|
FES faiz artımını niyə ləngidir?
ABŞ iqtisadiyyatının bir sıra göstəricilər üzrə nəticə əldə edə bilməməsi və neftin qiymətləri ilə bağlı gözləntilər var...
 
ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrini artırması yenidən gündəmdədir. Hazırda ABŞ-da istehlakçı qiymətləri (inflyasiya) son beş ayın ən sürətli artımını qeyd edib. ABŞ Əmək Nazirliyinin məlumatına görə, inflyasiya sentyabrda 0,3 faiz, illik 1,5 faiz ilə proqnoza paralel artıb. İnflyasiyada illik artım 2014-ci ilin oktyabr ayından bəri ən yüksək həddə olub. Bu göstəricilər FES-in inflyasiya hədəflərinə yaxınlaşdığına işarə edir. Bildirilir ki, inflyasiya avqustda 0,2 faiz artmışdı. Ərzaq və enerji qiymətləri xaric baza inflyasiya 0,1faiz artaraq 0,2 faizlik gözləntidən aşağı çıxıb. İllik artım isə sentyabrdakı 2,3 faiz-dən 2,2 faizə geriləyib. Gözlənti 2,3 faiz idi. Mənzil xərclərindəki artım və neft qiymətlərinin düşməsinin dayanması ilə qiymətlər mərhələli olaraq yüksəlir. Faizləri ötən ilin dekabr ayından bəri artırmayan FES rəsmiləri üçün güclənən inflyasiya və güclü məşğulluq bazarı, il sonuna qədər faiz artırmaq üçün əsas yaradır. Məlumatın açıqlanmasının ardınca dollar qlobal birjalarda bahalaşmağa başlayıb.
 
Boston Federal Ehtiyat Bankının prezidenti Erik Rozenqren isə CNBC telekanalına müsahibəsində deyib ki, faiz dərəcələrini gözləniləndən daha tez bir vaxtda artırmaq məcburiyyətində qala bilərlər. Onun sözlərinə görə, FES-in uzun müddət gözləmə mövqeyində olması faiz dərəcələrində daha kəskin yüksəlişə səbəb ola bilər: “İqtisadiyyat tam məşğulluq və inflyasiya hədəfinə yaxınlaşıb və faizlər artırılmalıdır. Dekabrda faiz dərəcələrinin artırılması daha münasibdir”. 
 
E.Rozenqren Federal Ehtiyatlar Sisteminin (FES) toplantılarında səsvermə hüququna malikdir. 
 
Qeyd edək ki, FES-in növbəti iclası noyabrın 2-3-də baş tutacaq. İnvestorlar isə dərhal ABŞ-da pərakəndə satışlarla bağlı açıqlanan statistikanı və FES rəhbəri Canet Yellenin və Boston Federal Ehtiyat Bankının prezidenti Erik Rozenqrenin açıqlamalarına köklənib. Statistika artıq açıqlanıb. Analitiklərin proqnozlaşdırdığı kimi, pərakəndə satışlar sentyabr ayında 0,6 faiz artıb. Statistika açıqlanandan sonra diqqətlər C.Yellen və E.Rozeqrenə yönəlib. Açıqlanan statistika və E. Rozenqrenin açıqlamaları dolların məzənnəsinə müsbət təsir edəcəyi şübhəsizdir.
 
Ekspertlər isə bildirirlər ki, hazırda dolları möhkəmləndirən amillərdən biri ABŞ-da prezident seçkiləri öncəsi keçirilən ictimai rəy sorğusunun nəticələridir. Nəticələr onu deməyə əsas verir ki, Hillari Klinton Donald Trampdan daha populyardır. Bazar iştirakçıları hesab edir ki, H.Klintonun qələbəsi birjalarda status-kvonun qorunmasına səbəb olacaq. 
 
Filadelfiya Federal Ehtiyat Bankının prezidentinin Patrik Harker isə bildirib ki, noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkilərinədək FES pul-kredit siyasətini dəyişməyə bilər. Onun sözlərinə görə, ABŞ iqtisadiyyatı “heç də pis təsir bağışlamır” və əmək bazarı stabildir. 
 
Maraqlıdır ki, FES rəsmiləri adətən seçki prosesindən kənarda qalmağa çalışır. Bu baxımdan P.Harkerin açıqlaması təəccüb doğurmaya bilməz. Ekspertlərin sözlərinə görə, P.Harkerin “etirafı” onu deməyə əsas verir ki, FES öz siyasətini yeni prezidentin kimliyindən asılı olaraq quracaq. P.Harker bu il FES-in toplantılarında səsvermə hüququna malik deyil və yalnız 2017-ci ildə bu hüququ əldə edəcək. Daha bir maraqlı məqam ondan ibarətdir ki, P.Harker 1-2 noyabr tarixlərində baş tutacaq FES-in toplantısında müzakirələrdə iştirak edəcək. 
 
İnvestorlar isə prezident seçkilərindən öncə uçot dərəcəsinin artırılacağına inanmırlar.
 
İqtisadçı alim Fikrət Yusifov isə məsələ ilə bağlı musavat.com-a bildirib ki, son bir il ərzində artıq neçənci dəfədir Federal Ehtiyat Sistemi uçot dərəcəsinə yenidən baxmaq üçün məsələni gündəmə gətirsə də, heç bir dəyişiklik baş vermir: “Təbii ki, məsələnin hər dəfə gündəliyə çıxarılması onun aktuallığından xəbər verir. Lakin məlumdur ki, hər dəfə bu qərarın qəbul edilməməsinin başlıca səbəbi ABŞ iqtisadiyyatının bir sıra mühüm göstəricilər üzrə nəzərdə tutulan nəticələrin əldə oluna bilməməsidir. Digər mühüm bir məsələ isə neftin qiymətləri ilə bağlıdır. Məlumdur ki, OPEK artıq özünün növbəti toplantısında neft hasilatını azaltmaqla bağlı müvafiq qərar qəbul etməyin bir addımlığındadır”. 
 
