|
Kənd təsərrüfatının hansı sahələri ölkəyə daha çox valyuta gətirə bilər?
Neftin ucuzlaşması və hasilatın azalması Azərbaycanı post-neft dövrünə keçməyə və qeyri-neft sektorunu gücləndirməyə vadar edib.  Qeyri-neft sektoru kimi isə kənd təsərrüfatı sektoru əsas götürülüb. 

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında iribuynuzlu cins mal-qaranın yetişdirilməsinin, həmçinin ölkəyə valyuta gətirən badamçılıq, fındıqçılıq, zeytunçuluq, üzümçülük təsərrüfatlarının qurulmasının vacibliyindən danışıb. Bundan başqa pambıqçılıq, ipəkçilik və sair sahələrin də inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. 

Bəs görəsən, bu sahələrdən hansı Azərbaycana daha çox valyuta gətirə bilər? Hansı sahənin inkişaf etdirilməsi daha perspektivlidir? 
 
“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Qubad İbadoğlu bildirdi ki, kənd təsərrüfatı xüsusən də əhalinin  iş yerləri ilə təmin olunması üçün çox önəmli sahələrdən biridir: “Bu mənada kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilməsi siyasəti düzgündür. Amma bununla yanaşı Azərbaycanın kənd təsərrüfatının hazırkı durumu və bazarın tələbləri də diqqətdən qaçırılmamalıdır. Biz qərar qəbul edərkən onu nəzərə almalıyıq ki, hansı məhsullar bizə dünya bazarında və ya yerli bazarda üstünlük qazandıra bilər. Ucdantutma bütün məhsulların əkini ilə məşğul olmaq düzgün yanaşma deyil. Xüsusilə də pambıq əkinlərinin genişləndirilməsi digər əkin sahələrinin məhdudlaşdırılmasına gətirib çıxara bilər, heyvandarlıq üçün örüş yerlərinin azalmasına səbəb olacaq. Bu baxımdan, fəsadlar da nəzərə alınmalıdır. Əvvəla, pambıq Azərbaycan üçün o qədər də uğurlu bitki deyil. Azərbaycan heç vaxt Özbəkistan səviyyəsində münbit torpağa, nə iqlim şəraitinə, nə də geniş əraziyə malik ola bilməz. Özbəkistan ən yaxşı halda pambıq ixracatından 1 milyard dollar vəsait qazanır. Bu ölkə uzun illər qazandığı təcrübə sayəsində bundan artıq qazanc əldə edə bilmirsə, Azərbaycan üçün də bu sahə sərfəli olmayacaq”. 
 
Ekspertin fikrincə, fındıq, badam, üzümçülük sahələrinin inkişaf etdirilməsi, şəkər çuğundurunun əkilməsi ixracyönümlü məhsulların istehsalı baxımından daha çox məqsədəuyğun olardı: “Çünki ölkədə şəkər istehsal olunur və ixrac  olunur. Onun xammalının ölkəmizdə istehsal olunması həm şəkərin keyfiyyətinə, həm də ölkədən çıxan valyutanın qarşısının alınmasına xidmət edə bilər. Mən üzümçülüklə bazara girməyi daha məqsədəuyğun hesab edirəm. Üzümçülük həm də şərabçılıq üçün əsas sahələrdən biridir. Qonşu Gürcüstan beş şüşə şərabla bir barel neftdən gələn qazanc qədər gəlir əldə edir. Dünya bazarında şərabçılıq məhsullarına tələbat yuxarıdır. Qeyri-neft sektorunun inkişafı deyərkən bunu da nəzərə almaq lazımdır. Bu baxımdan, yanaşma çox ümumi olub və sistemsizdir. Pambıqçılıqla bağlı əkinçilik vaxtında başlanılmayıb. Yalnız əkinə görə yox, bütövlükdə bu prosesə başlamaq üçün vaxt məsələsi çox önəmlidir”. 

Qubad İbadoğlu onu da vurğuladı ki, hökumət indiki məqamda kənd təsərrüfatından gəlir götürmək istəyirdisə, bu sahədə işlərin aparılmasına ən azı 5 il öncə başlamalı idi: “Neft gəlirlərinin çox olduğu vaxtda, heç olmasa 5 il əvvəl  Azərbaycan hökuməti bu sahələrə sərmayə qoyuluşunu artırsaydı, indi qeyri-neft sektoru olaraq bu sahədə kifayət qədər  valyuta qazana bilərdik. Əgər indi qeyri-neft sektorunun strukturuna baxsaq, ən çox gəlir gətirən məhsullar meyvə-tərəvəzdir, bitki və heyvan mənşəli məhsullardır. Bu baxımdan, hesab edirəm ki, hökumət hesablanmış addımlar atmalıdır». 

İqtisadçı onu da qeyd etdi ki, maldarlıqla dünya bazarında yer tutmaq mümkün deyil. Bu ən yaxşı halda daxili bazarı təmin etmək üçündür: “Bizdə qüvvətli yem bazası yoxdur, Ona görə də məhsuldar sayılmırlar. Bizdə heyvanları səhərdən axşama kimi meşələrə buraxırlar. Heyvanlar dağlarda gəzməkdən əzələləri idmançı kimi bərkiyir. Nə əti keyfiyyətli olur, nə də ondan kifayət qədər məhsul almaq olur”
musavat