|
Daha hər yerdə siqaret çəkmək mümkün olmayacaq
Milli Məclisdə tütün məhsullarının istehlakının məhdudlaşdırılması ilə bağlı qanun layihəsi hazırlanıb. Bu barədə Musavat.com-a Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.
 
Onun sözlərinə görə, bundan əvvəlki qanunlarda siqaretin məhdudlaşdırılmasından söhbət gedirdi: “Amma siqaret yazanda papiros, qəlyan, digər tütün məhsulları nəzərdə tutulmurdu. Ona görə də biz indi onu bir az genişləndiririk. Tütün istehlakının məhdudlaşdırılmasından bəhs edirik. Prezidentimiz tapşırıq verib, tütün istehsalını artırmaq lazımdır. Amma eyni zamanda tütün istehlakını azaltmaq lazımdır”. H.Rəcəbli bildirdi ki, layihənin müəllifi özüdür: “Layihə əlimizdədir, hazırlamışıq, amma hələ bizim komitədə müzakirə olunmayıb”.
 
Tütün məhdullarının məhdudlaşdırılacağı yerlərə gəldikdə, komitə sədri bunları bildirdi: “O yerlər bir az da geniş miqyasda nəzərdə tutulub. Məsələn, aeroport, avtobus, taksi, kinoteatr, məktəb, restoranlar və digər yerlərdə əvvəlki qaydada siqaret çəkmək qadağan olunacaq. Siyahı təqdim olunacaq və ayrılacaq xüsusi yerlərdə siqaret çəkilməsinə icazə veriləcək. Daha bundan sonra hər kəs istədiyi yerdə siqaret çəkə bilməyəcək. Ola bilər ki, hansısa dayanacaqlar da ictimai yer hesab olunsun”. Qayda pozuntuları ilə əlaqədar tətbiq ediləcək sanksiyalar da ağır olacaq: “Biz cəriməni yalnız qaydanı pozan vətəndaşa yox, ictimai yerin sahibinə, məsələn, restoran, ya otelin sahibinə də kəsəcəyik. Bu qanunun qəbulundan sonra daha restorana, şadlıq evlərinə gedən, toyda iştirak edən şəxs yalnız xüsusi ayrılan yerlərdə, ayrıca otaqda siqaret çəkə biləcək. İndiki halda cərimənin miqdarı aşağıdır, İnzibati Xətalar Məcəlləsində təqribən 30 AZN-dir. Amma biz onun miqdarını artırmaq istəyirik. Bunun üçünsə gərək Məcəlləyə dəyişiklik edək”.
 
H.Rəcəblinin sözlərinə görə, əslində bu layihə digər bir sıra digər qurumlara, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə də aiddir: “Çünki bütün xəstəliklərin, əlilliyin mahiyyətində siqaretçəkmə durur. Özü də siqaret çəkənlərdən çox, onun yanında dayananlara, tüstünü udanlara ziyandır”. Komitə rəhbəri ölkədə siqaret çəkənlərin statistikası ilə bağlı da məlumatın dəqiqləşdirilib müzakirələrə təqdim olunacağını vurğuladı: “Bu gün çox təəssüf ki, qızların da içində siqaret çəkənlər artmağa başlayıb. Həmçinin siqaret çəkən yeniyetmələrin sayı artıb. Məktəblərdə dəb halını alıb, tualetlərdə siqaret çəkirlər. Odur ki, hiss olunan dərəcədə artım var. Siqaret kütləviləşib”. Ona görə də bu məsələ bizi çox düşündürür”.  
 
Xatırladaq ki, bundan əvvəl də analoji təşəbbüslər olub, amma qanunun qəbul olunması məsələsi reallaşmayıb. O zaman burada siqaret mafiyasının təsirlərinin olduğu deyilirdi. Bəs, H.Rəcəbli necə, həmin dairələrin təsirini hiss edirmi? Cavabında dedi ki, hələlik bununla bağlı hər hansı təsir yoxdur: “Mən 15 ildir bu layihəni hazırlayıram. Amma ortaya çıxara bilmirdik. İndi isə komitə sədrlərinin hamısına təqdim etmişik ki, rəy versinlər. Həmçinin nazirliklərə göndərmişik. Onların rəyini alandan sonra komitə iclasında müzakirəyə çıxaracağıq”.
H.Rəcəbli dedi ki, bu dəfə layihənin müzakirəsinə problem yaranacağını zənn etmir. Çünki rəhbərliyin iradəsi var: “Burada şəxsən sədrimiz Oqtay müəllimin, eyni zamanda hörmətli Mehriban xanımın təşəbbüsü var. Ona görə də hesab eləmirəm ki, problem yarana bilər”.  
cia.az