Bu günlərdə dünya xəbərlərində diqqət çəkən bir xəbər yayıldı. Məlum oldu ki, Hollandiyada sağlam adamlara da evtanaziya üçün icazə veriləcək. Artıq hakimiyyət bununla bağlı müvafiq qanunvericilik aktı hazırlamağı planlaşdırır. Qanun layihəsi 2017-ci ilin sonlarına yaxın qəbul oluna bilər. Qeyd olunur ki, sənədin hazırlanması prosesinə həkimlər, ekspertlər və etika sahəsi üzrə mütəxəssislər dəvət olunacaq.
Xatırladaq ki, Hollandiya aktiv evtanaziyanı 2002-ci ildə leqallaşdırıb. Bu qanuna əsasən, evtanaziya hüququndan qarşısıalınmaz ağrı çəkən və sağalmağa ümidi olmayan insanlar istifadə edə bilər...
Bugünlərdə Azərbaycanda yaşlı insanın intiharı faktı bu mövzunu bizim üçün də aktual etdi. Azərbaycan insanı düşdüyü borc girdabı, ya mənəvi iztirabın sonunda həyatına son qoyur. Evtanaziya, ya intihar? Aradakı kiçik fərq nədir? Öncə ondan başlayaq ki, Hollandiyada eftanaziyaya verilən tərif aşağıdakı kimidir: “Bu və ya digər şəxsin öz istəyi ilə həyatına son qoymaq qərarı və həmin qərarın bu işdə maraqlı olmayan şəxs tərəfindən yerinə yetirilməsi evtanaziya adlanır”. Yunan dilindən tərcümədə isə bu söz “gözəl ölüm” deməkdir. Bu söz ilk dəfə XVII yüzillikdə F.Beykon tərəfindən işlənib. O, bu sözü “yüngül ölüm” mənasında işlədib, XIX əsrdə isə “kimisə mərhəmətdən öldürmə” mənasını daşımağa başlayıb.
Evtanaziya dedikdə insanın ağlına Yaponiyada xarakiri gəlir. Çünki bu ölkədə özünüöldürmə samuray ənənəsinin zəruri tərkib hissəsi kimi ortaya çıxıb. Üstəlik, dərhal başa çatan ölümü və ya canverməni iştirakçılar da müşahidə edirdilər. Yaponiyada “xarakiri” (“qarnıcırma”) özünəqəsdin bir forması olsa da, bu, həmin xalqın tarixi-mədəni ənənələrinin simvolu hesab edilir. Bu qəsdin mahiyyətində isə düşmənin əlinə sağ keçməmək və şərəfli ölüm durur. Evtanaziya ilk dəfə 1984-cü ildə Niderlandda leqallaşdırılıb. Dünyadakı ilk belə xidmət göstərən klinika da məhz Hollandiyada açılıb.
Ən firavan ölkələrdə evtanaziya “fırtınası”
Dünyanın bir neçə ölkəsində insanların həyatı könüllü tərk etməsinə icazə verilir. Birinci məkan Fələstindir. Burada könüllü ölməyin çox sadə və çeşidli yolları var ki, hamısına da “sionist işğalçılarına qarşı şəhadət” deyilir: şəhid olmaq istəyən kəs ölümü könüllü seçir, sonra da israillilərə maksimum ziyan vurmaq ıçın özünü partladır. İkinci məkan Hollandiyadır ki, burada ağır xəstə olan insanların ölüm seçmələri qanunla rəsmiləşdirilib. Üçüncü məkan ABŞ-ın Oreqona, Vaşinqton, Oregon, Montana və Vermond ştatıdır. Dördüncü ölkə Hollandiya sayılır. Belçika parlamenti evtanaziya qanununa dəyişiklik edərək onun uşaqlara da şamil olunmasına icazə verib. Qeyd edək ki, Belçika dünyada belə bir qanun qəbul edən ilk ölkədir.
Evtanaziya yolu ilə həyatları ilə vidalaşan isveçrəlilərin sayı 1998-ci illə müqayisədə 7 dəfə artıb. İsveçrənin Federal Statistika İdarəsinin məlumatına görə, ölüm istəyində olanların 90 faizi əsasən yaşı 55-dən yuxarı olanlardır. 44 faiz halda könüllü ölüm xərçəng xəstəliyi ilə bağlıdır. Eləcə də ürək-damar xəstələri də bu sıraya daxildir.
Biri parti verib, sonra evtanaziya etdirib, o biri isə...
Evtanaziyadan danışıb, bu qəribə hekayələri yada salmamaq olmaz. Betsi Devis ABŞ-ın Kaliforniya ştatında evtanaziya vasitəsilə həyatına könüllü son qoymağa razılaşmış ilk şəxsdir. Ölümcül xəstə olan qadın ailə üzvləri, ən yaxın rəfiqələri və dostları, qohumları üçün vida qonaqlığı təşkil etmişdi. İki gün davam edən partiyə 30 nəfər qatılmışdı. Lui Qeriq sindromu kimi tanınan yan amiotrofik skleroz xəstəsi olan qadın 2013-cü ildə müayinədən keçərkən bu qorxunc diaqnozla qarşılaşmışdı. Rəssam Betsi Devis üç il idi ki, əlil arabasına məhkum idi.
