|
İqtisadiyyatımıza yatırılan ingilis pulunun sirri
2016-cı ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyard 268,7 milyon manat vəsait yönəldilib. 

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, bunun 8 milyard 236,9 milyon manatı və ya 80,2 faizi məhsul istehsalı obyektlərinin, 1 milyard 591,5 milyonu (15,5 faizi) xidmət sahələri üzrə obyektlərin, 440,3 milyonu manatı (4,3 faizi) isə ümumi sahəsi 1 milyard 205,5 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. 

Ümumi sərmayənin 29,6 faizi dövlət, 70,4 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,2 faizi tikinti-quraşdırma işlərinə xərclənib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 39,1 faizini təşkil edib. 
 
Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 7 milyard 366,2 milyon manat, bank kreditləri 1 milyard 0,4 milyon manat, büdcə vəsaitləri 1 milyard 378,9 milyon manat, büdcədənkənar fondların vəsaitləri 112,6 milyon, əhalinin şəxsi vəsaitləri 385,8 milyon, manat, sair vəsaitlər 24,8 milyon manat təşkil edib. 2016-cı ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 67,1faizi sənayeyə, 15,7-i tikinti, 9,4-i nəqliyyat və anbar təsərrüfatı sahələrinə, hər birində 1,7 faiz olmaqla kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat, 0,9 faizi təhsilə, hər birində 0,8 faiz olmaqla informasiya və rabitəyə, inzibati və yardımçı xidmətlərin göstərilməsinə, səhiyyə, 0,5 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətə, 0,3-i ticarət, hər birində 0,1 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, peşə, elmi və texniki fəaliyyət və digər sahələrdə xidmətlərin göstərilməsinə sərf edilib.
 
Neft sektoruna isə 6 milyard 514,9 milyon manatlıq vəsait yönəldilib. Qeyri-neft sektorunun inkişafına sərf edilmiş 3 milyard 753,8 milyon manatlıq vəsaitin 374,7 milyonu (ümumi sərmayənin 3,6 faizi) qeyri-neft sənayesi sahəsində istifadə edilib. Hesabat dövründə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 6 milyard 251,1 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 5 milyard 426,1 milyon manatı (86,8 faizi) Böyük Britaniya, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

Ekspertlər Azərbaycanın əsas sərmayəçisinin Böyük Britaniya olması faktına münasibətlərini açıqlayıblar. İqtisadçı alim Fikrət Yusifov məsələ ilə bağlı musavat.com-a bildirib ki, Azərbaycanla Böyük Britaniya arasında iqtisadi əlaqələrin kökündə ilk növbədə enerji sahəsindəki strateji tərəfdaşlıq dayanır: “İqtisadi əlaqələrin digər sahələr üzrə genişləndirilməsində də enerji sahəsindəki əməkdaşlıq başlıca rol oynaya bilmişdi. Bu gün Böyük Britaniya Azərbaycana ən çox sərmayə qoyan ölkədir. Bu vəsaitlərin böyük bir hissəsi enerji sektoruna aid olsa da, digər sahələrdə də əməkdaşlıq genişlənir, iki ölkə arasında ticarət dövriyyəsi böyüyür”.
 
Professor Elşad Məmmədov isə musavat.com-a deyib ki, Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrin həcminə görə Böyük Britaniyanın öndə olmasını uzun müddət ərzində bu istiqamətdə formalaşmış trendin məntiqi davamı kimi qəbul  etmək lazımdır: “Bunun başlıca səbəbi ölkə iqtisadiyyatının investisiya mühiti baxımından ən cəlbedici seqmentinin neft sektorunun olmasıdır. Eyni zamanda milli iqtisadiyyatın əsas sütununun məhz bu sektorda formalaşmasıdır. Qeyri-neft sektorunun inkişafının, iqtisadiyyatın diversifikasiyasının prioritet makroiqtisadi məqsədlər və çağırışlar kimi qəbul olunması heç də yaxın perspektivdə neft sektoruna nə əlavə dəyərin yaradılması, nə rəqabət qabiliyyətli ixrac resurslarının formalaşması baxımından arxa plana keçəcəyini bildirməyə əsas vermir. Əslində bu reallıqdan uzaq məqsədlərin qoyulması ölkə iqtisadiyyatı üçün produktiv də deyil. Məsələyə struktur təhlil aspektindən yanaşdıqda və ölkənin mühüm makroiqtisadi göstəricilərinin son 15 illik inkişaf dinamikasına nəzər saldıqda görürük ki, əslində dünyanın neft bazarlarında formalaşan konyunktura görə ölkənin ixrac, ÜDM, dövlət büdcəsi və bir sıra digər mühüm makroiqtisadi göstəricilərində müşahidə olunan artım dinamikası çox böyük rəqəmlərdə ifadə olunub. Burada neft amilinin xüsusi çəkisi həlledici amil kimi çıxış edib.  Nəzərə almaq lazımdır ki, gəlir hissəsi təxminən 20 milyard dollar təşkil edən dövlət büdcəsi, 50 milyard dollara yaxın rəqəmlərlə ifadə olunan ÜDM, ixracın 20 milyard dollardan artıq olması Azərbaycan iqtisadiyyatının real durumunu nəzərə aldıqda hipergöstəricilərdir. Neft amili olmadan, hansısa  alternativ mənbələr hesabına bunların əmələ gəlməsi, sadəcə olaraq, qeyri-mümkün idi. Bu göstəricilərdə neft sektorunun həlledici həcmdə xüsusi çəkiyə malik olması mövcud olduğu  halda təbiidir ki, investisiya axınları da ölkənin neft sektoruna yönəldilməli idi”. 
 
Ekspertin sözlərinə görə, bu il neft sektorunda müşahidə olunan azalmalar belə yenə də həm ixracın strukturunda, həm də digər  fundamental makroiqtisadi göstəricilərinin formalaşmasında neft amilinə real alternativlərin olmasını heç də göstərmir: “Bundan  başqa, bu sektorun rentabellik, əlavə dəyərin yaradılması və əməyin məhsuldarlığı baxımından ölkədə real alternativinin olmamasını da nəzərə alsaq, xarici investisiyaların əsas istiqamətinin bu il də məhz neft sektoruna yönəldilməsi məntiqlidir. Neft sektoruna qoyulan investisiyaların strukturunda isə Böyük Britaniyanın aparıcı rol oynaması artıq tarixi ənənədir. Belə ki, Böyük Britaniyanın dünyada neft  hasilatı sistemi baxımından perspektiv hesab olunan və bu sistemləri qurmaqda olan dövlətlərdə önəmli investisiya  layihələrinin həyata keçirilməsində prioritet rolun oynanılması bu ölkənin xarici iqtisadi siyasətinin strateji xəttini təşkil edir”.