Prezident İlham Əliyevin Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtar respublika statusu verilməsinin mümkünlüyü ilə bağlı açıqlamasına ölkə siyasətçiləri, ictimai xadimlər, siyasi şərhçilər münasibət bildirməkdədirlər. Azərbaycanın işğal olunmuş rayonlarından olan jurnalistlər də məsələyə münasibətlərini “Yeni Müsavat” vasitəsilə bildiriblər.
Laçın rayonundan olan jurnalist, novator.az xəbər portalının baş redaktoru Azər Qaraçənli bildirdi ki, Ermənistanla Azərbaycan arasında münaqişəni, müharibəni Rusiya salıb, məqsəd erməniləri də, bizi də Moskvadan asılı vəziyyətdə saxlamaqdır. Bu, rus imperializminin köhnə hiyləsidir. İndi münaqişəni qızışdıran Rusiya guya başqa elçilərlə birlikdə bizi və erməniləri razılığa gətirməyə çalışır və bundan ötrü tərəflərə təkliflər verir, onlardan təkliflər gözləyir. Azərbaycanın dövlət başçısı da siyasi gediş olaraq təklifini səsləndirib: “Qarabağ danışıqları qapalı aparıldığına görə Azərbaycanın dövlət başçısının Dağlıq Qarabağa muxtar respublika statusu təklif etməsinin nədən doğduğunu bilmirəm. Amma şübhə etmirəm ki, bu bir siyasi gedişdir və görünür, belə bir prinsiplə hesablanıb: ermənilər razılaşarlar-yaxşı, razılaşmazlar-yenə yaxşı. Ruslar erməniləri buna razı salmağa çalışarlar-yaxşı, çalışmazlar-yenə yaxşı. Ermənilər razılaşsalar, ruslar bunu pozarlar-yaxşı, pozmazlar-yenə yaxşı”.
Ağdam rayonundan olan jurnalist, qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu bildirdi ki, Dağlıq Qarabağa muxtar respublika statusu təklifi yüksək statusdur. Yüksək status verilməsi təklifi isə əslində ilk dəfə deyil səslənir. İndiyə qədər dəfələrlə prezident və ayrı-ayrı rəsmi şəxslər tərəfindən bəyan edilib ki, Dağlıq Qarabağa yüksək status verilməsinə razıyıq: “Yüksək status isə məhz muxtar respublika statusudur. Şuşaya, Xocalıya, Xankəndinə və digər rayonlara azərbaycanlıların qaytarılması şərti daxilində Dağlıq Qarabağa belə bir status verilə bilər. Bu variantla problem həll olunacaqsa, buna razılaşmaq olar. Mənim bir keçmiş döyüşçü, vətəndaş olaraq şəxsi mövqeyim belədir ki, Dağlıq Qarabağda bir nəfər də erməni yaşamamalıdır. Azərbaycana qarşı bu qədər cinayətlərdə iştirak etmiş və etməyə hazır olan ermənilərin hamısı güc yolu ilə Azərbaycan ərazilərindən çıxarılmalıdır. İndiki reallıqların, beynəlxalq amillərin buna imkan verib-vermədiyi isə başqa söhbətin mövzusudur. İndi prezident muxtar respublika təklifini səsləndiribsə, deməli, buna zərurət yaranıb. Danışıqların içində prezidentdir, real vəziyyəti hər kəsdən dəqiq cənab prezident bilir”.
Cəbrayıl rayonundan olan tanınmış jurnalist Seymur Verdizadə isə bildirdi ki, Dağlıq Qarabağa muxtar respublika statusu Naxçıvan Muxtar Respublikasına verilən statusdan artıq olmamalıdır: “Naxçıvan Muxtar Respublikasının özünün ordusu olmadığı kimi Dağlıq Qarabağın da özünün ordusu olmamalıdır, Dağlıq Qarabağın rayon və şəhərlərinə tarixən orada yaşayan azərbaycanlılar, onların varisləri qaytarılmalıdır, Dağlıq Qarabağın rayon və şəhərlərinin icra başçıları Azərbaycan prezidenti tərəfindən təyin edilməlidir. Yalnız bu cür mühüm şərtlər daxilində Dağlıq Qarabağa muxtar respublika statusu vermək məqbuldur. Bunlardan artıq, müstəqilliyə bərabər statusdan isə söhbət gedə bilməz. Mən hesab edirəm ki, hakimiyyət də heç vaxt buna razılıq verməz. Əgər hansısa beynəlxalq dairələrdən Azərbaycan iqtidarına Dağlıq Qarabağın ”müstəqilliyini" tanıması üçün təzyiqlər edəcəksə, bu təzyiqlərin qarşısında bütün Azərbaycan xalqı dayanacaq".
Kəlbəcərdən olan jurnalist, koordinat.az xəbər portalının baş redaktoru Elxan Salahov isə bildirdi ki, muxtar respublika statusu çox böyük güzəştdir, Ermənistan bu təklifə razılaşsa, bu, işğalçı dövlət üçün çox böyük uduş olardı: “Bundan sonra ermənilər ”Azərbaycandan istədiyimizi qoparıb aldıq" deyə qürrələnəcək. Eybi yox, qoy qürrələnsinlər, amma biz gedib öz torpağımızda yaşaya bilək. Mən Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğaldan azad olunması, şuşalıların Şuşada, Xankəndi azərbaycanlılarının Xankəndində, xocalılıların Xocalıda öz doğma ev-eşiyində, viran qoyulmuş yurdunda quruca torpağın üstündə yaşaya bilməsi üçün düşmənin muxtar respublika statusu ilə qürrələnməsinə razıyam. Bir şərtlə ki, Dağlıq Qarabağ muxtar respublikası Azərbaycanın ərazisi kimi təsbit olunsun. Zatən Dağlıq Qarabağda ermənilər bizdən yaxşı yaşayıblar. Sovet rejimi həmişə Qarabağ ermənilərinə xüsusi qayğı və diqqət göstərib və bunun sayəsində Dağlıq Qarabağda yaşayan ermənilər arasında kasıblıq həddi aşağı idi. Yüksək vəzifələrə də həmişə erməniləri layiq biliblər. Ən yaxşı təhsil və səhiyyə şəraitini onlara yaradıblar.
Dağlıq Qarabağ muxtar respublika olandan sonra inanmıram ki, keçmişdəkindən artıq bir üstünlük olsun. Amma bir şərtlə: Bakıda yüksək vəzifə başında oturanlar ermənipərəst mövqe tutmasalar, şəxsi mənafelərini milli maraqlardan üstün tutmasalar. Açığı, mən bu məsələdən çox ehtiyatlanıram. Çünki biz bunun şahidi olmuşuq, itirilmiş torpaqlarımızı təkcə Ermənistanın hərbi gücü, Rusiyanın Ermənistana birbaşa hərbi və siyasi dəstəyi sayəsində uduzmamışıq, həm də Azərbaycanın daxilində xəyanətkar mövqe tutanlar işğala şərait yaradıblar. Ona görə də bu məsələyə son dərəcə ehtiyatla yanaşmaq lazımdır".
musavat
