|
“Sığortasız əmanətçilər məhkəməyə müraciət etsinlər”
Ölkə banklarını xilas etmək mümkünsüz proses kimi görünür. Bir müddət əvvəl hökumət “Bank Standard”ı sağlamlaşdırmaq istəsə də, mümkün olmadı. Artıq bankın əmanətçilərinin kompensasiya problemi də ciddiləşib. 

Maliyyə Bazarlarına Nəzarət Palatası bildirib ki, lisenziyası ləğv edilmiş “Bank Standard” Kommersiya Bankında qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi davam edir və artıq 3000-dən çox əmanətçiyə 100 milyon manata yaxın ödəniş edilib. Həmçinin bildirilib ki, bankın vergi borcu yoxdur. Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliklərinə gəlincə isə, Vergilər Nazirliyi bu məlumatın bank sirri olduğunu əsas gətirərək açıqlamayıb. 
 
Ekspert Əkrəm Həsənov isə bildirir ki, “Bank Standard”ın əmanətçilərinin pullarını alması ehtimalı böyük deyil: “Son günlər mənə ”Bank Standard"ın sığortasız əmanətçiləri tez-tez müraciət edir ki, pulumuzu geri ala biləcəyik? Onların arasında yaşlı insanlar da az deyil. Təkcə son iki gündə bir neçə yaşlı müəllimə xanım müraciət edib. Onlardan biri hətta onkoloji xəstədir. İllərlə yığdıqları pulu banka etibar ediblər. Təəssüf ki, onları sakitləşdirərək yalan vədlər verirlər. Onlara “qara” xəbəri vermək mənim üçün çox ağırdır. Hər dəfə stress keçirirəm acı həqiqəti onlara deyəndə. Ötən ildən bəri əmanət qoyarkən ehtiyatlı olmaq barədə dəfələrlə yazmışam. Olan olub. “Bank Standard”da və müflis olmuş digər banklarda sığortasız əmanətçilərə müraciət edirəm: pulunuzun qayıtması ehtimalı çox azdır, demək olar ki, yoxdur. Sizə verilən şirin vədlərə inanmayın. Pulunuz məsuliyyətsiz və korrupsion şəraitdə kredit kimi verilib və batırılıb. Buna görə də yeganə şansınız odur ki, həmin bankların sahiblərini, rəhbərlərini, habelə Mərkəzi Bankın o banklara nəzarət etmiş şəxslərini məhkəməyə verib vurulmuş zərərin əvəzini tələb edəsiz. Amma bunun üçün də birləşsəniz yaxşıdır".
 
Əkrəm Həsənov musavat.com-a açıqlamasında qeyd edib ki, “Bank Standard”ı mayda sağlamlaşdırmağa başlayanda təşəbbüs Maliyyə Bazarlarına Nəzarət Palatasından gəlmişdi: “Palata da fəaliyyətinə təzə başlamışdı. Bütün məlumatlar ona Mərkəzi Bankdan gəlirdi. Mərkəzi Bank deyirdi ki, bankda vəziyyət pis deyil, bu bankı sağlamlaşdırmaq olar. Amma Palata sonra bu fəaliyyətlə lap yaxından məşğul oldu, gördü ki, bankın pulu yoxdur. Yəni söhbət nədən gedir? 

”Bank Stsndard"ın sahibləri, idarəçiləri, o cümlədən Mərkəzi Bank illər boyu bu banka nəzarət etmiş şəxsləri Palataya deyirdilər ki, indi əmanətləri qaytara bilmirik, kreditlər vermişik, kreditlər qayıtmır. Amma kreditlər qayıdacaq və sadəcə bir az vaxt udmaq lazımdır. Buna görə sağlamlaşdırmaya dövlət kömək etməlidir. Yəni müvəqqəti olaraq əmanətəri qaytara bilmirik, çünki kreditlər qayıtmır. Amma qoy bizə dövlət bir az sağlamlaşdırmaya kömək etsin, sonra əmanətləri qaytaracağıq və dövlətin və pulunu qaytaracağıq. Yəni vaxt udmaq lazımdır. O səbəbdən Palata buna getdi. Ona görə getdi ki, bank bağlanmasın. 
 
Sonra Palata bankın işi ilə yaxından tanış oldu. Gördü ki, verilən kreditlərin xeyli hissəsi batıb, qayıtmayacaq. Çünki o bankın fəaliyyəti həmişə bərbad idi. Böyük ehtimalla, o kreditləri Heydər Babayev elə öz şirkətlərinə, yaxın şirkətlərinə, bank rəhbərləri özlərinə yaxın şirkətlərə veriblər, o kreditlər batıb. Girov yoxdur, həmin şirkətlər də deyirlər ki, müflisik, pulumuz yoxdur. Belə şəraitdə Palata başa düşdü ki, dövlət kömək etsə də, vəziyyət düzələn deyil. Sabah dövlətin pulunu kim qaytaracaq? Bankın verdiyi o kreditlər qayıtmayacaq, batırıblar. Dövlət banka Maliyyə Nazirliyi, dövlət büdcəsi ilə kömək etməli idi. Bankın sağlamlaşdırılmasını da “Azərtürkbank” aparırdı. “Azərtürkbank” da dövlətin ixtiyarındadır. Maliyyə Nazirliyi Palataya şərt qoydu ki, bankı sağlamlaşdıraq, amma mən idarə edəcəm. Maliyyə Nazirliyi gəlib gördü ki, bankın verdiyi kreditlərin xeyli hissəsi batıb. Fikirləşdilər ki, bu pulu haradan verəcəyik? Onsuz da sonra qayıtmayacaq. 
 
Bizə deyirlər ki, bankda 520 milyon manat əmanət var. Onun 460 milyonu sığortalanıb, 60 milyonu yox. Bankın borcu yalnız bu puldan ibarət deyil axı. Həmin o bankda şirkətlərin də pulu var. Yəni söhbət 800 milyona qədər puldan gedir. Maliyyə Nazirliyi ilə Palata fikirləşdi ki, yaxşı, indi bu 800 milyonu versək, sabah bankın verdiyi kreditlər qayıtmır və o pulların aqibəti necə olacaq? Buna görə də bankın ləğvinə getdilər. 
 
Çünki bank ləğv olununca, yalnız dövlətin üzərində məsuliyyət 460 milyonu verməkdir. Sığortalanmış əmanətləri verəcək. Bu nöqteyi-nəzərdən fikirləşdilər ki, elə bu 460 milyon manatı versinlər. Bununla da canlarını qurtarsınlar. Həm də əgər sağlamlaşdırma davam etsəydi, 800 milyon Maliyyə Nazirliyindən, dövlət büdcəsindən çıxacaqdı. İndi bank müflisdirsə, pulu Əmanətlərin Sığortalanması Fondu verməlidir. Əmanətlərin Sığortalanması Fondunun da pulu yoxdur. 

Qanuna görə, pulu Mərkəzi Bankdan götürməlidir. Bir növ, Maliyyə Nazirliyi topu ötürdü o tərəfə. Dedilər ki, bu bankın bu vəziyyətə düşməsinin əsas günahkarı kimdir? İllər boyu banka bərbad nəzarət edən, onu bu vəziyyətə salan Mərkəzi Bankdır. Ona görə də pulu o versin dedilər".