ən çox dotasiya alan şəhərlər arasında Lənkəran, Şəki və Gəncə, rayonlar arasında isə Ağdam Şəmkir və Cəlilabad olub. Bu il ərzində bütün rayonlara yerli xərclərinin tənzimləmək üçün mərkəzləşdirilmiş qaydada dövlət büdcəsindən ayrılacaq vəsaitlərin yuxarı həddinin 775 milyon manat olacağı gözlənilir. Bundan əlavə, 2016-cı ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 282,35 milyon manat proqnozlaşdırılıb”.
Ekspertin fikrincə, növbəti ildə bu istiqamətdə vəziyyətin kəskin şəkildə dəyişiləcəyi gözlənilir: “Belə ki, 2017-ci ildə respublika tabeli bütün şəhərlər, eləcə də bir çox rayonlar yerli xərclərini yerli gəlirləri hesabına maliyyələşdirməlidir. Gələn il dotasiya ayrılacaq rayonların yalnız sayında deyil, həm də bu məqsəd üçün nəzərdə tutulan vəsaitin məbləğində kəskin azalma proqnozlaşdırılır. 2017-c ildə yerli xərclərinin tənzimləmək üçün mərkəzləşdirilmiş qaydada dövlət büdcəsindən ayrılacaq vəsaitlərin yuxarı həddinin məbləği 76 milyon manat və ya bu illə müqayisədə 91,2 faiz az proqnozlaşdırılıb. Bu qədər kəskin azalmanı rayonda yerli gəlirlərin əhəmiyyətli artımı ilə kompensasiya etmək istəyən hökumət həmçinin təhsilin maliyyələşdirilməsində yeni mexanizmlər tətbiq etməklə yerli səviyyədə xərcləri azaltmaq siyasətini də yürüdür”.
Q.İbadoğlu qeyd edib ki, gələn il rayonlara ayrılacaq dotasiyanın bu illə müqayisədə 91,2 faiz və 700 milyon manata qədər azalması ilk növbədə regional idarəetmə xərclərinin kəskin ixtisarına gətirib çıxaracaq: “Çünki 2017-ci il üçün regionlar üçün proqnozlaşdırlan cəmi xərclər 718,27 milyon manat və ya bu illə müqayisədə 53 faiz azdır. Beləliklə də növbəti ilin büdcə proqnozlarına görə, 2017-ci il bir tərəfədən gəlirləri artırılan, digər tərəfdən də xərcləri azaldılan rayonlar üçün çətin keçid ili olacaq. Əvvəlki illərdən dəfələrlə az büdcəyə sərəncam vermək məcburiyyətində qalan icra hakimləri rayonu ənənəvi deyil, yeni tələblərlə idarə etməlidirlər. Yəqin ki, bir çoxları, xüsusilə də uzun illərdir şişirdilmiş xərclərlə israfçılıq hesabına külli miqdarda vəsait qazananlar üçün növbəti il həm çətin, həm də sınaq ili olacaq”.
