Oktyabrın 16-da Qaziantep şəhərində 3 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən terror aktı Türkiyəni yenidən silkələdi. Hadisə İŞİD terrorçusunun üzərində partlayıcı qurğunu işə salması nəticəsində baş verib.
Ümumiyyətlə, son bir ildə qardaş Türkiyə dövlətində ardı-arası kəsilməyən terror hadisələrinin baş verməsi ölkəmizdə də narahatlıqla qarşılanır. Diqqət çəkən məqam isə ondan ibarətdir ki, faciələr əsasən mərkəzi şəhər və küçələrdə törədilir ki, bu da çoxsaylı insan tələfatına gətirib çıxarır. Əgər bir müddət bundan əvvəl baş verən faciələrdə əsas diqqət mərkəzinə bu ölkənin gərgin münasibətdə olduğu Rusiya gəlirdisə, artıq bu fikirlər də yavaş-yavaş səngiməyə başlayıb.
Qeyd edək ki, Türkiyədə bu il yay mövsümündə çoxlu sayda terrorlar törədildi. “Canlı bomba”lar olan kamikadzelər hətta hava limanına qədər gedib çıxa bilmişdilər. Xatırladaq ki, iyun ayında İstanbul hava limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu- kamikadzenin özünü partlatması nəticəsində 36 nəfər öldü, 147-dən çox insan yaralandı. Təbii ki, bu hadisələr ölkəyə turist axınının səngiməsinə səbəb olub. Halbuki bundan əvvəl qardaş Türkiyə dövləti Avropanın turist axınına görə Avropanın ən qabaqcıl ölkələrindən biri sayılırdı. Araşdırmalardan da məlum olur ki, turistlər artıq bu ölkəni ən təhlükəli ölkələr sırasında görürlər.
Bəs görəsən, Türkiyə kimi böyük bir dövlət terrorlar qarşısında hansı səbəbdən aciz qalıb? Ölkənin təhlükəsizlik orqanları öz işlərində səriştəsizdirlər, yoxsa?..
Siyasi şərhçi Arzu Nağıyev məsələyə bu cür şərh bildirdi: “Ümumiyyətlə, təhlükəsizlik məsələləri belə hadisələr olanda ən yüksək səviyyədə qurulmalıdır. Hesab edirəm ki, Türkiyədə baş verən proseslər bundan sonra da davam edəcək və edir də. Bütün bunlar Diyarbəkirdə, İstanbulda, Ankarada və bir sıra mühüm şəhərlərdə baş verir. Bu, Türkiyənin təhlükəsizlik qüvvələrinin bütün problemləri tam şəkildə həll edə bilməməsindən irəli gələn bir məsələdir. Eyni zamanda terrordan heç bir dövlət sığortalanmayıb. Əsas problemlərdən biri Türkiyə ərazisində son vaxtlar yerləşdirilmiş miqrant kütlələri arasında aparılan filtrasiya tədbirlərinin sona qədər başa çatdırılmamasıdır. Bildiyiniz kimi, bir zaman Suriyadan çoxsaylı şəkildə gəlmiş miqrant kütlələri Türkiyə ərazisində məskunlaşıb. Türkiyənin istər Mosul ətrafında, istərsə də Suriya ilə sərhəddə İŞİD-ə qarşı, bir zamanlar da PKK-ya qarşı apardığı antiterror əməliyyatları vaxtı bu məsələlər gözlənilən idi. Məlumdur ki, əsas məqsəd dövlət başçısının, eyni zamanda hakim partiyanın dövləti idarə etməsində səriştəsizliyini göstərmək üçündür. Həmçinin bununla bərabər həmin terror təşkilatları özlərinin varlıqlarını bir daha sübuta yetirməyə, müəyyən tələblər irəli sürməyə çalışırlar.
Özlərini partladan “canlı bomba”lara gəldikdə isə bu məsələlər çoxdan hazırlanmış proseslərdir. Düşünürəm ki, Türkiyənin təhlükəsizlik qüvvələri öz işlərini daha düzgün qurmalıdır. Son vaxtlar FETÖ ilə mübarizəyə daha çox öz vaxtlarını ayırdılar və beləliklə, bir çox məsələlərdən sanki bir qədər kənarda qalmışdılar. Yəqin ki, bundan sonra xüsusi təhlükəsizlik orqanları öz işlərini daha düzgün quracaqlar.
Artıq son vaxtlar daha az insan tələfatı ilə nəticələnən terrorlar törədilir. Düşünürəm ki, bu hadisələrin qarşısı getdikcə alınacaqdır. Ümumiyyətlə, Türkiyə istər İraq, istərsə də Suriya ərazisində apardığı antiterror əməliyyatları və ya koalisyona qoşulduqca bu, müəyyən problemlər də yaradacaqdır və gözləniləndir.
Təhlükəsizlik orqanları nə bacarırsa onu edir. Heç bir dövlət terrordan sığortalanmayıb. Son vaxtlar Türkiyədə sərhəddə o qədər proseslər baş verdi ki, bunları tam nəzarətə götürə bilmədilər. Müşahidə olunur ki, hər hansı bir proseslər həyata keçiriləndə mütləq bir terror hadisəsi törədilir.
Lakin demək olmaz ki, ölkənin təhlükəsizlik qüvvələri işləmir. Diqqət etsəniz görərsiz ki, Türkiyənin təhlükəsizlik orqanları ölkədə keçirilən sammitləri, beynəlxalq tədbirləri çox yüksək səviyyədə qoruyur, hadisələrin qarşısını ala bilirlər. Onlar hazırda daxildə həm PKK, həm FETÖ, həm də İŞİD və digər qruplarla mübarizə aparır, həddən artıq gərgin iş rejimində çalışırlar. Düşünürəm ki, terrorçular müəyyən boşluqlardan istifadə edərək bu cür hadisələr törədirlər".
cia.az
