|
Xalq hərəkatından çıxan siyasətçilər niyə bir-biri ilə yola getmirlər?
Milli azadlıq hərəkatından çıxmış siyasətçilərin və siyasi qüvvələrin bir çoxunun bir-biri ilə illərdir yol getməməsi, hətta bəzən düşmən kimi davranmaları sirr deyil. 
 
Hətta özlərinin birbaşa müəllifi olduqları dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü günlərində onlar bir-birilərinə ittihamlar, iynəli sözlər işlətməkdən çəkinmədilər. 30 ilə yaxın siyasi stajları olan bu insanların biri iqtidarda, digəri müxalifətdə olsaydı, anlayardıq ki, hakimiyyət uğrunda düşmənçilik edirlər. Lakin bəllidir ki, 23 ildir onlar eyni taleni-müxalifətçiliyi bölüşürlər. Lakin bir-biri ilə münasibətlərində heç nəyi bölüşə bilmədiklərini nümayiş etdirirlər. Niyə yola getmədikləri, nədən bir-biri ilə münasibətləri bəzən düşmənçilik səviyyəsinə qədər çatdırdıqları aydın deyil.
 
Bu barədə danışan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirdi ki, milli azadlıq hərəkatından çıxmış siyasətçilərin fərqli düşüncə sahibi olmaları, yola getməmələri bir faktdır. Bu acı həqiqətin bir sıra səbəbləri var. İlk səbəb ötən əsrin 80-ci illərində mövcud ictimai-siyasi vəziyyətdə xalqın qarşısında vahid məqsədin olması və bu məqsəd yolunda bir təşkilatın yaranmasıdır. Bu vahidliyi müəyyən edən amil xarici təcavüzkardan qurtulmaq istəyi idi: “Tarixçilər təsdiq edər ki, cəmiyyətin xarici aqressiya qarşısında bütövləşməsi digər mübarizə variantlarından daha məhsuldar ola bilir. Ən azı bu səbəblərdən ovaxtkı komanda birlik nümayiş etdirə bilirdi. Lakin hələ o dövrdə təqribən 6 ay ərzində hərəkatın da daxilində cərəyanlar formalaşmağa başlamışdı. Sadəcə olaraq, hərəkatın leqal fəaliyyət fazasında ( 29 iyul 1989-20 yanvar 1990-cı il) hadisələr o qədər sürətlə təzahür etdi ki, bu fərqlilik görünmədi.
 
Digər səbəb o dövrün liderlərinin baxış fərqlilikləri idi. Onlar hadisələrin inkişafını müxtəlif ssenarilər üzrə proqnoz etdiklərindən, plüralizm gələcək çatın bünövrəsini qoymuş oldu.
Səbəblərin sırasında növbətisi 1992-93-cü il hadisələri oldu. Mənə görə ovaxtkı hakimiyyətdəki  qüvvələrin hərəkat yoldaşlarının bir qismini kənarda qoyduqlarından, siyasi mübarizə faktiki olaraq, keçmiş mübarizə yoldaşları arasında başladı və çat yarğana çevrildi. 
 
Sonrakı 23 il ərzində isə əvvəl Heydər Əliyev, sonra isə İlham Əliyev əllərindəki imkanlardan istifadə edərək bu münasibətləri daha da pozmağa nail oldular. Mən prezident Əliyevlərin etdiklərini anlayıram, lakin xalq hərəkatından çıxmış qüvvələrin onların siyasətinin təsiri altına düşüb aralarındakı münasibətləri düşmənçiliyə qədər dərinləşdirmələrini anlamıram.
Müstəqillik günü münasibətilə bir neçə gün öncə-17 oktyabrda "Park-İnn" hotelindəki tədbirdə bu insanların arasında ziddiyyətləri görməmək olmurdu". 
 
Ə.Əliyevin sözlərinə görə, bununla belə, bədbinliyə qapılmaq lazım deyil: “Həmin xalq hərəkatının üzdə olan şəxsləri özlərinin də etiraf etdiyi kimi, tarixi missiyalarını başa vurublar. 17 oktyabr tədbirində bu fikir açıq şəkildə biri tərəfindən etiraf edildi. Bu nəsilə taxılıb qalmaq olmaz. Onlar Azərbaycan xalqının tarixində böyük missiya yerinə yetiriblər. Səhv və düzlərini analiz etmədən bu fədakarlığa görə onlara təşəkkür etmək lazımdır. İndi onların addımlarına tənqidi yanaşanlar unutmasınlar ki, o nəsil nüvə derjavasını, dünyanı lərzəyə salan imperiyanı çökdürüblər. Onların əvəzsiz xidmətlərinin qiymətini gələcək nəsillər mütləq verəcək. Rəsulzadə və silahdaşlarının dövlətin qurulmasında hansı xidmətləri olubsa, müstəqilliyin və Cümhuriyyətin bərpasında AXC rəhbərliyinin böyük və danılmaz zəhməti olub.
 
Artıq yeni nəsil yetişib. Ölkəni yeni mərhələ gözləyir. Köhnələrin münasibətlərinin araşdırılması siyasi mübarizənin rasional yolu deyil. Yeni mərhələdə hərəkatçılar olmaq istəsələr, onların qarşısını heç kəs ala bilməz. Lakin onların arasındakı münasibətlər bu dəfə həlledici olmayacaq. Növbəti dönəmin əhval-ruhiyyəsini yeni nəsil, dönəmin xüsusiyyətləri, iqtidarın səhvləri və beynəlxalq ictimaiyyətin münasibəti müəyyən edəcək. Ona görə də köhnə münasibətləri həlledici maneə kimi görmək yanlışdır".
musavat