|
"Fransa Senatının "erməni soyqırımı" qanunu fiaskoya uğrayacaq"
Ötən həftə Fransa Senatı qondarma “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul edib. Ermənistan KİV-inin yaydığı xəbərə görə, bu barədə Fransada Ermənistan təşkilatlarının koordinatoru Murad Papazyan məlumat verib. Qanun layihəsinin lehinə 156, əleyhinə isə 146 səs verilib. 

Qeyd edək ki, bir neçə il öncə də Fransa Senatı belə bir qanun qəbul etmişdi və Türkiyə ilə Fransa arasında ciddi problemlər yaranmışdı. Lakin həmin qanun Fransa Konstitusiya Məhkəməsi tərəfindən insan haqlarına zidd qanun elan edilərək ləğv edilmişdi. Senatın yenidən eyni addımı atması bu baxımdan maraq doğurur. 
 
Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli öncə Fransanın Ermənistanı özünün kiçik qardaşı adlandırmasını yada saldı: “Burada çox ciddi xristian təəssübkeşliyi ilə yanaşı, Fransa millətçiliyi ilə erməni millətçiliyinin də üzvi əməkdaşlığı əyani şəkildə ortaya çıxır. Doğrudur, Fransada 600 min nəfərə yaxın erməni var, bunların bir çoxu potensial seçicilərdir. Amma qeyd olunan addımları Fransada təkcə seçici qazanmaq naminə etmirlər. Fransa ənənəvi olaraq antitürk mövqeyində dayanan bir ölkə olub, indi də belədir: Elə bu antitürk mövqeyi Qarabağ məsələsinə münasibətdə də özünü göstərir. Məsələn, Dağlıq Qarabağ məsələsində və qondarma ”erməni soyqırımı" məsələsində tarixi faktlara əsaslanmadan siyasi qərarlar verə bilirlər. Amma Dağlıq Qarabağda Xocalı soyqırımı müasir dövrdə həyata keçirilən ən qəddar qətliamlardan biridir. Fransanın buna reaksiyası demək olar ki, Fransanın demokratik dəyərləri səviyyəsində və yaxud ermənilərə olan münasibətlərin heç olmasa cüzi hissəsi səviyyəsində deyil".
 
Politoloq qeyd etdi ki, Fransa tarixən özü müstəmləkəçi bir dövlət olub: “O, müstəmləkələrindən bir neçəsində-Tunisdə, Mərakeşdə qanlı soyqırımlar həyata keçirib. Məsələn, Tunisdə Fransaya qarşı milli-azadlıq hərəkatına qalxmış insanların 600 min nəfərindən çoxunu Fransa qətlə yetirib. Mərakeşdə də buna bənzər qətliamı Fransa həyata keçirib. Yəni əli qana batmış bir ölkənin, sözün əsl mənasında soyqırımı törətmiş bir dövlətin, bir millətin indi ”soyqırımı" hadisələrinə siyasi qiymət vermək cəsarətində bulunması gülünc doğurur. Fransa “erməni soyqırımı”nı pisləyən qanun qəbul edib, sonra daha uzağa gedərək “erməni soyqırımı”nı qəbul etməyənlərin cəzalandırılması haqqında qanunu qəbul edib. Bu, əslində demokratik dəyərlərə, fikir azadlığına qarşı elan edilmiş bir müharibə idi. Çox düzgün olaraq Fransa Konstitusiya Məhkəməsi Senatın qəbul etdiyi bu üzdəniraq qanunu ləğv etdi. O zaman bu qanunun ləğv edilməsində Azərbaycanın da kifayət qədər fəaliyyəti rol oynamışdı. Azərbaycan Fransa ilə münasibətlərindən istifadə edərək həmin qanunun ləğvində əhəmiyyətli rol oynadı. Hollandiyada isə hazırda belə bir qanun qüvvədədir. Türkiyə Fəhlə Partiyasının sədri Doğu Perincək Hollandiyada bir toplantıda açıq surətdə bəyan etdi ki, ermənilərə qarşı heç bir soyqırım törədilməyib, Osmalı İmperiyasına qarşı xəyanətlər edən bir xalq dövlətin bir ərazisindən, başqa bir ərazisinə köçürülüb və bu addım qanuni olub. O zaman Perincəyə qarşı cinayət işi qaldırdılar. Doğu Perincək də Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdi. Təxminən iki il çəkən məhkəmə proseslərinin sonunda Avropa İnsan Haqları Məhkəməsi Doğu Perincəyi haqlı çıxardı və Hollandiyanın qəbul etdiyi qərarın insan haqlarına zidd olduğu bəyan edildi. Avropa Məhkəməsinin bu qərarı “Erməni soyqırımı” haqda qəbul edilən qanun və qərarların fiaskoya uğramasının bariz bir nümunəsi idi". 
 
Q.Hüseynli hesab edir ki, Türkiyə şübhəsiz ki, yenə də öz etirazını bildirəcək və bu qərarın da taleyinin əvvəlki kimi olmasına çalışacaq: “Azərbaycanın da məsələyə ciddi müdaxiləsinə ehtiyac var. Azərbaycanın Fransaya təsir etmək imkanları daha böyükdür. Fransa ilə münasibətlərdən istifadə edərək qanunun yenə də Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilməsinə nail olmaq lazımdır. Zənnimcə, Hollandiya özünü gülünc vəziyyətinə qoyduğu kimi, Fransa da bu addımı ilə özünü gülünc vəziyyətinə qoyacaq. Beynəlxalq hüquq normalarına, insan haqlarına zidd qərarını Fransa ləğv etməsə, bu ölkənin demokratiyadan, insan haqlarından danışmağa, kimlərəsə bu istiqamətdə dərs keçməyə mənəvi haqqı olmayacaq. Mən qəbul olunan üzdəniraq qərarın da aqibətinin bundan əvvəlkinin aqibətini yaşayacağına ümid edirəm. Doğu Perincək və ya onun kimi birisi meydana çıxacaq, Fransada bir toplantıda erməni soyqırımının olmadığını bəyan edəcək, bundan sonra onun haqqında cinayət işi açılsa, o da Avropa Məhkəməsinə şikayət edəcək, Avropa Məhkəməsi də Hollandiya məsələsində olduğu kimi, qərar çıxaracaq, bununla da Fransa Senatının ”Erməni soyqırımı" barədə qərarı fiaskoya uğrayacaq". 
musavat