Azərbaycanda valyuta hərraclarının nəticələri ilə bağlı ətraflı məlumatların verilməsi dayandırılıb. Belə ki, Azərbaycan Mərkəzi Bankı əvvəlki günlərdən fərqli olaraq, oktyabrın 11-də keçirdiyi valyuta hərracında satılan vəsaitin həcmini açıqlamayıb. Bu barədə Dövlət Neft Fondu da məlumat yaymayıb.
Mərkəzi Bankdan isə bildirilib ki, bu yenilik hərracların keçirilməsi qaydalarındakı dəyişikliklə bağlıdır. Belə ki, bundan sonra hərraca çıxarılan və satılan vəsaitlərin məbləğləri hər ayın sonunda açıqlanacaq.
Xatırladaq ki, dünən Mərkəzi Bank Dövlət Neft Fondu ilə birgə növbəti ikitərəfli valyuta hərracı keçirib. Hərracda ABŞ dollarının son məzənnəsi 1,5986 manat müəyyən olunub. Hərracda dollara tələbatın nə qədər olduğu və satılan dollar kütləsi barədə məlumatlar isə açıqlanmayıb.
Bunun valyuta bazarına, manatın məzənnəsinə necə təsir edəcəyinə gəlincə, iqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu dəyişiklik manatın güclənməsinə səbəb ola bilər:“Burada məntiq aydındır. Mərkəzi Bank valyuta hərraclarının keçirilməsi ilə bağlı yeni qaydalar müəyyənləşdirdi. Həmin qaydalara əsasən keçirilən hərraclara çıxarılacaq valyutanın həcmi ilə bağlı əvvəlcədən məlumatlar açıqlanmayacaq. Çünki bildiyimiz kimi, sentyabr ayının 9-da Mərkəzi Bank dövriyyəyə 300 milyon vəsait buraxdı. Bunun 100 milyonu Mərkəzi Bankın, 200 milyon manatı Neft Fondunda olmaq şərti ilə. Bundan sonra trend manatın xeyrinə dəyişdi.
Bu onu göstərdi ki, bir neçə gün əvvəl valyuta bazarlarında yaşanan panika və banklar tərəfindən ortaya sürülən 900 milyonluq tələb əslində süni tələbdir. Bizim müşahidələrimiz və banklarla apardığımız müzakirələr də onu göstərdi ki, bir çox hallarda bankların daha yüksək rəqəmli tələblə çıxış etməsinin əsas səbəbi heç də dollara tələbatın çox olması deyil. Banklarda məlumat olurdu ki, bu gün valyuta bazarına məsələn 100 milyon vəsait çıxarılacaq. Hərraclarda adətən 22-23, bəzən 27 bank iştirak edirdi. Banklar üçün düşən pay kifayət qədər az olurdu. Burada valyuta satılarkən bölgü tələbin üzərində qurulurdu, tələbi çox olanlara üstünlük verilirdi. Bu da son nəticədə tələb yarışına gətirib çıxarırdı, banklar süni formada tələbi artırırdılar. Bu, mətbuat tərəfindən ictimailəşdirildi və bazarda panikaya gətirib çıxarırdı. Nəticədə qara bazarlarda manat 1 ABŞ dolları üçün 2 manat səviyyəsinə qədər ucuzlaşdı".
Ekspertin sözlərinə görə, belə halların olmaması, valyuta bazarlarının liberallaşdırılması məqsədilə bu hərraclar haqqında məlumatların açıqlanmaması məqsədəuyğundur: “Belə ki, hərraclara çıxarılan vəsaitin məbləğinin açıqlanmaması əslində real tələbin müəyyənləşdirilməsinə zəmin yaradan məqamlardandır. Bu da manatın məzənnəsinə müsbət təsir göstərir. Belə ki, hər hansı təklifin olmaması faktiki olaraq, hərracda iştirak edən tərəflərin daha real tələblə çıxış etməsinə gətirib çıxarır. Bunun nəticəsidir ki, son dövrlər hərrac qaydalarının dəyişdirilməsinə baxmayaraq manatın möhkəmlənməsi davam edir”.
Rəşad Həsənov onu da qeyd etdi ki, növbəti ildən manatın məzənnəsinin sırf bazardakı tələb-təklif əsasında formalaşacağı ehtimalı böyükdür: “Bizdə hazırda məlumat yoxdur ki, manat hansı şərtlər daxilində möhkəmlənir. Bu Mərkəzi Bank və ya Neft Fondu tərəfindən təklif olunan valyutanın həcminin artırılması hesabına baş verir, yoxsa yeni qaydalarla bazarda çıxış edən kommersiya bankları bazara əlavə vəsait çıxarır, bəlli deyil. Görünən odur ki, hazırda valyuta bazarı kifayət qədər kiçikdir. Artıq dollarlaşma prosesi ölkədə ən yüksək səviyyədə gedib. İndi dollarlaşma prosesi səngiyir. Banklar manatla kredit vermir. Belə bir şəraitdə hərracda dollar tələbi ilə çıxış edənlərin də əlində manat yoxdur. Bu mənada görünən odur ki, hələlik situasiya bir müddət manatın xeyrinə işləyəcək. Yeni qaydalarda informasiyanın açıqlanmaması əslində valyuta bazarlarının yeni oyun qaydaları, daha liberal qaydalarla fəaliyyət göstərməsinə gətirib çıxaracaq. Son dövrlər atılan addımlar ölkədə liberal məzənnə siyasətinə keçidə zəmin yaradılmasını təmin edən gedişlərdir. Ola bilsin ki, 2017-ci ildə manatın məzənnəsi tamamilə valyuta hərraclarının nəticəsi olaraq ortaya çıxsın və bazardakı tələb-təklif əsasında formalaşsın. Rezervlərin azalması və imkanların tükənməsi də dövlət sektorunun bu bazarda inhisarını, iştirak imkanlarını məhdudlaşdıran amillərdən biridir. Atılan addımlar da məhz buna hesablanıb”.
Cia.az
