Nazirlər Kabineti “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nı təsdiq edib. Siyahıda 15 növ əmtəə yer alıb.
Bura həkim resepti əsasında buraxılan dərman vasitələri, dopinq vasitələri, istifadəsinə (tətbiqinə) Səhiyyə Nazirliyi tərəfindən icazə verilməmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları, o cümlədən hipnoz seansları, kontaktsız, psixi və ya bioenergetik təsirə əsaslanan müalicə metodları, hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətlər, süni mayalanma üzrə tibbi xidmətlər, tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları, alışqanlar, satışa çıxarılması barədə qərar qəbul edilməmiş qiymətli kağızlar, keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyalar və qeydiyyata alınmamış digər lotereyalar, qumar oyunları və sair daxildir.
Bu siyahıda diqqəti daha çox çəkən isə tibb sahəsinə aid olan vasitələr, müalicələrdir. Çünki telekanallarda demək olar ki, reklamların böyük faizini özəl tibb müəssisələrindəki xidmətlər, arıqlama vasitələri, yeni dərmanlara aid olanlar təşkil edir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a açıqlamasında bu qərarı alqışladığını dedi. Onun sözlərinə görə, ümumən dərman maddələrinin reklamı qadağandır. Müsahibimiz hesab edir ki, televiziyada arıqladıcı, pəhriz vasitələrinin reklamı yolverilməzdir: “Dərmanı xəstəyə həkim təyin edir. Həkim o dərman haqda onu istehsal edən, satışını təşkil edən firma nümayndələrindən məlumat alır. Onlar da dərman haqda bütün məlumatları həkimə gətirir. Dərman reklam əsasında satıla bilməz.
Bu cür reklamlara alışmışıq. Amma elə dərmanlar, antibiotiklər var ki, onları xəstəyə elə-belə təyin etmək olmaz. İnsanlar reklamlardan bunu görüb, apteklərə gedir və əldə edirlər”.
Müsahibimizin sözlərinə görə, indi hər kəs əlinə bir aparat alıb və “bunun dünyada analoqu yoxdur” deyərək, insanları aldadır. “Analoqu yoxdursa, onu hardan əldə etmisiz” sualı yaranır bu halda" deyən professorun sözlərinə görə, bəzi tibbi vasitələr aptek şəbəkələrində satılmır. Onları müəyyən depolardan alırlar: “İndi bəzi malların reklamının qadağan olunması bu neqativ halların qarşısını almaq üçündür. Yerində verilmiş qərardır. Məqsədi odur ki, həkim resepti olmadan bəzi malların satışı olmasın”.
“Space” TV-nin icraçı direktoru Kamil Şahverdiyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu qadağadan xəbərdardılar. Amma müsahibimiz dedi ki, kanala hələlik rəsmi siyahı daxil olmadığı üçün reklam “setka”sında da dəyişiklik etməyiblər. K.Şahverdiyevin sözlərinə görə, bu dəyişiklik kanalın büdcəsinə ciddi zərər verməyəcək: “Çünki o, ümumi reklamların cüzi hissəsini təşkil edir. Sadalanan məhsullar və xidmətlərin reklamı reklam bazarında böyük paya sahib deyil”.
Nazirlər Kabineti yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamlarla bağlı da qadağaları müəyyən edib.
