“Türkmənlər olaraq bölgəmizə görə çox narahatıq. Bütün türkmən bölgələrində baş verən oyunların heç biri, təəssüf ki, türkmənların lehinə yox, tamamilə əleyhinədir. Dünya dövlətlərinin heç biri Kərkükə yardım göstərmədi. İraq türkmənları sahibsizdir. Ancaq biz öz dilimiz, ədəbiyyatımız, mədəniyyətimizlə müqavimət göstəririk. Türkiyə də bizi atıb, Azərbaycan da. Bakıdakı türk Kərkükdəki türk kimi danışır, heç bir fərqimiz yoxdur”.
Bu sözləri İraq Türkmən Cəbhəsinin lideri, İraq parlamentində türkmənlərı Kərkük şəhərindən təmsil edən millət vəkili Ərşad Salehi Azadlıq Radiosuna Mosulda baş verənlər haqqında danışarkən deyib.
Oktyabrın 17-də İraq hökumətinin qərarı ilə ordu 2014-cü ildən İŞİD silahlı qruplaşmasının əlində olan Mosul şəhərini azadetmə əməliyyatına başlayıb. ABŞ təyyarələri də ayrı-ayrı vaxtlarda bu əməliyyatlara havadan dəstək versə də, yayılan son məlumatlar vəziyyətin heç də ürəkaçan olmadığını deyir. Belə ki, son saatlarda yayılan məlumata artıq İŞİD hava zərbələrinin dayanmasından istifadə edərək əks-hücuma keçib və bəzi mövqeləri geri qaytarıb. Bu toqquşmalarda isə bölgənin silahsız türkmən əhalisi ən çox zərər çəkən tərəfdir. Çünki kürdlər həm ABŞ, həm də İraq hökuməti tərəfindən, o cümlədən PKK-dan silah-sursat alır deyə, onlar müqavimət imkanlarına sahibdirlər.
Digər bir təhlükə barədə isə oktyabrın 21-də Ərşad Salehi Türkiyə mediasına açıqlamasında danışıb. Onun dediyinə görə, İŞİD-lə mübarizə adı altında əslində bölgənin türkmən əhalisinin təmizlənməsi layihəsi həyata keçirilir. Onun sözlərinə görə, Sincar və Telafer yaşayış məntəqələri arasında PKK dəhlizinin yaradılması planı var ki, bununla da iki türkmən yaşayış məntəqələrinin əlaqəsi kəsilə, daha sonra isə yerli əhali sıxışdırılıb çıxarıla bilər. “Əməliyyatlar çox uzansa, Mosulun içindən qaçqın düşənlər də çox olacaq. İndiyə kimi Mosuldan 50 minə qədər adam qaçıb. Ancaq daha çox qaçqın gözlənilir. İŞİD qaçmağa macal vermir. Camaat özü bir yol tapıb çıxır”-Salehi deyib.
Belə təhlükəli vəziyyət isə türkmənləri nəinki muxtariyyət əldə etmək şansından məhrum edir, hətta onların tarixi torpaqlarından da qovulması ilə də nəticələnə bilər. Vəziyyət isə Azərbaycanı da məsələyə hansısa formada müdaxilə etməsini, heç olmasa orada yaşayan etnik azərbaycanlıların humanitar fəlakətlə üzləşdiyi barədə beynəlxalq təşkilatlara müraciət ünvanlamasını zəruri edir. Türkmən qardaşlarımız özlərini azərbaycanlı sayır və ölkəmizdən dəstək gözləyirlərsə, bunu sükutla qarşılamaq olmaz.
Ancaq rəsmi Bakı məsələyə hələ ki, reaksiya vermir. XİN-dən bu barədə mövqe almaq istəyimiz də nəticə vermədi.
BQB başqanı, deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan İraq və Suriya türkmənlərinə hansısa fiziki və hərbi baxımdan dəstək vermək imkanına sahib deyil: “Türkmənlərin özləri də parçalanmış durumdadırlar. İnanclarına görə İraq hakimiyyətinin tərəfdarı kimi çıxış edən türkmənlər Türkiyəyə qarşı isti münasibətdə deyillər. Bu məsələni Azərbaycan hakimiyyəti Türkiyə ilə koordinasiyalı şəkildə edə bilər və ən azı türkmənlərə mənəvi dəstək verilməsi üçün addımlar ata bilər. PKK-İŞİD-a qarşı real olaraq Türkiyə döyüşür, ona görə də ən doğrusu Türkiyə ilə birlikdə hərəkət etməkdir”.
