Rauf Sultanov saxtakarlıq faktlarının araşdırılmamasından, məmur qərəzindən gileylidir
Ali Məhkəmədə əlil-arestant Rauf Sultanovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Hakim ilham Cəfərovun sədrliyi ilə keçirilən iclasda R.Sultanovun Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi şikayəti təmin edilməyib. Rauf Sultanovun vəkili Elçin Sadıqov bildirib ki, apelyasiya şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsinin 24 may 2016-ci il tarixli ilkin baxış iclasının qərarından şikayət verilməsində məqsəd apelyasiya şikayətinin ilkin baxış iclasında çıxarılan qərarın ləğv edilməsi, apelyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılması olub:
“Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrlik etdiyi kollegiyada kasasiya şikayətinə baxıldı və təmin edilmədi. Biz bu qərardan narazıyıq. Çünki burada Rauf Sultanovun hüquqları kobud şəkildə pozulub. Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından kasasiya şikayəti olunduğu üçün Bakı Apelyasiya Məhkəməsi gözləməli idi. Amma hakim Faiq Qasımov ilkin baxış iclasının qərarından verilən kasasiya şikayətinin nəticəsini gözləmədən yekun qərar qəbul edib. Çünki kasasiya şikayəti təmin edilməli, ilkin baxış iclasının qərarı ləğv edilərək iş yenidən apelyasiya instansiyasına qaytarılması üçün qərar verilməli idi”. Vəkil deyib ki, Bakı Apelyasiya Məhkəməsinin yekun qərarından da kasasiya şikayəti verilib. Onun sözlərinə görə, şikayət Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın icraatındadır. İttihama görə, Rauf Sultanov Bakı şəhər sakini Naidə Manafovadan 3500 manat borc pul alıb. Borc sahibi isə 15 gün sonra Nəsimi Rayon Polis İdarəsinə şikayət edib. Hələ ibtidai istintaq dövründə N.Manafova şikayətini geri götürərək R.Sultanovdan şikayətçi olmadığını rəsmi şəkildə bildirməsi də cinayət işinə xitam verilməsinə səbəb olmayıb.
R.Sultanovun bacısı, ABŞ vətəndaşı Aynur Sultan Gülişık isə deyir ki, Ali Məhkəmədə qardaşının işi üzrə məhkəmə iclasında şikayətə formal olaraq baxılıb: “Vəkil və qardaşı çıxış edərkən hakimlər İlham Cəfərov Hafiz Nəsibovla danışmaqla onları dinləməyiblər. Öz aralarında danışıb gülüblər. Sanki hakimlər məhkəmə zalında qardaşımın taleyinə birbaşa təsir edən qərar verməyə deyil, məhz deyib gülməyə gəliblər. Onların bu münasibəti qardaşıma qarşı qərəzdən, bir dövlət məmurunun verdiyi sifarişdən qaynaqlandığı fikrindəyik. Əks təqdirdə hakimlər qanunsuz və əsassız məhkəmə qərarını təsdiqləməz, həmin qanunsuzluğa şərik olmazdılar. Qardaşım vəsatətlər verib ki, iş materialları ilə tanış olmasına şərait yaradılsın. Hakimlər vəsatəti nə rədd etdi, nə təmin etdi. Qərarı elan edəndə qardaşım onlardan vəsatətlərə münasibət bildirmələrini də xahiş edib. Bunun əvəzində İlham Cəfərov konvoya tapşırıb ki, onu aparsınlar. Bu iş sifarişlidir, bizlərə həmin məmurun adını açıqlayacaq. Yüksək çinli məmurun təzyiqlərinə görə hakimlər müstəqil qərar verə bilmirlər. Qardaşımın digər şikayətinə Gülzar Rzayeva baxacaq. Biz yekun qərarını gözləyirik. Bundan sonra qardaşıma qarşı qərəzli məhkəmə qərarlarının verilməsində sifarişçi olan məmurun adını açıqlayacağıq”.
Qeyd edək ki, Rauf Sultanova Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə Rauf Sultanov zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyib. Anadangəlmə epilepsiya xəstəsi olan 1-ci qrup əlil Rauf Sultanov mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu, ilkin dindirmə zamanı xəstəliyi ilə əlaqədar borcunu gecikdirdiyini deyib.
cia.az