Ekspertin sözlərinə görə, OPEK-ə üzv olan ölkələr dünya neft hasilatının üçdə birini verdiyi halda, hasilatın azalmasına dair qərarın bazara nə dərəcədə təsir edəcəyi müəyyən suallar doğursa da, FES-nin uçot dərəcəsi ilə bağlı atacağı addımda kartelin qəbul edəcəyi qərarın müəyyən rol oynayacağı şübhə doğurmur: “Bütövlükdə Federal Ehtiyat Sisteminin növbəti toplantısında müsbət qərarın qəbul ediləcəyi az inandırıcı görünür. Çünki ABŞ iqtisadiyyatında ilin sonuna doğru bəzi makroiqtisadi göstəricilərin müəyyən qədər pisləşməsi hiss olunur. Uçot dərəcəsi qaldırılarsa, bunun dünya valyuta bazarlarına müəyyən təsiri təbii ki, olacaqdır. Azərbaycan maliyyə bazarına isə bunun daha çox pisxoloji təsiri mümkündür ki, bu da ötəri bir hal ola bilər”.
 
Professor Elşad Məmmədov isə musavat.com-a deyib ki, ABŞ iqtisadiyyatının qlobal iqtisadi böhrandan sonrakı bərpa  prosesinin artıq dayanıqlı məzmunlu olması bu ölkədə keçiriləcək prezident seçkilərindən sonra FES tərəfindən faiz dərəcəsinin artırılacağı ehtimalını böyük edir: “Əslində uzun müddətdir ki, həm ABŞ-ın özündə, həm də bu ölkənin hüdudlarından kənarda fəaliyyət göstərən bir sıra ekspertlər, agentliklər və digər qurumlar Amerika iqtisadiyyatının pul siyasətini tənzimləyən və inkişaf perspektivlərini müəyyən edən bu təşkilata monetar siyasətin sərtləşdirilməsinin vacibliyini sübut etməyə çalışırlar. Lakin düşünürəm ki, FES-in hazırkı menecmenti tərəfindən zərgər dəqiqliyi ilə həyata keçirilən idarəetmə siyasəti nətcəsində Amerika iqtisadiyyatı böhrandan bir çox ekspertlərin proqnozlaşdırdığından xeyli tez və az fəsadlarla çıxıb. Belə ki, faiz dərəcələrinin uzun müddət  qaldırılmaması ölkədə işgüzar fəallığın artlrılmasına, əmək bazarındakı, məşğulluq sahəsindəki durumun, habelə innovasiya  tutumlu iqtisadi potensialın müsbət dinamika ilə inkişafına səbəb olub. Hazırda isə bu prosesin nisbətən daha  balanslaşdırılmış və dayanıqlı hal alması nəticəsində inflyasiya risklərinin və digər makroiqtisadi fəsadların profilaktikası üçün  FES tərəfindən tədricən pul siyasətinin az templərlə sərtləşdirilməsi məqsədəuyğundur”. 
 
Ekspertin fikrincə, bu baxımdan, yaxın aylarda bu istiqamətdə müəyyən dinamikanın müşahidə ediləcəyini proqnozlaşdırmaq mümkündür: “Belə ki, ABŞ iqtisadiyyatı üçün stabilləşmə və iqtisadi artım fonunda faizlərin yaxın gələcəkdə müvəqqəti olaraq bir qədər artırılması, fikrimcə, faydalıdır. Bu qərarın digər ölkələrin iqtisadiyyatına təsirinə gəldikdə, ilk növbədə inkişaf etməkdə olan, habelə ixrac potensialını dayanıqlı şəkildə  diversifikasiya etməyən və bu səbəbdən formalaşdıra bilməyən, idxala və dolların məzənnəsinə yüksək həssaslığı olan, eyni zamanda beynəlxalq maliyyə bazarlarına inteqrasiya olunmuş  milli iqtisadiyyatlar üçün bu qərarın problemlər yaradacağı şübhəsizdir. Lakin bu səpkili qərarların Azərbaycan iqtisadiyyatına təsirinə gəldikdə, Azərbaycan iqtisadiyyatının, ölkənin maliyyə bazarlarının dünya maliyyə bazarlarına inteqrasiya səviyyəsinin, həmçinin həmin bazarlarda xüsusi çəkisinin məhdud olması belə qərarların ölkə iqtisadiyyatına təsirinin bilavasitə deyil, dolayısı yolla olacağını söyləmək əsas verir. Belə ki, təsir ilk növbədə qlobal miqyasda dolların möhkəmlənməsinin neft qiymətlərinin artımına müəyyən dərəcədə mane olması aspektində mövcud olacaq. Bundan başqa, ölkə rezidentlərinin xarici  kredit resurslarına çıxışı baxımından şərtlərin bir qədər ağırlaşacağını proqnozlaşdırmaq olar ki, bütün bu məsələlər milli iqtisadiyyat qarşısında duran  müəyyən sistemli problemlərin bir qədər dərinləşəcəyini gözləməyə əsas verir. Lakin hazırkı şəraitdə ABŞ iqtisadiyyatı üçün faizlərin cüzi şəkildə artmasının bu ölkənin makroiqtisadi  maraqlarına cavab verdiyi üçün, bu qərarın reallaşacağı ehtimalı böyükdür. O səbəbdən ölkə hökumətinin iqtisadi blokunun bu proseslərə hazır olması və adekvat makroiqtisadi siyasət həyata keçirməsi zəruridir”.