“Borçalı” Cəmiyyətinin sədri Zəimxan Məmmədli isə fərqli fikirdədir: “Azərbaycan müstəqil dövlət olsa da, milli dövlət olması haqda cəsarətlə danışa bilmirik. Bu cür iqtidarlar milli məsələlərə hər zaman seyrçi olublar. Çünki bu cür məsələlərə müdaxilə cəsarət tələb etməklə həm də hakimiyyət üçün risk deməkdir. Bu komponentlər isə təəssüf ki, bizim iqtidarda olmadığı üçün susqun və biganə davranış sərgiləyir. Kərkük və tarixən orada məskunlaşmış soydaşlarımızın yanında olmaq isə şərəf borcumuz olmalıdır”.
“Azərbaycanın Suriya və İraqda yaşayan türkmənlərə dəstək verməsi lazımdır. Türkmənlər özlərini azərbaycanlılardan ayırmırlar. Onlar bizdən yardım umurlar. Bütün dünya bilir ki, türkmənlərlə biz eyni millətik. Ona görə də kimsə bizim türkmən qardaş və bacılarımıza yardım etməyimizə mane olmaz”.
Bu fikirlər isə politoloq Elxan Şahinoğluna məxsusdur. Ekspert reallığı da nəzərı almağı vacib sayır: “Heç kim demir ki, Azərbaycan türkmənlərə silah və sursat versin. Ancaq ən azı Azərbaycan Suriya və İraqda indiki ağır vəziyyətdə türkmənlərin humanitar faciəsinə seyrçi qalmamalıdır. Bu məsələdə biz gecikirik. Hətta Ermənistan belə Suriyadakı erməniləri ölümdən qurtarmaq üçün qapılarını açıb, müxtəlif yardım kampaniyaları həyata keçirir. Rusiya tərəfdaş dövlətlərə, o cümlədən Azərbaycana müraciət edib ki, Suriyanın Hələb şəhərindəki Suriya ordusunun nəzarəti altında olan hissəsindəki insanlara yardım çatdırsın. Rusiya bu insani yardımı öz hərbi təyyarələri vasitəsilə çatdıracağına boyun olub. Rusiyanın məqsədi aydındır. Kreml Suriya məsələsində təklənib. Ona görə də özünə müttəfiq axtarır. Qoy olsun, mən Hələb şəhərinə Rusiya təyyarələri vasitəsilə yardım çatdırılmasının əleyhinə deyiləm. Həmin insanların Əsəd ordusunun nəzarətindəki bölgədə olması da fərq etmir. Önəmli olan ehtiyacı olan insanlara yardım edilməsidir. Məncə, rəsmi Bakı Kremlin bu təklifinə müsbət cavab verərsə, Azərbaycanın digər istiqamətdə Suriya və İraq türkmənlərinə yardım çatdırması da aktuallaşacaq”.
E.Şahinoğlu bir məqama da diqqət çəkdi: “Azərbaycan prezidenti son müsahibəsində qeyd edib ki, Suriyadakı müharibədən narahatdır. Prezident haqlıdır, İraq və Suriya bizdən o qədər də uzaqda deyil. Prezident hər dəfə onu da qeyd edir ki, qonşuluqdakı müharibələrə və itkilərə baxmayaraq, Azərbaycan bir növ sabitlik adasıdır. Həqiqətən Allaha şükür ki, bizdə sakitlikdir. Ancaq bu o demək deyil ki, biz ətrafda baş verənlərdən özümüzü təcrid etməliyik. Biz qonşu ölkələrin daxili işlərinə qarışmasaq da, insani yardım məsələsində fəallaşmalıyıq. Hətta mümkündür ki, rəsmi Bakı türkmənlərə yardım məqsədilə İraqın və Suriyanın mərkəzi hakimiyyəti ilə təmasa keçərək onların icazəsini də alsın. Mən inanmıram ki, Suriya və ya İraq hakimiyyəti türkmənlərə humanitar yardım çatdırmaq istəyən Bakıya “yox” desin. Azərbaycanın bu bölgədə hansısa geopolitik hədəfləri yoxdur. Biz Rusiya, ABŞ, Türkiyə və ya Səudiyyə Ərəbistanı deyilik ki, Suriyadakı və İraqda proseslərdə rol alaq. Yeganə istəyimiz Suriya və İraqdakı insanlara, o cümlədən türkmənlərə kömək etmək olmalıdır. Bizim belə işlərdə yaxşı təcrübəmiz də var. Məsələn Azərbaycan qardaş Əfqanıstana illərdir humanitar və texniki yardımlarını əsirgəmir”.
