|
Türkiyə rəsmisi Bakıda keçirilən "Çörək festivalı"nda:
"Çox çörək yemək sağlamlığa ziyandır" 
 
Bakıda keçirilən "Çörək festivalı" davam edir. Tədbirdə təkcə Azərbaycanın bölgə və rayonlarının deyil, həmçinin digər ölkələrin çörək və şirniyyatları nümayiş olunur. 
 
Türkiyə səfirliyinin nümayəndəsi İbrahim Yıldırımmusavat.com-a açıqlama verərək festival ilə bağlı təəssüratlarını bölüşüb. Səfirlik nümayəndəsi Azərbaycannın çox çeşiddə çörək olmasından qürur duyduğunu dedi:
 
"Hər bölgənin özünə məxsus çörəyi var. Mən daha çox yuxa və odda bişirilən təndir çörəyini sevirəm". İbrahim Yıldırım bununla yanaşı qeyd etdi ki, çörək çox yemək sağlamlıq üçün müəyyən qədər ziyandır:
 
"Bu qədər çörək yeyən toplum o qədər də sağlıqlı qala bilməz". 
 
Qırğızıstan səfirliyinin nümayəndəsi Nigina Buranova isə sərgidə nümayiş etdikləri çörək və şirniyyatlar haqqında əməkdaşımıza danışıb:
 
"İlk dəfədir ki, belə bir festivalda iştirak edirik. Festival çox yaxşı təşkil edilib. Bizim sərgidə lepoşki, xvorost, sam-sam nümayiş olunur". 
 
Səfirlik nümayəndəsi sevdiyi Azərbaycan şirniyyatlarından da söz açıb:
 
"Sizin paxlava və şəkərburanı çox sevirəm. Onlardan yeyib xeyli kilo almışam. Amma yenə də sevə-sevə yeyirəm". 
 
Qırğızıstan səfirliyinin nümayəndəsi Şahidə Mehdiyeva da təqdim edilən çörək nümunələrindən bəhs edib:
 
"Bu festivala qədər ölkədə keçirilən "Plov", "Çay" və digər festivallarda iştirak etmişik. Bu günkü festivalda təmsil etdiyimiz ölkənin 4 növ çörəyi təqdim edirik. Bunlar Daşkənd, Səmərqənd və Vadi adlı bölgəyə məxsus çörəklərdir. Həmçinin sərgimizdə "çak-çak", "quş dili" adlı şirniyyatlar da var".