|
Qar və yağış bölgələrdə ciddi fəsadlar törədib
Bəzi kəndlərlə əlaqə kəsilib, işıq və istilik problemləri qalmaqdadır.
 
Bu il Azərbaycana qış tez gəldi. Oktyabrın 16-17-sində Bakıda yağan aramsız yağışlar həm müvafiq qurumları, həm də vətəndaşları çətin vəziyyətə saldı. Paytaxtdan fərqli olaraq, ucqar bölgələrimizə  qar yağdı ki, bu da əyalət insanlarını daha çox problemlərlə üz-üzə qoydu. 
 
Xüsusilə də Quba rayonunun dağətəyi kəndlərinə (Buduq, Xınalıq və Qrız), İsmayıllı rayonunun Zərnava kəndinə yağan qar, yollarda nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradıb.  Cənub rayonlarında da vəziyyət eynidir.  
 
Qar Daşkəsəndə də elektrik və rabitə xətlərini sıradan çıxarıb. Rayon mərkəzinə elektrik enerjisinin verilişində qısa fasilə yaransa da dirəklərin aşması və naqillərin sıradan çıxması 20-yə yaxın kəndi işıqsız qoyub.
 
Rayon mərkəzinə 20-25, dağ kəndlərinə isə 35-40 sm qalınlığında qar yağıb. 
Ümumilikdə qar örtuyünün hündürlüyü İsmayıllıda 15, Qubanın dağlıq ərazilərində: Xınalıqda 65, Qırızda 45, Ləzədə 25, Altıağacda 14, Nohurdüzündə 24, Qonaqkənddə 20 sm təşkil etdiyi bildirilib. 
 
Bəs regionlarda hazırda vəziyyət necədir?
 
İsmayıllı rayonunun Zərnava kəndinin bələdiyyə sədri Haqverdi Məhərrəmov “Yeni Müsavat”a bildirib ki, kəndə 21 sm qar yağıb: “Yolları sel dağıdıb, yararsız hala salıb. Hazırda da yollarda işlər görülür. Bizim əlimizdən gələn ancaq yolları keçiləcək hala salmaqdır. Zərnava ucqar kənddir. Hər il demək olar ki, oktyabr ayından sonra kənddə belə vəziyyət yaranır. Əlimizdən gələni edirik.  Çalışırıq ki, asma körpüyə qədər olan yolu keçilən vəziyyətə gətirək. Digər kəndlərdə sürüşmə olsa da, Zərnava hələ bu baxımdan yaxşı vəziyyətdədir. Sürüşmə yoxdur.  Rayonun özündə isə vəziyyət yaxşıdır. Orada da icra nümayəndələri işləyirlər, dağılan yolları bərpa edirlər”.
 
Şamaxı ərazisində də yağan yağış çətin vəziyyət yaradıb. Belə ki, əldə etdiyimiz məlumata görə, rayonun Çuxuryurd kəndində mövcud olan eyniadlı göldə normadan artıq yağan yağışlar və əriyən qar gölün daşması ilə nəticələnib. Ətraf obyektlər və evlər su altında qalıb. Yaxınlıqdakı restoran, iaşə obyektləri və 5 evin həyətyanı sahələrinə su dolub.
Mövcud durumla bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən qəzetimizə bildirdilər ki, problemlərin aradan qaldırılması üzrə ərazidə işlər aparılır. İcra nümayəndələrinin rayon ərazisində olduğu bildirildi. 
 
Daşkəsən Rayon İcra Hakimiyyətindən də aldığımız məlumata görə, hazırda rayonun kommunal təsərrüfat idarəsi müvafiq qurumlarla birlikdə   gücləndirilmiş iş rejimində çalışırlar. Qarın yaratdığı problemlər aradan qaldırılır. 
 
Lakin qarın hələ də ara-sıra yağdığı bildirilib.
 
Qubada da vəziyyət eynidir. Rayon sakinlərindən aldığımız məlumata görə, yollarda qarın təmizlənməsi istiqamətində işlər aparılır. Dağlıq ərazidə yerləşən kəndlərə qalxan yollar təmir edilir. 
 
Mövcud durumla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov da “Yeni Müsavat”a bildirib ki, hazırda bölgələrdə müvafiq tədbirlər davam etdirilir: “Paytaxt ərazisi ilə yanaşı, rayonlarda da nazirliyin əməkdaşları müvafiq tədbirləri görməkdədir. Hazırda da bu istiqamət üzrə işlər aparılır”.
 
Ekspert Telman Zeynalov bildirib ki,  getdikcə “buzlaşma” dövrünə yaxınlaşırıq:
 
“Yaranmış vəziyyətin qarşısını almaq mümkün deyil. Bu, təbiətin qanunudur. Adətən 50 il havalar soyuq keçir, 50 il isə isti. Son olaraq 1950-70-ci illərdə oktyabr ayında bu cür hava şəraiti müşahidə olunub. Son illərdə isə Bakıda və regionlarda belə sərt hava şəraiti müşahidə olunmayıb. Görünən odur ki,  bu il qış sərt keçəcək. Ümumiyyətlə, qarşıdakı illərdə qışın sərt keçməsi gözlənilir. Buna görə də dövlət hazırlıqlı olmalı,  əhalini istiliklə təmin etməlidir”.
cia.az