İlham Şaban: “Əmtəəlik qazın hasilatının azalmasının səbəbi odur ki, Azərbaycan ”Azəri-Çıraq-Günəşli“dən ona çatacaq 1 milyard kubmetr həcmində səmt qazından imtina etdi və...“
Bir neçə gündür ölkə ərazisində hava şəraitinin yağıntılı keçməsi və temperaturun kəskin aşağı düşməsi hökumətin qaz və istilik sistemləri ilə bağlı qış rejiminə keçməsini şərtləndirir. İki gün öncə keçirdiyi mətbuat konfransında SOCAR prezidenti Rövnəq Abdullayev də jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, artıq noyabrın 1-dən təbii qazın verilməsi ilə bağlı qış rejiminə keçiriləcək, yəni qazın həcmi artırılacaq. Lakin bir çox rayonlara yağan qar onu göstərir ki, artıq bu gündən qış rejiminə keçməyə ehtiyac var.
Bəs görəsən, hökumət qazın həcminin artırılmasını gecikdirməklə nəyə nail olmaq istəyir? Prosesin görünməyən tərəfləri nələrdir? Hansı problemlər əhaliyə verilən qazın həcminin azalmasına səbəb olub? Cəmiyyəti düşündürən bu və ya digər suallara cavab almaq üçün mövzunu Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanla müzakirə etdik.
“Yeni Müsavat”a danışan ekspert bildirdi ki, qar yağan və temperaturun aşağı düşdüyü bölgələrdə qış rejiminə keçmək üçün noyabr ayını gözləmək doğru deyil: “İsmayıllıda, Şamaxıda, Daşkəsəndə, Qubada, Qusarda qar yağıb. Bu bölgələrdə artıq qış gəlib. Gecə temperatur 1-2 dərəcə olur. Bu rayonlara artıq qış rejimində qaz verilməlidir. Bunu noyabrın 15-ə qədər gecikdirməyin mənası yoxdur. Lakin bunu bütün ölkə üzrə tətbiq etməyin də mənası yoxdur. Bakı şəhərində və ya Aran bölgəsində hələ qış rejiminə keçməyə ehtiyac yoxdur. Bakı və Abşeron yarımadasında şimal küləkləri olmayanda, yağış və ya çiskin olsa da temperatur müsbət 12 dərəcəyə qədər olur. Bu zaman qış rejiminə keçmək mənasızdır.
Mənim “Azəriqaz”dan aldığım məlumata görə, artıq yeraltı qaz anbarlarına 2,5 milyard kubmetrdən artıq qaz vurulub. Bu, ötən illə müqayisədə bir qədər artıqdır və çox yaxşı bir nəticədir. Ancaq qış rejimini normal keçirmək üçün bu yetərli deyil. Ona görə də qarşıdakı dövrdə bunu 3 milyard kubmetrdən yüksək vəziyyətə gətirmək lazımdır. Bu ayın sonuna qədər o həcmlər vurulmalıdır. Əgər vurulmasa onun fəsadları ola bilər. İndiyədək biz belə fəsadlarla qarşılaşmamışıq".
Əmtəəlik qaz hasilatının da aşağı düşdüyünü vurğulayan İlham Şaban hökumətin bununla neft hasilatının azalmasını əngəllədiyini bildirdi: “Ancaq bir məsələ var ki, cari ildə ilk dəfə olaraq əmtəəlik qazın hasilatı aşağı düşüb. Əmtəəlik qaz əldə olan ümumi qazdır. Bizdə ümumi qaz hasilatı artıb, ancaq əmtəəlik qaz hasilatı azalır. Hansı ki, ondan əhali, sənaye istifadə edir. Əmtəəlik qazın hasilatının azalmasının səbəbi isə odur ki, Azərbaycan bu il çox çevik siyasət yürütdü və ”Azəri-Çıraq-Günəşli"dən ona çatacaq təqribən 1 milyard kubmetr həcmində qazdan, yəni səmt qazından imtina etdi və onun neft quyularına vurulmasına razılaşdı. Əvəzində daha çox neftin hasil olunmasına nail oldu və hasilat azalmadı, stabil qaldı. Lakin ötən ilin bu il üçün təsdiq olunmuş proqramına gör, Azərbaycanda neft hasilatı 1 milyon ton, yəni 7,5 milyon barel azalmalı idi. Əksinə, bazara daha çox neft çıxarıldı və daha çox gəlir əldə edildi. Bu da həm Neft Fondunda yığımlara təsir etdi və azalma qeydə alınmadı. Digər tərəfdən, Azərbaycan qənaət rejiminə keçdi. Elektrik stansiyalarında qazın istifadəsi azaldıldı, mazutdan istifadə edilməsinə başlanıldı. Çünki yığımda 1 milyard kubmetr defisit var. Bu il həm də təbiət Azərbaycanın tərəfində oldu, qış çox mülayim, yay isə sərin keçdi. Yəni insanlar qışda qızınmaq daha az qaz və elektrik istifadə etdilər, yayda da daha az kondisioner işlətdilər. Nəticədə elektrik enerjisinin istehlakı da azaldı. Bunun nəticəsində Azərbaycan bu günə qədər qaz defisiti yaşamayıb, üstəgəl, qaz anbarlarında ötən ildəkindən daha çox qaz vurulub. Yəni əhali də bu işdə hökumətin dadına çatıb. Bu baxımdan, hökumət əhaliyə heç vaxt belə bir mesaj göndərməməlidir ki, sizə ucuz qaz verirəm. Hər iki tərəf bu böhranlı ildən çox yaxşı çıxdı. İndi qarşıdan qış gəlir. Mənim üçün də maraqlıdır ki, ekoloqlar bu qışı necə proqnoz edirlər".
