|
Mosulda əməliyyatlara başlandı, İŞİD-in sonu çatır?
İraq və ABŞ hərbi qüvvələri dünən İŞİD-in nəzarətində olan Mosul şəhərinin şərq hissəsinə intensiv artilleriya zərbələri endirməyə başlayıb. Bu barədə “Sputnik” agentliyi məlumat yayıb. Məlumata görə, zərbələr həlledici əməliyyata başlanmazdan öncə müəyyənləşdirilmiş hədəflərin məhv edilməsi məqsədi ilə endirilir. 

Mənbə əraziyə koalisiyaya məxsus gücləndirilmiş aviasiyanın cəlb olunduğunu da qeyd edib. Həmçinin bildirilir ki, İraq Hərbi Hava Qüvvələri Mosula hücumla bağlı sakinləri xəbərdar etmək üçün şəhərə minlərlə vərəqə atıb. Qırıcı təyyarələrdən atılan vərəqələrdə qeyd edilib ki, Mosulun azad edilməsinə, regionda təhlükəsizliyin və sabitliyin bərqərar edilməsinə hazırlıq aparılır. Mosul sakinlərindən evlərini tərk etməmək, qapı və pəncərələri bağlamaq, İŞİD terror təşkilatının mövqelərinə yaxınlaşmamaq xahiş edilib. 

O da bildirilir ki, Türkiyə hərbçiləri yerüstü əməliyyatlarda iştirak etmirlər. Lakin əməliyyatların başladığı bölgədə “Ninova gözətçiləri” qrupuna təlim keçən türk əsgərləri də var. İlkin mərhələdə olmasa da, sonra onların da əməliyyatlara qatılacaqları deyilir. 
Türkiyə hökumətindən verilən açıqlamaya görə, əməliyyatlarda şiə silahlıları iştirak etməyəcək. Məlumata görə, Türkiyənin ABŞ-a “məshəb müharibəsi ola bilər” xəbərdarlığından sonra Vaşinqton geri addım atıb. Bəs bu hadisələrin Türkiyə üçün hansı əhəmiyyəti var? Mosul azad edilə bilərmi?
 
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Əhəd Məmmədli bildirdi ki, ümumiyyətlə, bu proseslər Türkiyənin Suriya və İraqa müdaxiləsindən sonra başlayıb: “Bundan əvvəl İŞİD məğlubedilməz bir qüvvə kimi təqdim olunurdu. Obama çıxışları zamanı bu barədə fikirlər səsləndirirdi. Ancaq Türkiyə bu ərazilərə daxil olub, İŞİD-dən bir-bir şəhərləri azad etdikdən sonra məlum oldu ki, bu, heç də məğlubedilməz qüvvə deyil və bununla asanlıqla bacarmaq olar. Nəticə olaraq Türkiyənin əsasən də İraq  və Suriyaya tam nəzarət təhlükəsini görüb, Qərb koalisiyası İŞİD-ə qarşı mübarizəyə qərar verdilər. Mosulun azad olunması, təbii ki, mümkündür.  Ancaq Mosul, bəlli olduğu kimi, böyük şəhərdir və İŞİD-in de-fakto paytaxtıdır. Həmçinin onların bütün iqtisadi mənbələri Mosulla bağlıdır. Bu baxımdan İŞİD Mosul uğrunda vuruşacaq. Şəhərdə döyüş üçün xüsusi təyinatlılar lazımdır. Bombardman etməklə şəhəri almaq mümkün deyil. Bunu biz Hələbdə döyüşlər zamanı da müşahidə etdik ki, təkcə təyyarələr vasitəsi ilə bombardman etməklə, oranı əldə etmək mümkün olmadı. Xüsusi təyinatlıların Mosula daxil olması isə böyük itkilərə səbəb olacaq. Ancaq bu problemi həll etmək lazımdır. Zamanında həll edilmədiyi üçün, indi məcburən böyük itkilər hesabına da olsa, bunu etmək labüddür. Türkiyə prezidenti də çıxışı zamanı bildirib ki, istənilən halda Mosulun azad edilməsində Türkiyə xüsusi qüvvələri iştirak edəcəklər”.
 
Ə. Məmmədli bildirib ki, bu,  Türkiyə üçün müsbət haldır: “İŞİD-in tam məhv olması, Türkiyənin bir terror təşkilatından öz ərazilərinin təhlükəsizliyinin təminatına səbəb olacaq. Eyni zamanda bu hal Türkiyə üçün YPK və PKK-nın tam məhv edilməsi üçün yeni şəraitlər yarada bilər. Türkiyənin hədəfi sərhədini tampon bölgəsi ilə qorumaqdır. Buna doğru addımlayırlar. Qərb koalisiyası sadəcə olaraq çox qorxur ki, Türkiyə İŞİD-i təkbaşına məhv etməklə həmin ərazilərə nəzarəti həyata keçirə bilər. Bu səbəbdən məcbur qalıb, İŞİD-ə qarşı hərbi əməliyyata başladılar. Təbii ki, Türkiyənin ərazidə təkbaşına hakim olması, ABŞ və onun müttəfiqlərinin mənafelərinə uyğun deyil. Doğrudur, ABŞ elə fövqəladə gücdür ki, hər işə ortaqdır. Ancaq bir var ki, ABŞ İŞİD-in nəzarətində olan ərazilərin hamısına hakim olması, bir də var artıq faktiki olaraq həmin ərazilərin bir qismi Türkiyənin və onların dəstəklədikləri müxalifət qüvvələrinin əlinə keçməsi. Ona görə də Mosul ABŞ tərəfindən azad edilsə belə, bu ərazilər tam olaraq, ABŞ-ın nəzarətində olmayacaq”.
 
Politoloq həmçinin qeyd edib ki, Mosul azad ediləcəyi təqdirdə İŞİD-ə çox ciddi zərbə dəyəcək: “Təbii ki, onlar çalışacaqlar digər ərəb ölkələrində terror aksiyaları etsinlər. Bu gün tək bir nəfər terror etməklə Avropanı İŞİD-in adı ilə lərzəyə gətirə bilir. İndi də çalışacaqlar öz adlarından bu kimi məqsədlər üçün istifadə etsinlər. Ancaq artıq İŞİD-in elə adı qalacaq, özü yox. İŞİD-in Suriyada məhvi, növbəti mərhələdə Əsəd rejiminin məhvinə səbəb olacaq. Çünki Əsəd məhv olmaqdaydı, birdən-birə İŞİD-in bu ərazilərdə peyda olması, onun xilasına səbəb oldu. Bu hadisələrdən sonra qeyd etdiyimiz kimi, Avropada terror hadisələrinin sayının artmasına səbəb ola bilər. Bu- terrorla savaşdır, Qərb dövlətləri  bunu gözə almalıdırlar. Azərbaycana gəlincə isə hesab edirəm ki, təhlükə bizim üçün o qədər də aktual deyil. Çünki onlar üçün bu, beşinci, altıncı mərhələdədir. Hazırda ölüm-dirim savaşının getdiyi bir zamanda Azərbaycanda hər hansı bir terror törətmək real görünmür”.
cia.az