|
Qurbağa əti ilə bağlı iki yanaşma - yeyək, yeməyək?
Bakıda fəaliyyət göstərən restoranların birində qurbağa əti satılması müzakirəyə səbəb olub. Qurbağa ətini sifariş verənlərin daha çox azərbaycanlılar olduğunu nəzərə alaraq yaxın zamanlarda bunun digər restoranların da menyularına daxil ediləcəyini demək mümkündür. 
 
Standartlaşma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı da bugünlərdə mətbuata açıqlamasında  Azərbaycanda qurbağa əti istehsal edən fermanın fəaliyyətə başladığını bildirib. Fazil Talıblının sözlərinə görə, qurbağa ferması Salyan rayonunun Şorsulu kəndində yerləşir. Yetişdirilən qurbağaların ətinin dünyanın bir neçə ölkəsinə - Fransa, Kanada, İspaniya, Çin və Norveçə ixrac edilməsi nəzərdə tutulur. 
Ümumiyyətlə, Azərbaycanda əsasən qoyun, dana, toyuq, balıq, bildirçin, qaşqaldaq və bəzi digər quşların əti yeyilir. Az da olsa, kirpi əti yeyənlər də var. Görünür ki, son vaxtlar qurbağa əti də Azərbaycan mətbəxinə daxil olub. Qurbağa əti daha çox Fransa mətbəxində yer alır. Fransanın ən elitar restoranlarında qurbağanın həm soyutması, həm də ayaqlarının qızartması çox mühüm yer tutur. 
 
Qurbağanın yalnız ayaqları yeyilir. Tailand, Braziliya və  Sinqapur əsas qurbağa ixracatçıları kimi tanınırlar. Türkiyədə də 8 qurbağa şirkəti fəaliyyət göstərir. Bir çox mütəxəssislər qurbağa ətinin olduqca faydalı olduğunu bildirir. Lakin dini ekspertlər qurbağa ətinin yeyilməsinin İslamda haram buyurulduğunu bildirirlər.
 
Картинки по запросу Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov
 
Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov Azərbaycan mətbəxində qurbağa ətinin olmadığını dedi: “Texnoloji cəhətdən yeyilməyən ət, demək olar ki, yoxdur. Amma bu zövqdən asılıdır. Məncə, bunu Azərbaycan restoranlarında verməzlər, Azərbaycanda fəaliyyət göstərən xarici restoranlarda ola bilər. Çünki qurbağa əti yeməyə dinimiz icazə vermir. Bu yemək Azərbaycan milli mətbəxinə də aid deyil. Amma Fransa, Çin və bir çox ölkələrdə yeyilir. Dadı da balıq əti ilə toyuq ətinin qarışığının dadını verir. Sanki balığın sousunda toyuq, toyuğun da sousunda balıq bişirilib. Qurbağanın əsasən budlarını yeyirlər. Yeyilən qurbağalar xüsusi yetişdirilən qurbağalardır. Hər qurbağanı yemək olmaz. Yeyilənlər iri su qurbağalarıdır. Balaca qurbağanı yetişdirməyin də mənası yoxdur. Çünki əti az olur. Gürcüstanda bu cür qurbağalar yetişdirilir. Əgər bizdə bu cür qurbağalar yetişdirilib xarici ölkələrə satılırsa, bu yaxşıdır. Buradakı restoranlara da verirlərsə, buna haqları çatır və icazələri var. Əslində burada pis bir şey yoxdur. Məsələn, Koreyada it əti yeyirlər. Biz bunu yemiriksə, o demək deyil ki, onu qadağan etməliyik. Buradakı xarici restoranlarda qurbağa ətini menyuya daxil ediblərsə, etsinlər. Qurbağanı diri-diri də müalicə məqsədi ilə istifadə edirlər. Amma bir daha təkrar edirəm ki, Azərbaycan mətbəxində qurbağa əti yoxdur. Sonuncu 2 min illik tariximizdə belə, bizim əlimizdə azərbaycanlıların qurbağa əti yeməsi barədə məlumat yoxdur”.
 
Картинки по запросу Seyfəddin Əsəd
 
Tanınmış həkim, təbii üsullarla, o cümlədən qurbağa ilə müalicəyə üstünlük verən Seyfəddin Əsəd qurbağa ətinin tərkibində çox qiymətli zülallar olduğunu bildirdi: “Dünyanın bir çox ölkələrində qurbağa əti yeyilir. Əsas odur ki, qurbağa ətində xolesterin azdır. Qurbağa ətinin tərkibində çox qiymətli zülallar var və insan sağlamlığına xeyirlidir. Bunu fransızlar daha yaxşı bilir. İndi restoranlarda məmnuniyyətlə qurbağa əti sifariş edənlərin sayı artır. Ona görə də digər canlılar dovşan, kirpi və quşlar necə qiymətlidirsə, qurbağa da o qədər qiymətlidir. Yeyiləsi qurbağaların xüsusi növü var və onu təbii qaydada yetişdirirlər və yeyirlər. Qurbağa əti immuniteti artırır, maddələr mübadiləsini gücləndirir və digər heyvani yağlardan fərqli olaraq orqanizmdə, damarlarda tıxacların əmələ gəlməsinə səbəb olmur. Zobun müalicəsində də diri qurbağadan istifadə olunur. Bəzən insanlar harada gəldi qurbağanı tutub zoblarına qoyurlar ki, xeyirlidir. Ancaq bilmirlər ki, qurbağanın minlərlə növündən yalnız birinin müalicəvi effekti var. O necə, hara qoyulmalıdır bilmək lazımdır.
 
Burada söhbət canlı qurbağanın effektindən gedir ki,  qurbağa zəhəri çəkir və ora şüa göndərir, qalxanvari vəzin funksiyasını yaxşılaşdırır. Onun xeyri çoxuna məlum deyil. Ancaq xəstə birinci gündən effektini duyur. Qurbağanı ən çox hərbidə çətin taqımlarda olan insanlar istəyir. Çünki onlar çətin məqamlarda məcburiyyət qarşısında qalıb ilan, qurbağa, hər nə olsa, yeməyi öyənirlər. Bu adamlar da qurbağanın dadını bildikləri üçün əl çəkmirlər. Harada qurbağa əti olduğunu eşidən kimi gedirlər ki, yesinlər. Onun dadını mən də bilmirəm. Amma görünür ki, çox ləziz daddır ki, adamlar əl çəkmək istəmirlər”.
musavat