|
Generalın işçisi şəhid oğlundan rüşvət tələb edir

Ağdamın hərbi komissarlığı dalağı çıxarıldığı üçün hərbi xidmətdən tərxis olunan Seyfəddin Abbaslını pulu olmadığı üçün yenidən əsgərliyə yollamaq istəyib...

Ağdamın hərbi komissarlığında atası Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan Seyfəddin Abbaslıdan rüşvət tələb olunub. Bu barədə Seyfəddin Abbaslı özü Cia.az-a məlumat verib. Şikayətçinin sözlərinə görə, Ağdamın hərbi komissarlığı tərəfindən hərbi xidmətə aparılıb: ”Məni müayinə etmədən hərbi xidmətə göndərdilər. Daxili Qoşunlarda xidmət keçirdim. Lakin orada müayinə olunan zaman bəlli oldu ki, dalağımda ciddi problem var. Əməliyyat olundum, dalağım çıxarıldı. Daha sonra isə məni hərbi xidmətdən azad etdilər”.

“Şəhidinə hörmət qoymayan Səbuhi Sədiyev”

Seyfəddin Abbaslı bildirib ki, hərbi xidmətdən azad olunmasına baxmayaraq bir neçə ildən sonra Ağdamın hərbi komissarlığına  çağırılıb: “ Orada mənim hərbi biletimə tərxis olunma ilə bağlı möhür vurulmalı idi. Amma vurmadılar. Məndən 250 manat rüşvət istədilər. Konkret olaraq hərbi komissarlığın Səbuhi Sədiyev məndən pul istədi. Mən ona dalağımın çıxarıldığını, pulumun olmadığını, atamın Qarabağ uğrunda şəhid olduğunu desəm də nəticəsi olmadı. Pul vermədiyimə görə məni müayinəyə yazdılar. Gəldim Bakıdakı 5 saylı xəstəxanaya. Oradan isə məni “Eksprementalni”yə  göndərdilər. Orada dedilər ki, alınmır”.

“Pul verməsən...”

Beləliklə, Ağdamın hərbi komissarlığı hərbi xidmətdən təxris olunan Seyfəddin Abbaslının hırbi biletinə müvafiq möhürü vurmayıb. Faktiki olaraq xəstə adamın yenidən hərbi xidmətə yollamaq istəyiblər. “Atam şəhid olub. Anam da onkoloji xəstədi, özüm də xəstəyəm. Amma pulum olmadığına görə başıma belə oyun açırlar. Mənim imkanım yoxdu deyə, yenidən xəstə-xəstə əsgərliyə getməliyəm?!”

“Mən ondan pul...”

Cia.az-ın əməkdaşı məsələ ilə bağlı Seyfəddin Abbaslının ittiham etdiyi Səbuhi Sədiyevlə də əlaqə saxlayıb. Hərbi komissarlığın zabiti olduğunu Səbuhi Sədiyev Seyfəddin Abbaslarının ittihamlarını əsassız adlandırıb. ”Mən ondan pul istəməmişəm, o məni şantaj edir”,- deyə Səbuhi Sədiyev bildirib.

Qeyd edək ki, son vaxtlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarələrindən oxşar hallar xeyli artıb. Çağırışçıların müayinədən olunmadan, bəzi hallarda açıq-aşkar xidmətə yararsız olanların əsgərliyə aparılması artıq adi hala çevrilib. İnandırıcı deyil ki, xidmətin rəisi Arzu Rəhimov baş verənlərdən xəbərsizdir. Xəbərsiz deyilsə, o zaman nədən tədbir görmür? Bu sualın cavabı açıq qalır.

Cia.az