Ölkəmizin statistika orqanları 2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın sosial-iqtisadi inkişaf statistikasının nəticələrini açiqlayıb. Qisaca bir cədvəl formasında əsas göstəriciləri nəzərə çatdırım:
2016 yanvar-avqust məlumatları
Əlbəttə, əldə olunan göstəricilər gözlənilən idi, amma təəssüflər olsun ki, bugünkü Azərbaycanın potensialına uyğun deyil. Göstəricilərin təhlilindən əldə olunan bir sıra müsbət və mənfi nəticələr var:
1-Müsbət nəticələr:
- Ölkənin iqtisadiyyatında düşmə sürəti nisbətən azalıb, əgər birinci yarımildə bu düşmə 4,0% olmuşdusa, 9 ay ərzində düşmə tempi 3,9%-ə enib.
- Ölkənin kənd təsərrüfatında nisbətən dirçəlmə prosesi gedib, digər sahələrdən fərqli olaraq bu sahədə ÜDM uyğun dövr üçün 2,4% artıb.
- Sənayedə istehsalın düşməsi faktiki olaraq dayandırılıb, cüzi də olsa dirçəlişə nail olunub, 9 ay ərzində 0,2% artım qeydə alınıb.
2- Mənfi nəticələr.
- Əksər istiqamətlərdə ciddi tənəzzül müşahidə olunub. Ümumi daxili məhsul 3,9 % aşağı düşüb. Bu düşmənin xarakterik mənfı tərəfləri:
a/ bu azalma keçmiş SSRİ (hətta sanksiyalar altında olan Rusiyada) və bütün sosialist ölkələri içərisində ən böyük azalmadı, hətta dünya miqyasında belə sürətli azalma təhlil olunan dövrlərdə çox az ölkələrdə müşahidə olmuşdu, Venesuela kimi ciddi siyasi və iqtisadi böhran yaşayan bir ölkədə (bu ölkədə fövqəladə vəziyyət elan olunmuşdu) bu qədər azalma müşahidə olunmamışdı. Azərbaycan iqtisadiyyatı düşmə sürətinə görə 200 ölkə içərisində ilk onluqda yer alır;
b/ müstəqilliyimizi qazandıqdan və böhrandan çıxdıqdan sonra ilk dəfədir ki, iqtisadiyyatda tənəzzüllə qarşılaşmışıq və həm də birdən-birə ciddi tənəzzüllə üz-üzə qalmışıq;
c/ hökumətin və beynəlxalq qurumların planlaşdırdığı tənəzzüldən daha böyük geriləmə var, bu da ondan xəbər verir ki, iqtisadiyyat idarəetmə məcrasından çıxa bilər.
- İqtisadiyyatın bazasını təşkil edən investisiya və tikinti sahəsində tənəzzül daha böyük olub ki, bu da təbii ki, bütövlükdə inkişafa daha böyük zərbə vurur. Həm də bu meyl aybaay daha da kəskinləşir. Tikinti quraşdırma işlərində 9 ay ərzində azalma 32% olub ki, bu da faktiki olaraq iqtisadiyyatın çökməsinə və yaxın gələcəkdə dirçəlişin ola bilməməsinə dəlalət edir. Bu günün tikintisi həm də yaxın illərin istehsalının cücərtiləridi. Tikintinin azalması tempinə görə Azərbaycan dünyada birinci yerdədir, halbuki cəmi bir il əvvəl tikinti meydançalarına çevrilmiş və dünya birincilərindən biri idi. Yay ayları tikinti işlərinin canlanma mövsümü idi, heç olmasa, bu aylarda azalma yüngülləşməli idi.
- Azalma özünü qeyri-neft sektorunda daha qabarıq büruzə verib. Əgər bütöv iqtisadiyyatda azalma 3,9% olmuşdursa, qeyri-neft sektorunda 6,1% təşkil edib. Eynilə, əgər ümumi ixracat həcmi 8 ay ərzində 15% azalmışdısa, qeyri-neft ixracı 24,3% düşüb. Əslində bu böhran neft sektorunda qiymətlərin düşməsi ilə əlaqədar olub. Qeyri-neft sektoru hətta bu azalmanın bir qismini kompensasiya etməli idi. Demək ki, dərin böhranın səbəbi neft deyil, daha ciddi səbəblər var.
Bəs bu nəticələri yaradan səbəblər nədir? Hamını düşündürən sual da budur. Ola bilməz ki, cəmi bir-iki il əvvəl bu qədər sürətlə inkişaf edən, faktiki olaraq, iqtisadi inkişafda böyük müvəffəqiyyətlər əldə edən bir ölkə birdən-birə ağır geriləməyə məruz qalsın.