Qış aylarında qazın həcmi az olduqda əhali arasında belə bir narazılıq da dilə gətirilir ki, hökumət Türkiyəyə, Gürcüstana qaz satır, yerli əhali isə qaza həsrət qalıb. Bəs görəsən, həqiqətənmi xaricə ixrac olunan qaz əhalinin təbii qazla təminatında problemlərin yaranmasına səbəb olur?
İlham Şabanın sözlərinə görə, Gürcüstan Azərbaycan üçün enerji maraqları baxımından həddindən artıq önəmli bazar olduğundan hökumətin bu addımını tənqid hədəfinə çevirmək doğru deyil: “2016-cı ilin fevral ayında Azərbaycanla Gürcüstan arasında yeni qaz sazişi imzalandı. Bu sazişə görə Gürcüstana qaz yeni fiksə edilmiş qiymətlərlə satılmağa başladı. Qazın qiyməti rüblük olaraq, dünya bazarında neftin və mazutun qiymətinin dəyişməsi ilə paralel olaraq dəyişəcək. Əvəzində Azərbaycan bu bazarda öz mövqeyini qoruyub saxladı. Rusiyanın ”Qazprom" şirkətinin həmin bazara ayaq açmasına imkan vermədi. Bir çoxları deyir ki, o bazar bizim nəyimizə lazımdır? Ancaq başa düşülmür ki, gələcəkdə Gürcüstan Azərbaycan üçün nəinki Avropaya, ümumiyyətlə, bütün bazarlara çıxış nöqtəsidir. Bu bazar bizim üçün həm boru kəmərləri, həm tranzit, həm satış yeridir. Yaxın 50 və ya 100 il üçün gürcüstan bazarı daim bizim nəzarətimizdə olmalıdır. Biz o bazarda öz mövqelərimizi qorumasaq, o zaman ikiqat xərcləmələrlə malımızı bazarlara çıxartmaq məcburiyyətində qala bilərik. Hazırda Xəzərin o tayındakı ölkələr və İran da o aqibəti yaşayır. Əvvəlki illərə nisbətən cəmi 200 milyon kubmetr artıq qaz veririk. Ancaq bunun əvəzində daha çox şey qazanırıq".
Qazın qiymətinin artacağı ilə bağlı iddialara da toxunan ekspert bildirdi iki, bunun üçün hər hansı iqtisadi əsas yoxdur: ““Azəriqaz”da yığım çox yaxşıdır. Sadəcə, texniki itkilər var. ARDNŞ bu itkilərin qarşısını almalıdır. Digər tərəfdən, dövlət qurumlarının ARDNŞ-ə olan borcları var. Əhali SOCAR-a qaz pulunu 100 faiz verir, çünki smartkart sisteminə keçilib və pulu əvvəlcədən ödənilir. ARDNŞ-ə qaz pulunu Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, güc strukturları verə bilmir. Onlar bir nömrəli kateqoriyaya aid abonentlərdir və dövlət büdcəsindən maliyyələşən strukturlardır. Onlar öz aralarında məsələni həll etməlidirlər, bunun əhaliyə heç bir aidiyyəti yoxdur. Dövlət mütəmadi olaraq onların borclarını silir, məsələni ictimailəşdirmir. Bu problemlər hökumət səviyyəsində müzakirə edilmir, nəticədə 3-4 ildən sonra təkrar eyni məsələ gündəmə gəlir. Bu baxımdan, islahatlar aparmaq lazımdır. Xidmətin səviyyəsi artmalıdır ki, maya dəyəri də aşağı düşsün. Bu problemlər həll olunduqca, xidmət səviyyəsi yüksəldikcə maya dəyəri də aşağı düşür".
cia.az
