|
Gürcüstan demokratiya relsindən çıxır
Gürcüstanda oktyabrın 8-də keçirilən parlament seçkilərinin rəsmi nəticələrinə görə hakim “Gürcü Arzusu” Partiyası 48,67%, keçmiş prezident Mixail Saakaşvilinin tərəfdarları olan  müxalif  Vahid Mili Hərəkat Partiyası 27,11% səs qazana biliblər. Parlament seçkilərinə münasibət isə heç də birmənalı deyil. Çoxlu sayda qanun pozuntuları, saxtakarlıq hallarının olduğu iddia edilir. Bununla yanaşı, seçkidən sonra Mixail Saakaşvilinin tərəfdarlarına, əsasən də azərbaycanlılara qarşı həbslər həyata keçirilməsi ortaya bir sıra suallar çıxarıb. 
 
Saakaşvilinin Gürcüstanda qurduğu sistemin son seçkilərdə relsdən çıxmağa başladığını söyləmək mümkünmü? Seçki saxtakarlıqları faktlarını və Saakaşvilinin partiyasına dəstək verdiklərinə görə azərbaycanlılara qarşı seçkidən sonra təzyiqlərin başlanmasını demokratik sistemin sarsılmağa başlaması saymaq olarmı?
 
“Borçalı Cəmiyyəti” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli bildirdi ki, Mixail Saakavşvili təkcə Gürcüstan üçün deyil, bütün region dövlətləri və xalqları üçün demokratik nümunə qoymuş, nümunəvi sistem qurmuş tarixdə qalacaq liderdir. Saakaşvilinin qurduğu sistem yalnız Gürcüstanı və regionu sevməyənlərin xoşuna gəlməyə bilərdi. Təəssüf ki, Saakaşvili iqtidardan getdikdən sonra demokratik sistem yavaş-yavaş mənfiyə doğru yön almağa başladı və 8 oktyabr parlament seçkilərində demokratik sistemin sarsılmağa başlandığı açıq göründü: “İndiki hakimiyyət Saakaşvilinin həm varlığını, həm də siyasi platformasını tənqid eləyə-eləyə gəlib, bir nömrəli hədəfləri Saakaşvili siyasi xəttini tamamilə sıradan çıxarmaq olub. Saakaşvili siyasi xətti isə demokratiya xətti idi. Deməli, demokratiya sıradan çıxarılır. Son seçkilərdə və seçkilərdən sonra baş verən hadisələrdə demokratiyadan yayınma prosesinin hansı səviyyəyə gəlib çatmasını gördük. Bu vəziyyət bizi məyus etməkdədir. Gürcüstan yaxşı bir nümunəyə çevrilmişdi. Lakin indiki hakimiyyət Saakaşvili dönəmindən əsası qoyulmuş demokratik ənənələri pozur. Milli azlıqlara, o cümlədən azərbaycanlılara qarşı siyasi təqiblər, sərhəd-keçid məntəqəsində, yol polisində, məmurlar arasında rüşvətxorluq halları müşahidə olunur. İndi də seçkilərdə demokratiya pozuldu. Azərbaycanın vərdiş elədiyi, amma Gürcüstanın imtina elədiyi bir model tətbiq olundu. Hər kəsin nümunə kimi qəbul etdiyi Gürcüstan demokratiya relsindən kənara çıxarılmaqdadır”.
 
Seçkilərdə müşahidəçi olmuş Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva bildirdi ki, şahidi olduğu və daha sonra mediadan izlədiyi çoxsaylı epizodlar Gürcüstanda  Saakaşvilinin qurduğu sistemin relsdən çıxarılmağa başladığını söyləməyə əsas verir: “Məsələn,  MSK-nın özünün elan etdiyi rəsmi məlumatlara görə, ümumilikdə 73 seçki dairəsindən, hakim partiyanın administrativ resurslarının istifadəsi faktı ilə, təzyiqlər və qanun pozuntuları, səslərin sayılması zamanı  işıqların söndürülməsi ilə bağlı, ümumilikdə 600-ə yaxın şikayətlər  daxil olub. Gürcüstan DİN-in məlumatlarına görə isə seçki günü baş  verən 14 epizod üzrə cinayət işi qaldırılıb və həbslər aparılıb.
 
İkinci ən mühüm məsələ isə Gürcüstan  qanunvericiliyinə görə Mərkəzi Seçki Komissiyası  oktyabrın 8-də  parlament seçkiləri zamanı nəticələri, şikayətləri və mübahisəli məqamları  oktyabrın 27-si tarixinə kimi  araşdırmalı və yekun qiymətləndirməli, daha sonra isə seçkilərin ikinci turunu noyabrın 2-si tarixinə qədər  təyin etməli idi. Amma MSK ləğv olunmuş məntəqələrdə təkrar səsvermənin, 50 majoritar dairədə isə seçkilərin ikinci turunun vaxtını 22 oktyabr tarixinə təyin edib. Bu isə  namizədlərin  seçki pozuntuları şikayətlərini MSK-ya müraciətdən kənarda  həm də məhkəmədə mübahisələndirmək imkanlarını  faktiki olaraq heçə endirdi.
 
Qeyd edim ki, parlament seçkiləri ilə əlaqədar təkrar səsvermə azərbaycanlıların  kompakt yaşadıqları Marneuli rayonundakı 36, 22 və 48 saylı seçki məntəqələrində təşkil olunacaq. Zuqdidi rayonundakı 66, 67, 38, 79 və 108 saylı seçki məntəqələrində isə parlament seçkiləri ilə yanaşı, bələdiyyə seçkiləri də keçiriləcək".

Ekspert qeyd etdi ki, seçki saxtakarlıqları faktlarını və Saakaşvilinin partiyasına dəstək verdiklərinə görə azərbaycanlılara qarşı seçkidən sonra təzyiqləri demokratik sistemin sarsılmağa başlaması saymaq olar:“Bunu sistemin sarsılmasına apara biləcək proseslərin başlanması kimi qəbul edə bilərik. Gürcüstan DİN-in açdığı cinayət işlərinə görə həbs edilənlərin əksəriyyətinin məhz həmyerlilərimizin olması  diqqəti çəkir. Belə ki, məhkəmələri izlədiyim qədəri ilə həbs olunmuş həmyerlilərimizin ilkin məhkəmələrində günahları sübuta yetirilməməsinə rəğmən haqlarında girov qarşılığında azad edilməsi rədd edildi və gənclərin barəsində  iki aylıq həbs-qətimkan tədbirləri seçildi. Bu isə həbslərin istər qısa, istərsə də uzun müddətli hesablamalarda həmyerlilərimizin xüsusilə gəncliyin gözünü qorxutmaq, təkrar və sonrakı seçkilərdə onların seçki fəallığını azaltmaq məqsədilə həyata keçirilməsini ehtimal etməyə əsas verir”.
cia.az