Mən bununla bağlı mətbuatda dəfələrlə çıxış etmişəm və hətta, SOS siqnalı ilə xəbərdarlıq etmişdim ki, bizi yaxşı nəticələr gözləmir. Heç kim inkar edə bilməz ki, iqtisadi məsələ daim prezidentin diqqətindədir və islahatlar istiqamətində müəyyən addımlar atılmış, işlər görülmüşdü. Amma nəticə nəinki gözlənilən deyil, hətta planlaşdırılan göstəricilərdən də çox ağırdır.
Demək, qəbul olunan islahat qərarları ya tam dolğun deyil, yəni, bütün sahələri əhatə etmir, ya da qəbul olunan qərarlar bu günün tələblərinə cavab vermir. Təəssüflər olsun ki, hər ikisi var. Səbəblərin izahına keçək.
“Bu təkliflər paketi yalnız quru söz yığını deyil, tərəfimizdən bunun tam mexanizmi və icra üsulu, hətta qanun, fərman və qərar layihələri hazırlanıb, bəziləri mətbuatda dərc olunub. Müvafiq orqanlara yalnız üzərində işləyib, düzəlişlər etmək və tətbiqinə başlamaq qalır”
|
Məsələ burasındadır ki, bu böhran tələb böhranıdır, çox kiçik qrup ölkələri (yalnız neftdən asılı ölkələri) əhatə edir, dünya böhranı deyil, neftə tələbin azalması (Rusiya faktoru daxil olmaqla) ilə əlaqədar neftin qiymətləri xeyli düşüb və ölkələrə daxil olan pulun miqdarı azalıb, davamı kimi iqtisadiyyat daralıb. Azərbaycanda həm də ölkənin əsas yaşam mənbəyi olan neftin istehsalının sürətlə aşağı düşməsi və səmərəsiz qərarların qəbulu ilə müşahidə olunub. Bir tərəfdən neftin qiyməti sürətlə düşdü, digər tərəfdən neft istehsalının pik vaxtı keçdi və sürətlə azalmağa doğru gedir, üstəlik, idarəetmədə ciddi səhvlər, əhaliyə yanlış informasiya verilməsi və s. ölkənin iqtisadiyyatını sürətlə çökdürdü. Ölkənin milli valyutasının ucuzlaşdırılması və illah da əhaliyə bir söz verib reallıqda başqa cür hərəkət etmək, iki dəfə qeyri-qanuni devalvasiya neftin qiymətinin düşməsindən daha böyük zərbə vurdu. Bir adamı, beş şirkəti aldatmaq olar, amma milyonlarla insanı aldatmaq mümkün deyil. Milyonlarla insan banklara və pul bazarına basqını artıraraq pullarını ictimai dövriyyədən çıxardılar və müxtəlif ölkələrə səpələndilər, ölkənin ictimai kassası müflisləşdi, boşaldı. Bazar iqtisadiyyatının ən qorxunc cəzası məhz budur.
Belə olan halda böhrandan çıxmağın bir yolu var, o da tələb yaratmaq. Tələbi isə bazar iqtisadiyyatı şəraitində əsasən əhaliyə, müəssisə və şirkətlərə pul verməklə yaratmaq və artırmaq olar. İnsanlara pul verərkən onlar mal dalınca bazara gedirlər. Bazar mal tələbi ilə istehsalçılara üz tutacaq, istehsalçılarsa uyğun olaraq işçi qüvvəsinə üz tutacaq, xammal bazarına təzyiqi gücləndirəcək. Beləcə dövriyyə və iqtisadiyyat canlanmış olacaq. Deməli, yeganə yol məhdudlaşdırıcı maliyyə siyasətindən genişləndirici maliyyə siyasətinə keçərək hər yolla bazarda pul təklifini artırmaq, həm xarici və həm də daxili mənbələr hesabına iqtisadiyyatı maliyyə ilə təmin etmək lazımdır. Bazarda pul təklifinin artması isə emissiya, pul bazasının artırılması, mərkəz banklarının rezerv normalarının və uçot dərəcələrinin azalması, mərkəz banklarının kredit məbləğinin artırılması, mərkəzi bank tərəfindən müəssisələrin, şirkətlərin, bankların, maliyyə şirkətləri, investisiya fondları və banklarının qiymətli kağızlarının kütləvi surətdə alınması, dövlət xərclərinin artırılması, büdcə kəsirinin artırılması və ümumiyyətlə, borclanmanın yüksəldilməsi, əllərdə olan pulun ictimai dövriyyəyə cəlb olunması, əmanətlərin artırılması, dövlət təşkilatlarının (maliyyə qurumları, hökumət fondlarının, pensiya və sığorta fondları, istehsalat qurumlarının) sərbəst vəsaitlərinin hamısının hökumət əmanətləri kimi kommersiya banklarında yerləşdirilməsi və s. yollarla həyata keçirilə bilər.
