Bakıda əsgər ölümünə görə təqsirləndirilən hərbçilərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Musavat.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Bilәcəridəki N saylı hərbi hissəsində əsgər Tapdıq Babaşovun ölümü, həmçinin orada 50-yə qədər əsgərə işgəncə verilməsi iddiası ilə əlaqədar 10 aydır ki, davam edən məhkəmə prosesi yekunlaşıb.
Bu gün baş tutan sonuncu prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Bakı Hərbi Məhkəməsində hərbi hissənin manqa komandiri olmuş üç nəfərә cәza kәsilib. Təqsirləndirilən şəxslərdən Ruslan Cavadov 10 il, Elməddin Babayev və Cəmil Ağayevin hər biri 8 il 6 ay azadlıqdan məhrum ediliblәr.
Qeyd edək ki, ittihama görə, hökm oxunan manqa komandirləri əsgərləri, o cümlədən Tapdıq Babaşovu müxtəlif səbəblərə görə döyüblər.
Bu səbəblər əsgərlərin sırada düzgün addımlamaması, axşam "yat" komandasından sonra öz aralarında danışmaları olub.
İttiham aktında qeyd edilir ki, hadisə baş verən gün isə Tapdıq Babaşov tualeti yumaq göstərişinə əməl etmək istəmədiyinə görə manqa komandiri Ruslan Cavadov onu elə ayaqyolunda döyüb. Sonra isə çəkməsinin ipi ilə boğub.
Məlumata görə, T.Babaşov özünü üçüncü mərtəbədə yerləşən ayaqyolunun pəncərəsindən ataraq intihar edib.
Lakin Tapdıq Babaşovun yaxınları onun intihar etməsi barədə deyilənlərin yalan olduğunu bildirir. Hesab edirlər ki, Tapdığı öldürüb, qətli ört-basdır edib intihar görüntüsü yaratmaq üçün meyiti pəncərədən atıblar.
Son sözündə Ruslan Cavadov deyib ki, əsgər Babaşovu döyməsi və bundan sonra onun intihar etməsi barədə ittihamda yazılanlar yalandır.
Onun dediyinə görə, istintaq zamanı bu cinayəti təzyiq yolu ilə onun boynuna qoyublar: "Allaha and olsun ki, yalandır. Müstəntiq mənə dedi ki, boynuma götürməsəm, məni MTN-ə göndərəcək. Orada da başıma oyun açacaqlar. Məni "butılka" ilə hədələdi. Hərbi hissənin kamera görüntülərini gətirmədilər ki, əslində, orada nə olduğu görünsün. Buradakı ifadələrdən də məlum oldu ki, hadisə baş verəndə mən başqa yerdə olmuşam. Əsgər Seymur Kərimlini döyüblər, bir gün Nərimanov Rayon Polis İdarəsinin təcridxanasında saxlayıblar, ondan sonra mənim üzümə dayanıb. Guya, mən Babaşovun ölümündən əvvəl onu döyəndə Seymur Kərimli məni görüb. Yalandı, belə bir şey olmayıb. Ona görə üzümü tutub Tapdığın anasına deyirəm, get, oğlunun qatilini axtar tap, amma bil ki, bu iş mənlik deyil".
Təqdirləndirilən Cavadovun vəkili Şəfiqə Nağıyeva müdafiə çıxışında hərbi hissənin dəhlizlərində olan kamera görüntülərinin araşdırılmadığını deyib:
"Necə ola bilər ki, hərbi hissədə əsgərlərə mütəmadi işgəncə verilsin, amma bundan rəhbərliyin xəbəri olmasın? Burada dindirilən əsgərlərdən biri dedi ki, Tapdıq Babaşovun ölümündən əvvəl ayaqyolundan iki nəfər naməlum mülki şəxs çıxıb. Kim olub onlar, niyə araşdırılmadı? Niyə hərbi hissənin rəhbər şəxsləri çağrılıb dindirilmədi? Ana övladını hərbi xidmətə göndərəndə dövlətə əmanət verir, daha vermir ki, gedib ölsün. Burada təqsirləndirilən şəxslərin yanında mütləq hərbi hissənin rəhbər şəxsləri də oturmalı idi", - deyə vəkil çıxışında bildirib.
Digər təqsirləndirilənlər Tapdıq Babaşovun ölümündə özlərini təqdirli bilmirlər. Amma bəzilərini şillə ilə vurduqlarını etiraf edirlər.
Dövlət ittihamçısı Yavər Allahverdiyev replika hüququndan istifadə edərkən deyib ki, təqsirləndirilən şəxslərə qarşı ittihamlar, onların tabeliklərində əsgərlərə zorakılıq etməsi məhkəmədə sübutlarla öz təsdiqini tapıb.
Prokuror təqdirləndirilən hərbçilərin hərbi hissədə hegemonluq etmələrinin sübuta yetirildiyini söyləyib.
Xatırladaq ki, BDU-nun tarix fakültəsini qırmızı diplomla bitirmiş Tapdıq Babaşov evin yeganə oğlu olub. O, 2015-ci il mayın 22-də dünyasını dəyişib.
musavat