İyulun əvvəllərində Betsi Devis ən yaxın rəfiqələrinə, dostlarına və qohumlarına elektron poçtla məktub yollayaraq yazmışdı: “Sizi ikigünlük əyləncəyə dəvət edirəm. Bu parti indiyədək qatıldığınız bütün əyləncələrdən fərqli olduğu üçün səbr, emosional dəyanət, səmimiyyət tələb edir. Sizi ölümümün əyləncəsinə dəvət edirəm”. İki gün davam edən partidən sonra onu yataq otağına aparıblar. Burada Betsi Devisə morfin, fenobartial və xloralhidrat qarışığından ibarət inyeksiya edilib, 4 saat sonra isə gözlərini əbədi yumub.
Dünyada uşaqlara evtanaziya haqqı verən yeganə ölkə kimi Belçikada isə ilk dəfə yetkinlik yaşına çatmayan vətəndaşın evtanaziya ilə həyatına son verilib. Sağalmaz xəstəliyi olan və yaşı bildirilməyən uşağa bir həftə içində evtanaziya tətbiq olunub. Belçika mediasında yayılan məlumatlara görə, evtanaziya tətbiq olunan uşağın sənədləri gizli şəkildə Federal Evtanaziya Nəzarət və Qiymətləndirmə Komitəsinə göndərilib. Komitə sədri Professor Vim Distelmans uşağın sağalmaz bir xəstəliyi olduğunu təsdiqləyib və bildirib ki, evtanaziya üsulu uşaqlarda yalnız çox ümidsiz hallarda etibarlı olan bir variantdır: “Sevindirici haldır ki, bu vəziyyətdə çox az uşaq var. Bu qanun uşaqlara şərəfli ölüm haqqını verir. Lakin qanuna görə, uşaq dəfələrlə evtanaziya istəyərsə və valideynləri lazımlı qanuni icazəni verərsə, tətbiq olunur”.
Xəstəxanada yer olmayanda da evtanaziya ediblər
Evtanaziyanın müxtəlif formaları var. Passiv evtanaziya müxtəlif şərtlər altında qanuni olduğu halda, aktiv evtanaziya bir çox ölkədə qadağandır. Passiv evtanaziya dedikdə, öldürücü yoluxucu xəstəliyi olan birinin müalicə edilmədən passiv olaraq ölümünə gətirilib çıxarılması deməkdir.
Braziliyanın Kuritiba şəhərində intensiv terapiya xəstəxanasının baş həkimi Soareş de Souzanın ən azı, 7 nəfərin ölümündə günahkar olmasından sonra bu fakt cəmiyyətə açıqlanmışdı. İttiham olunanlar arasında Souza ilə yanaşı, daha 3 həkim, 3 tibb bacısı və fizioterapevt olub. Onlar kritik vəziyyətdə xəstəxanaya gətirilən pasiyentlərə evtanaziya tətbiq ediblər. Xəstəxanadakı vəziyyətlə bağlı polisə çoxdan məlumat verildiyi bildirilir. Hətta 2012-ci ilin dekabrında xəstələrdən biri evə yazdığı məktubda onu xəstəxanada öldürmək istədiklərini və evə aparılmasını xahiş edib. Həkimin içdiyi Hippokrat andını niyə pozduğu məlum deyil. Belə bir versiya da var ki, o, bəzi pasiyentləri xəstəxanada yer boşaltmaq üçün öldürüb. Əgər onun bu cinayəti sübuta yetirilsə, 2004-cü ildə 15 pasiyenti öldürmüş və daha 240 nəfəri öldürdüyü güman olunan britaniyalı həkim Harold Şipmanı arxada qoyacaq.
Azərbaycanda vəziyyət.... qırmızı işıq...
Azərbaycanda isə evtanaziya qanunla qadağandır. “Pasiyentin hüquqları haqqında” Qanun layihəsində tibb işçilərinin ölümü tezləşdirmək haqqında (evtanaziya) pasiyentin özünü, onun qohumlarını və ya maraqlarını təmsil edən şəxslərin xahişini yerinə yetirməsi qadağan olunur. Yeni qanuna əsasən, beyin ölümü faktının konstatasiyası zamanı pasiyentin həyatının saxlanılması vasitələrinin kəsilməsi haqqında qərar yazılı surətdə həkim məsləhət komissiyası tərəfindən qəbul edilir. Qanunda həmçinin qeyd olunub ki, transplantasiya məqsədilə orqan və (və ya) toxumalar çıxarılarkən həyatın saxlanılması vasitələrinin kəsilməsi haqqında qərarın qəbuluna transplantoloqların və donor xidmətinin işini təmin edən və maliyyələşdirən şəxslərin cəlb edilməsinə yol verilmir.
Lakin dində bununla bağlı nadir hallarda istisna hal da var. Məsələn, əgər hər hansı xüsusi vəziyyət yaranarsa, yəni ağır sağalmaz xəstənin xəstəliyini başqalarına yoluxdurmaq riski varsa, istisna kimi bu addımı atmaq olar. Amma ekspetlərin fikrincə, bunun kütləvi hal kimi yayılmasına qətiyyən yol vermək olmaz.
Evtanaziyanı bir çox hallarda intiharla bərabərləşdirirlər. Bu halda evtanaziya da intihar kimi haram sayılır. İntihar etmək haram olduğu kimi bir şəxsin özünün öldürülməsini tələb etməsi və belə bir tələbi yerinə yetirmək də haramdır. Evtanaziyaya hər necə don geyindirilsə belə, bu, intihar sayılır. Dini ekspertlərə görə, xəstə insanı bu cür öldürənlərlə sağlam bir insanı öldürmək arasına heç bir fərq yoxdur. “Xəstəlik, çətinlik və acı hadisələr insanların sınanması, imtahanıdır. Quranda da ”Allah səbr edənlərlədir", - deyilir.
musavat