Təəssüflər olsun ki, indi Azərbaycanda sanki xüsusi olaraq hazırlanmış sxem üzrə bu görülməli olan tədbirlərin hamısı tam əks istiqamətdə həyata keçirilib. Belə olan halda isə hətta ən dahi hökumət və ya prezident, iqtisadçı, biznesmen artım ala bilməz. İkinci bir cədvələ nəzər salsaq vəziyyəti daha aydın görmək olar:
Cədvəl 2
Azərbaycanda antiböhran tədbirləri
|
N
|
Tədbirlərin adları
|
Böhrandan çıxmaq üçün
zəruri
|
Azərbaycanda faktiki tədbirlər
|
|
1.
|
Emissiya və pul bazasının həcmi
|
Mütləq artmalıdı
|
Kəskin surətdə azalmış, bir ildə iki dəfəyə yaxın
|
|
2.
|
Dövlət xərclərinin həcmi
|
Mütləq artmalıdı
|
kəskin azalmışdı-27%
|
|
3.
|
Uçot dərəcəsi
|
Mütləq azalmalıdı
|
Xeyli artmışdı-3%-dən 15%-ə qaldırılmışdı.*
|
|
4
|
Ehtiyat normaları
|
Azalmalıdı
|
Artmış, milli valyutada dəyişməz qalsa da xarici valyutada 0.5% dən 1%-ə qaldırılmışdı
|
|
5
|
Büdcə kəsiri
|
Artmalıdı, minimum ÜDM-in 3% qədər
|
İlk aylarda profisit yaranmış, 9 ay ərzində 519,1 milyon manat kəsir olmuşdur (ÜDM-də 1,2%).
|
|
6
|
Vergi dərəcələri
|
Azalmalıdı, vergi yükü minimuma endirilməlidi
|
Artmış, yeni vergi növləri var, vergi yükü xeyli artmışdı və ümumi vergilərin həcmi artmışdı.
|
|
8
|
İnvestisiya xərcləri və tikinti
|
Təsirli dərəcədə artmalıdı
|
Xeyli-30% azalmışdı
|
|
9
|
Milli valyutanın kursu
|
Tədriclə yumşalmalıdı
|
Kəskin –iki dəfə devalvasiya olmuşdu
|
|
10
|
Xarici borcların həcmi
|
Artmalıdı, bazar pul vəsaitlərilə tam təmin olunmalıdı
|
Cüzi artmış, amma xaricə verilən və ya çıxarılan vəsaitlər bundan xeyli çox olmuş
|
|
12
|
Kreditləşmə məbləği
|
Çox artmalıdır, faizlər düşməlidi
|
Həcm xeyli azalmış, faiz qalxmışdı
|
|
13
|
Açıq bazarda qiymətli kağızların satın alınması
|
MB kütləvi şəkildə qiymətli kağızları almaqla bazara pul axınını artırmalıdı
|
Müşahidə olunmamış, tam əksinə depozit hərracı yolu ilə xeyli vəsait yayındırılmışdır-129 mln manat
|
Yeri gəlmişkən, 2008-ci il böhranında 14%-dən 3%-ə endirilib ki, bu da ən düzgün qərar idi.
Göründüyü kimi, bütün tədbirlər iqtisadiyyata, böhrandan çıxmağa lazım ola tədbirlərin əksidi, bununla bərabər ölkə prezidentinin qarşıya qoyduğu böyük strateji məqsədini və tapşırıqlarını yerinə yetirə biləcək tədbirlərdən xeyli uzaqdır.
*****
Hər bir təhlilin nəticəsinin doğurduğu sual budur: nə etməli?
Birinci növbədə, iqtisadiyyatın qanunauyğunluqlarına və hətta deyərdim, əlifbasına riayət etməklə, yuxarıda sadalanan tədbirlər redaksiya olunmalı və düzgün istiqamətə yönəldirilməlidi. Yəni məhdudlaşdırıcı və ya daraldıcı iqtisadi siyasətdən genişləndirici siyasətə keçərək, pul bazasını xeyli artırmaq, rezerv normalarını azaltmaq, uçot dərəcəsini Avropa və ABŞ səviyyəsinə qədər endirmək (yəni, 7%-dən 0.5%-ə), rezerv normasını azaltmaq, büdcənin kəsirini ÜDM 3%-nə qədər yüksəltmək, bank aktivlərini ÜDM həcminə qədər çatdırmaq üçün lazımi tədbirlər görmək, maliyyə bazarına pul təzyiqini artırmaq, xarici kapitalın və borcların ölkənin iqtisadiyyatına maksimum dərəcədə cəlb etmək, ölkənin daxili və xarici rezervlərini maksimum ölkə içərisi dövriyyəyə cəlb etmək və s., inflyasiyanın artmasının qarşısını almaq üçün onun tənzimlənə biləcək metodlarından istifadə edərək dövlətin tənzimlədiyi qiymətlərin artmasına moratorium qoymaq lazımdır.
