|
“Qara Bağ” filminin çəkilişləri yekunlaşdı

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Qara Bağ” bədii filminin çəkilişləri yekunlaşıb.

Kinostudiyadan Axşam.az-a verilən məlumata görə, dram janrında olan qısametrajlı filmin çəkilişləri Bakı şəhərində və Hacıqabul rayonunun Qızıl Burun qəsəbəsi yaxınlığındakı qaçqın şəhərciyində aparılıb. “Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “yenifilm.az” gənclər üçün ssenari müsabiqəsinin qalibi Amil Məmiyevin eyniadlı ssenarisi əsasında çəkilən ekran əsərinin quruluşçu rejissoru Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə rolları Vidadi Əliyev, Elxan Abbasov, Rasim Cəfərov, Ayşad Məmmədov, Məzahir Həşimov, Svetlana Əliyeva, Səbinə Məmmədzadə və Soltan Əhməd canlandırırlar.

Rejissor Amil Məmiyevin sözlərinə görə, filmin adının “Qara Bağ” olması heç də təsadüfi deyil:

“Qara Bağ” dilək ağacına bağlanan qara düyünlər mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Film məcburi köçkünlərin hal-hazırki yaşayış tərzlərini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir”.