ABŞ və Rusiya arasında gərginlik pik həddə çatıb. Hətta Putin nüvə təyyarələrini Amerika sərhədlərinə göndərib. Bu gərginlik 3-cü Dünya müharibəsi ilə nəticələnə bilərmi, yoxsa Ağ Ev Rusiyanı “məxməri yolla” parçalamağa üstünlük verəcək?
“Dünyada təhlükəsizlik şəraitinin kəskin pisləşdiyini və Karib böhranından da təhlükəli fazaya daxil olduğunu deyənlər səhv etmirlər. Çünki Suriya münaqişəsi olmasaydı belə, Rusiya və Amerika arasındakı hegemonluq uğrunda mübarizə nüvə qarşıdurmasına doğru inkişaf edəcəkdi”.
Deputat Zahid Oruc bu fikirləri Rusiya və Qərb arasında yaranmış təhlükəli durumu “Yeni Müsavat”a şərh edərkən bildirdi. Son zamanlar hətta nüvə təhdidlərinin səslənməsi, “soyuq müharibə” illərində müşahidə olan hadisələrin yenidən yaşanması ilə əlaqədar danışarkən Z.Oruc əvvəlcə hadisələrin qısa xronikasına baxmağı zəruri saydı:“Qorbaçov SSRİ adlı imperiyanın süqutuna razılıq verəndə Qərb Rusiyanın gələcək varlığını təhdid etməyəciyi öhdəliyini götürmüşdü. Lakin soyuq müharibənin qalibi olmaq sindromu NATO-nun sürətlə genişlənməsinə, daha çox əraziləri əhatə etmək iştahasına səbəb olur. Əslində Yaxın Şərq və Ukrayna ənənəvi olaraq sovetlər birliyinin təsir dairəsi hesab olunurdu. Kiminsə İslam xilafəti qurmaq planını bir kənara qoysaq, Vaşinqton və Moskvanın dünyaya əzələ nümayiş etdirmək istəməsi 80-ci illərdə Əfqanıstandakı müharibələrin buraya daşınması demək olacaqdı. Ona görə də Rusiya Suriyaya hava hücumundan müdafiə sistemlərini göndərəndə Əsədi edamdan qorumaqdan daha çox öz təhlükəsizliyinin qayğısına qaldığını gizlətmirdi. Axı reallıqda NATO Polşa və Çexiyada guya İranın ballistik raketlərini tutmaq üçün gətirib orada böyük hərbi bazalar qurub; Baltikyanı ölkələrdə 4000-dən artıq Atlantik əsgərini yerləşdirib, Qara dənizdə hərbi donanmasını genişmiqyaslı əməliyyatlarını keçirib, Gürcüstana Amerika tankını gətirib və sair”.
Z.Oruc Kremlin əzələ nümayişinin də əsaslarının olduğu qənaətindədir: “NATO infrastrukturunu öz sərhədlərinin qırağında görən ruslar da beynəlxalq aləmə çağırış göndərib deyirlər ki, iqtisadi zəiflik, xalqın demoqrafik ölümü və ya beyin axını göstəriciləri ilə aşağı yerə qoyduğunuz Rusiya hərbi cəhətdən güclüdür və dünyanın yenidən bölüşdürülməsində paya sahibi olmağa iddialıdır. Putin dünyada anti-Amerika əleyhdarlarını sonadək təşkilatlandıra bilməsə də, o, İslam dünyasından latın Amerikasınadək böyük bir məkanda nüfuz qazanmaqda davam edir. Moskva Belorusdan Çinədək uzanan və iki qitəni əhatə edən Avrasiyada hegemon bir güc olduğunu göstərməyə çalışır. Bu mənada başqa silahın gedib Amerikaya çatmadığını nəzərə alıb, onlar plutoniumun-nüvə silahının əsas maddəsinin zərərsizləşdirilməsi proqramından çıxdıqlarını bəyan etdilər. Ona görə də indi Qərb mediası bütün ölkələri Rusiya ilə qorxudur, sanksiyaların dərinləşdirilməsi ideyasına yeni tərəfdarlar qazanmağa çalışır. Və nəinki yaxın Şərqin, eləcə də Avropanın hava məkanını, siyasi və iqtisadi həyatını rusların üzünə bağlamağa çalışır. Halbuki Polşa da daxil, digər dövlətlərin təhlükəsizliyi sovet zamanında olduğu kimi, Vaşinqton və Moskva arasındakı konfrontasiyanın girovuna çevrilib. Nüvə təhlükəsindən danışanda hər kəs rusları hədəf göstərir. Bəs ötən həftə yeni raketlərini sınaqdan çıxaran Birləşmiş Ştatlardan niyə danışmırlar? Hər halda, Putin gedib Meksikada Obamaya meydan oxumur. Ona görə də Qərb dünyadakı avantürist bir siyasəti hədəf etməsilə gəlib belə bir reallığa dirənib. İranı atom bombasından uzaq tutmaq üçün onu İslam inqilabına görə 30 ildir sanksiya rejimində boğanlar birdən ayılıb, dini hakimiyyəti demokratik elan ediblər və hamını faşist Rusiyasına qarşı birləşməyə dəvət edirlər. Lakin indi nüvə dilində danışanlar fərqində deyillər ki, yüz minlərlə insanın qətlinə səbəb olan bu qlobal qarşıdurma və gərginliyin getdikcə artması tendensiyası terror qruplarının imkanlarını genişləndirir və İslam xilafəti olmasa da, başqa ekstremist qüvvələrin kütləvi qırğın silahı hazırlayan texnologiyaları ələ keçirmək şansını artırır”.
musavat