İkinci, biznesi liberallaşdırmaq, dünya bankının Doing biznes reytinq cədvəlinə birinci yerləri tutan ölkələrin (Sinqapur, Avropa Birliyi ölkələri, Cənubi Koreya, Yeni Zelandiya və s.) təcrübəsinə uyğun olaraq sistemi qurmaq və bu reytinq cədvəlində Azərbaycanı birinci beşliyin tərkibinə çıxarmaq. Belə bir səviyyəyə nail olunması ölkədə ən azı 5% artımı təmin edəcək və ölkəyə hər hansı beynəlxalq tədbirdən daha güclü reytinq, məşhurluq təmin edəcək. Həmçinin, Türkiyə, Çin və Böyük Britaniya təcrübəsinə uyğun olaraq kiçik biznesə yardım sistemi qurmaq və bu tədbirləri maliyyə vəsaitləri ilə təmin etmək gərəkdir. Neft-qaz sənayesini ucuz xammal satmaq prinsipindən əl çəkərək, əksəriyyət həcminin dərin emalını təşkil etmək və alınan məhsullarla həm daxili tələbatı təmin etmək və həm də ixrac potensialını artırmaq lazımdır. Özəlləşdirməni davam etdirmək və əksər mülkiyyət növlərini dövlətin buxovundan azad edərək özəl sektora vermək bu gün üçün daha vacibdir.
Üçüncü, Ölkənin iqtisadi inkişafını elmi relsə keçirmək, ABŞ, İsrail, Cənubi Koreya təcrübəsindən istifadə edərək elmə çəkilən məsrəfləri bu ölkələrin səviyyəsinə (ÜDM-də pay olaraq) qaldırmaq, elmin idarə edilməsi və maliyyələşdirilməsi sistemini dəyişdirmək, bütün iqtisadiyyatı elmləşdirmək, nüvə, elektronika, kosmos, materialşünaslıq sənaye sahələrinin inkişafını təmin etmək.
Dördüncü, coğrafi mövqeyini nəzərə alaraq ölkədə tranzit iqtisadiyyatı qurmaq. Görülən tədbirlər çoxdur, amma zəruri qədər deyil. Dünyada bu sistemi ən yaxşı quran Sinqapur və BƏƏ-nin təcrübəsindən yararlanaraq, ölkənin bütün qanunvericilik aktlarını bu prinsiplərə uyğun dəyişmək, geniş miqyaslı infrastruktur yaratmaq, bütün gömrük qapılarında, böyük liman, aeroportlarında və dəmir yol stansiyalarında sərbəst iqtisadi zonalar və gömrük anbarları yaratmaq, taariflərin müəyyənləşdirilməsində dövlətin rolunu məhdudlaşdırmaq, viza rejimini ciddi sadələşdirmək lazımdır.
Beşinci, kənd təsərrüfatını elmi reysə keçirərək yüksək sürətlə inkişaf etdirmək, bu sahədə dünyanın ən müvəffəq ölkələri olan İsrail və Hollandiyanın təcrübəsindən yararlanaraq kənd təsərrüfatının idarəetmə və maliyyələşmə (subsidiya) sistemini, sığorta və kreditləşmə, bazar tənzimləmə fəaliyyətini yeni prinsiplərə uyğun qurmaq və kənd təsərrüfatının inkişafı səviyyəsini yaxın on il içərisində həmin ölkələrə çatdırmaq.
Yekunda bir mühüm məsələni qeyd etmək istəyirəm ki, bu təkliflər paketi yalnız quru söz yığını deyil, tərəfimizdən bunun tam mexanizmi və icra üsulu, hətta qanun, fərman və qərar layihələri hazırlanıb, bəziləri mətbuatda dərc olunub. Müvafiq orqanlara yalnız üzərində işləyib, düzəlişlər etmək və tətbiqinə başlamaq qalır. Nəticəsi qarantiyalıdır, amma yenə də müzakirə olunmalıdır. Bütün dünya ölkələri bu yolu keçib və hələ ki ikinci daha səmərəlisi tapılmayıb.
Saleh Məmmədov, professor